Infoteka.az
İdman

Gimnastımız “AGF Trophy” turnirində daha bir alət üzrə finala vəsiqə qazanıb

Bədii gimnastımız Nuray Əhmədzadə Bakıda keçirilən üçüncü “AGF Trophy” beynəlxalq turnirində daha bir alət üzrə finala vəsiqə qazanıb.

Lent ilə yarışların təsnifat mərhələsində uğurla çıxış edən gimnastımız mərhələ adlayıb. N.Əhmədzadə ilə yanaşı, həlledici mərhələdə polşalı Liliana Levinska, Kipr idmançısı Vera Tuqolukova, israilli Lian Rona, Özbəkistan gimnastı Sofiya Usova, bolqarıstanlı Dara Malinova, moldovalı Daria Sliusarenko və Macarıstan idmançısı Boqlarka Barkoczi xalça üzərinə çıxacaqlar.

Ötən gün N.Əhmədzadə halqa ilə yarışlarda da finala vəsiqəni təmin etmişdi.

Turnirə 14 ölkədən 119 gimnast qatılıb. Azərbaycanı turnirdə 20-si fərdi (6 böyüklər, 14 gənclər), 18-i qrup hərəkətləri üzrə (1 böyüklər, 2 gənclər qrup komandası) olmaqla ümumilikdə 38 gimnast təmsil edəcək.

Bu yarış böyük gimnastlar üçün aprelin 21-23-də Bakıda keçiriləcək bədii gimnastika üzrə dünya kuboku yarışlarına sınaq xarakteri daşıyacaq.

Aprelin 16-dək davam edəcək yarışda iştirakçılar həm fərdi, həm də qrup hərəkətləri proqramında mübarizə aparacaqlar.

Qaliblər çoxnövçülük, komanda hesabı və ayrı-ayrı alətlər üzrə müəyyənləşəcək. 

Infoteka.az