Infoteka.az
Sosial

İlham Əliyev və Mehriban Əliyeva İrəvanda medal qazanmış türk idmançıları təbrik ediblər

Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatında qızıl və gümüş medallar qazanmış Türkiyə təmsilçiləri Cansu Bektaş və Qamze Altunu təbrik ediblər.

Təbrik mətnində deyilir:

“İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatında qızıl və gümüş medallar qazanmağınız münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirik.

Sizin yüksək ustalıq, əzmkarlıq və iradə nümayiş etdirərək dünya miqyasında Türkiyə bayrağını dalğalandırmağınız, İstiqlal Marşını səsləndirməyiniz bütün Azərbaycan xalqını sevindirdi.

Qələbələrinizi Azərbaycana həsr etdiyinizə görə Sizə xüsusi təşəkkür edirik. Bu, bir daha onu sübut etdi ki, Azərbaycan olmayan yerdə Türkiyə daim bizi təmsil edir və haqq işimizi dəstəkləyir. Bu, sarsılmaz Azərbaycan-Türkiyə qardaşlığının növbəti təzahürüdür.

Biz Sizinlə fəxr edir, bundan sonra da yeni-yeni qələbələr diləyirik.

Hörmətlə, 

İlham Əliyev və Mehriban Əliyeva”

Infoteka.az