Infoteka.az
Dünya

Dünya Bankı Ukrayna enerji infrastrukturu üçün pul ayırır

Dünya Bankı Ukraynanın enerji infrastrukturunun təmirinə kömək edəcək layihə üçün 200 milyon dollar qrant maliyyəsi ayıracağını bildirib.

Bankdan verilən məlumata görə, sözügedən layihə ilə vacib avadanlıqlar tədarük ediləcək, elektrik enerjisinin ötürülməsi və istilik infrastrukturunda zəruri təcili təmir işlərinə dəstək veriləcək.

Layihə vəsaiti Ukraynaya Yardım, Bərpa, Yenidənqurma və İslahatlar Fondu tərəfindən təmin olunacaq. İşin əhatə dairəsi genişləndikcə qrantlar və digər töhfələr hesabına 300 milyon dollara qədər əlavə maliyyə vəsaiti nəzərdə tutulub.

Ukraynanın elektrik infrastrukturunun 50 faizindən çoxu payız-qış aylarında zədələnib. Bu, ölkə daxilində elektrik enerjisinin kəsilməsinə və qida, istilik və su çatışmazlığına səbəb olub.

Enerji şəbəkəsinin bərpası Ukrayna hökumətinin 2023-cü il üçün əsas prioritetidir, çünki bu, təxmin edilən ehtiyacların 11 faizini təşkil edir.

Dünya Bankı bu günə qədər Ukrayna üçün 23 milyard dollardan çox fövqəladə maliyyələşdirmə səfərbər edib ki, bunun 20 milyarddan çoxu müxtəlif layihələr arasında paylaşdırılıb.

Infoteka.az