Türk dövlətləri arasında əməkdaşlıq Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindəndir. Türk ellərinin birliyi, onları birləşdirən soykök, tarix, mədəniyyət və milli dəyərlər ölkələrin qarşılıqlı fəaliyyətinin əsasını təşkil edir. Ümumtürk birliyinin
möhkəmləndirilməsini xarici siyasətində mühüm istiqamətlərdən biri kimi müəyyənləşdirən Prezident İlham Əliyev Orta Asiyanın türkdilli dövlətləri ilə münasibətləri gücləndirməyə üstünlük verir. Azərbaycanın Qazaxıstanla münasibətlərinin inkişaf etməsi, dövlət başçımızın bir-birinin ardınca Tacikistana və Qazaxıstana səfərləri deyilənlərə əyani misaldır. Ortaq tarixə , mədəniyyətə malik olan türk dövlətləri arasında bütün sahələrdə əməkdaşlığın möhkəmlənməsi böyük perspektivlərdən xəbər verir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Qazaxıstana 10 aprel 2023-cü il tarixli səfəri böyük əhəmiyyətə malikdir. İmzalanan sənədlər də bunu təsdiq edir. Qazaxıstan və Azərbaycan prezidentləri Kasım-Jomart Tokayev və İlham Əliyev Astanada ticarət-iqtisadi, nəqliyyat, tranzit və humanitar əməkdaşlıq məsələlərini müzakirə edib və müvafiq sənədləri imzalayıblar.
Səfər çərçivəsində, aprelin 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev mətbuata bəyanatlarla çıxış ediblər.
Qazaxıstanlı həmkarı ilə mətbuata bəyanatla çıxış edən Prezident İlham Əliyev Azərbaycanla Qazaxıstan arasında müttəfiq münasibətlərinin qarşılıqlı fəaliyyətin gələcək inkişafı üçün möhkəm təməl olduğunu qeyd edib.
Qazaxıstanda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə göstərilən böyük hörmət və ehtiramı yüksək qiymətləndirən cənab Prezident Astananın mərkəzində Heydər Əliyevin adını daşıyan küçənin açılışının Ulu Öndər Heydər Əliyevin xatirəsinə, habelə bütün Azərbaycan xalqına hörmətin, dostluğun, qardaşlığın əlaməti olduğunu bildirmişdir.
Onu da qeyd etməliyik ki, Qazaxıstan Qarabağ məsələsində də Azərbaycanın yanında olub, ölkəmizin haqlı mövqeyini beynəlxalq platformalarda dəstəkləyib. Qazaxıstan Prezidentinin işğaldan azad edilmiş Füzuli şəhərində qazax xalqının böyük oğlu Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin yaradılması təşəbbüsü iki xalq arasında dostluğun rəmzidir. Bu, Mərkəz Qazaxıstanın Azərbaycana hədiyyəsidir, Azərbaycan xalqı bunu heç vaxt unutmayacaq.
Müttəfiqlik münasibətlərinin getdikcə daha da möhkəmlənməsindən və inkişaf etməsindən danışan cənab Prezident bldirmişdir ki, keçən ilin avqust ayında Qazaxıstan Prezidentinin Azərbaycana rəsmi səfəri zamanı Müttəfiqlik qarşılıqlı əlaqələrinin və strateji tərəfdaşlıq münasibətlərinin dərinləşdirilməsi haqqında Bəyannamə imzalandı. Cari ilin 10 aprel tarixində imzalanmış Bəyannamə də əlaqələrin və müttəfiqlik münasibətlərinin möhkəmlənməsinə yönəlib. Bunun əsasını ölkələrimizin qardaş xalqları arasında çoxəsrlik tarixə malik olan qarşılıqlı əlaqələr, dostluq və əməkdaşlıq təşkil edir.
Azərbaycan və Qazaxıstanın Beynəlxalq müstəvidə bir-birinə qarşılıqlı dəstək verdiyini bildirən cənab Prezident qeyd etmişdir ki, ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində fəal qarşılıqlı əlaqə saxlayır, bütün məsələlərdə bir-birini dəstəkləyir. Bu bir daha sübut edir ki, Azərbaycan-Qazaxıstan münasibətləri bundan sonra daha da sürətlə inkişaf edəcək.
Leyla Nəsibova
327 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi