Infoteka.az
Mədəniyyət

Unudulmaz mahnıların müəllifi - Qəmbər Hüseynli

16 aprel tarixi Qəmbər Hüseynlinin doğum günüdür.

Bəstəkar Qəmbər Hüseynli... Bu ad bəzilərinə tanış gəlməyə bilər... Elə isə “Cücələrim” mahnısını yada salın... Şübhəsiz ki, böyüklü-kiçikli hamının böyük zövqlə dinlədiyi “Cücələrim” mahnısını eşitməyən yoxdur...

Bəli söhbət “Cücələrim” mahnısını bəsətələyən şəxsdən gedir. Bəstəkar Qəmbər Hüseynli milli musiqi sənəti salnaməsinə yeni səhifələr yazmış sənətkarlardan biri olub. Azərbaycanın çoxəsrlik mədəni irsinin təbliğində onun özünəməxsus yeri var.

Bəstəkar Qəmbər Hüseynli 16 aprel 1916-cı ildə Gəncə şəhərinin Dördyol məhəlləsində anadan olub.

Qəmbər Hüseynlinin “Cücələrim” mahnısı dünyanın 100-dən çox xalqının dilinə tərcümə olunub. Bu mahnı “Dünyanın ən yaxşı uşaq mahnıları” albomuna daxil edilib. “Cücələrim” Sovet cizgi filmi “Nu, poqodi!”nin bir bölümünə salınıb və azərbaycan dilində səslənib.

Qəmbər 1925-ci ildə Gəncədə birinci dərəcəli məktəbdə təhsil almağa başlamışdır. O, 1927-ci ildə orta məktəbdə oxuyarkən, Gəncə orta ixtisas musiqi məktəbinin tar sinfinə daxil olub. 1929-1934-cü illərdə isə Gəncə pedaqoji texnikumunda təhsil alıb.

1932-ci ildə Şərq Simfonik Orkestri Moskvadan Gəncəyə qastrol səfərinə gəlmişdi. Konsertdən bir gün əvvəl orkestrin baş ifaçısı xəstələnir və Qəmbər Hüseynliyə onu əvəz etməyi təklif edirlər. Tanımadığı bir qrupla yalnız bir məşq edən gənc musiqiçinin çıxışı uğurlu alındı.

Qəmbər Hüseynli 1935-ci ildə Bakı Musiqi Texnikumunda violonçel ixtisasında təhsilini davam etmişdir. Daha sonra Qəmbər məktəbin bəstəkarlıq şöbəsinə keçib. Onun ilk əsəri 1939-cu ildə dramaturq Cəfər Cabbarlının sözlərinə yazdığı “Tellər oynadı” romans-mahnısı olub.

1939-cu ildə Qəmbər Hüseynli Şuşanın Musiqi Texnikumuna direktor vəzifəsinə göndərilib. O, burada bir il çalışıb, sonra yenidən Bakıya qayıdıb. Bir müddət sonra, Qəmbər “Sazçı Qızlar” ansamblının təşkilatçısı və bədii rəhbəri kimi fəaliyyətə başlayıb.

1944-ci ildə bəstəkar, Hüseyn Cavidi və Əhməd Cavadı müdafiə etdiyinə görə, sovet hakimiyyəti tərəfindən həbs edilib. Azadlığa çıxandan sonra, Qəmbər 1947-1951-ci illərdə Gəncə Dövlət Filarmoniyasına və Gəncə Dövlət Dram Teatrının musiqi hissəsinə rəhbərlik edib, teatr tamaşaları üçün musiqi yazıb. Bəstəkar 1951-1954-cü illərdə A.Zeynallı adına Bakı Musiqi Texnikumunda bəstəkarlıq şöbəsində təhsil alıb.

Qəmbər Hüseynlinin ən məhşur əsərləri “Ay işığında”, “Gecələr uzanaydı”, “İlk məhəbbət”, “Düşür yadıma”, “Gülə-gülə”, “Sən-sən” sayılır. O,1961-ci ildə Azərbaycan SSR-in “Əməkdar incəsənət xadimi” fəxri adına layiq görülüb, “Şərəf nişanı” ordeni ilə təltif edilib.

Qəmbər Hüseynlı ağır xəstəlikdən 31 iyul 1961-ci ildə (bəzi mənbələrdə 1 avqust) 45 yaşında Bakıda vəfat edib və Gəncədə dəfn edilib.

Unudulmaz mahnıların müəllifi - Qəmbər Hüseynli
Unudulmaz mahnıların müəllifi - Qəmbər Hüseynli
Infoteka.az