Azərbaycan Respublikasının bugünkü inkişaf səviyyəsi çoxsaylı analizlər aparmağa, nəticələr çıxarmağa imkan verir. Fikrimizcə bunlardan ən önəmlisi 27 sentyabr-8 noyabr 2020-ci il, yəni 44 günlük müharibə və bu müharibədəki möhtəşəm qələbə tariximizin, qələbələrimizin kulminasiyasıdır, hökmüdür. Bəli, bu, möhtəşəm qələbə idi. Amma həmin qələbə aysberqin görünən tərəfi idi. O mənada ki, ordumuz, ordu quruculuğumuz həmin qələbəyə qədər uzun bir yol keçmişdi. O quruculuq dediyimiz yolun startını Ulu Öndər Heydər Əliyev vermişdi.
Heç kimə sirr deyil ki, Ulu Öndər ikinci dəfə hakimiyyətə tariximizin ən ağrılı zamanında gəlmişdi. Elə bir vaxtda ki, qəhrəman bir xalq problemlər əlində aciz qalmışdı. Çoxsaylı problemlərin ən qorxulusu isə xarici müdaxilə idi. Güclü sahibləri tərəfindən üstümüzə qısqırdılmış erməni köpəkləri addım-addım ölkəmizin içərisinə doğru irəliləyirdi. Güclü orduya heç vaxt olmadığı qədər ehtiyacımız var idi. Əslində əli silah tutan igidlərimiz yetərincə idi. Amma pərakəndəlik onları əldən salmaqda idi. Silahlı qüvvələr içərisində vahid komandanlığın olmaması qəlbi vətən eşqi ilə döyünən neçə-neçə igidimizin həyatına son qoymuşdu. Ən dəhşətlisi də bu idi ki, xalq ruhdan düşməkdə, qələbəyə inamını itirməkdə idi. Heydər Əliyev bunu bütün çılpaqlığı ilə anlayırdı və məhz buradan başladı. Onun siyasi meydana atılması xalqın inamını özünə qaytardı. Ayrı-ayrı “siyasətçilərin” əlində alətə çevrilməkdə olan silahlı dəstələr qısa vaxt ərzində vahid komandanlığa tabe oldu. Bu, çox böyük hadisə idi. O səbəbdən ki, məhz bundan sonra düşmənin hücumu dayandırıldı. Ardınca isə işğal olunmuş torpaqlarımızın bir qismi geri qaytarıldı. Azğınlaşmış düşmən bundan sonra kiminlə qarşı-qarşıya dayandığını anladı və beləliklə də atəşkəs müqaviləsi bağlandı.
Ulu Öndər gözəl anlayırdı ki, bizə güclü ordu lazımdır. Güclü ordunu saxlamaq isə güclü iqtisadiyyat tələb edirdi. Həmin dövrdə bağlanmış “Əsrin müqaviləsi” adlandırdığımız neft kontraktları güclü iqtisadiyyat qurmağa zəmin yaradırdı. Əldə olunmuş gəlirlərin ordu quruculuğuna yönəldilməsi bizi ən böyük arzumuza qovuşdurdu.
Əslində Heydər Əliyev ordu quruculuğuna hələ XX əsrin 70-80-ci illərində başlamışdı. Ulu Öndər özü qeyd edir ki , C.Naxçıvanski adına Hərbi məktəb yarananda onun müdavimləri sırasında cəmi bircə nəfər azərbaycanlı var idi. Amma çox keçmişdi ki , SSRİ silahlı qüvvələrinin zabitlər üzrə milli tərkibində azərbaycanlılar sayca dördüncü yerə çıxdılar. Məhz onlar doxsanıncı illərdə ordu quruculuğuna öz əvəzsiz töhvələrini verdilər.
Ulu Öndərdən siyasi estafeti qəbul edən İlham Əliyev onun yolunu uğurla davam etdirdi. Elə bir ordu yaradıldı ki, adı gələndə düşməni titrətmə tutur. Təkcə biz bir faktı qeyd etmək olar ki, müharibədən sonra düşmən ölkənin baş naziri etiraf etdi ki, on mindən çox fərarimiz oldu. Bəli, düşmən dabanına tüpürüb döyüş meydanından qaçanda Azərbaycan oğulları hərbi komissarlıqlarda rəşadət növbəsinə dururdular .
Eşq olsun Azərbaycan ordusuna!
Eşq olsun bu ordunu quranlara!
Arzu Məmmədova
Suraxanı rayonu 226 nömrəli tam orta məktəbin direktoru