“Reuters” informasiya agentliyi xəbər verir ki, Şotlandiyada tam ölçülü, özünü idarə edən sürücüsüz avtobuslar xəttə buraxılacaq. Mayın 15-dən etibarən Edinburq sakinlərinə xidmət göstərəcək bu nəqliyyat vasitələri ilkin mərhələdə 22 kilometr uzunluğunda Steygkoç-Forth Road Bridge marşrutu ilə hərəkət edəcək.
Beş ədəd birmərtəbəli avtonom avtobus həftədə təxminən 10 min sərnişin daşımaq qabiliyyətinə malik olacaq. Hazırda sürücüsüz avtobusların sınaq yürüşləri keçirilir. Onların idarəetmə panelində əvvəlcədən seçilmiş yollarda saatda 80 kilometr sürətlə hərəkət etməyə imkan verən sensorlar quraşdırılıb. Avtobuslarda texnologiyaya nəzarət edəcək təhlükəsizlik əməkdaşı oturacaq və sərnişinlərə minmək, bilet almaq və sorğularda kömək edəcək.
Böyük Britaniya hökuməti bildirib ki, sürücüsüz avtobuslar üzrə “CAVForth” layihəsi dünyada ilk tam ölçülü, özü idarə olunan ictimai avtobus xidməti olacaq. Şotlandiya hökumətinin nəqliyyat naziri Kevin Stüart jurnalistlərə müsahibəsində deyib: "Bu, bu innovativ və iddialı layihə üçün həyəcanverici bir mərhələdir və mən “CAVForth” layihəsinin gələn ay istifadəyə verilməsini səbirsizliklə gözləyirəm. Bizim magistral yol şəbəkəmiz müxtəlif sınaq meydançası kimi geniş ərazini təmin edə bilər və qlobal əhəmiyyətli bu layihə həqiqətən Şotlandiyaya dünya səhnəsində öz nüfuzunu artırmağa kömək edəcək".
Hazırda avtonom avtobuslar üçün parkın yaradılması işlərinə başlanılıb. Şotlandiya hökuməti ilin sonunadək bu nəqliyyat vasitələrinin sayını artırmağı nəzərdə tutur.