Infoteka.az
Mədəniyyət

Bu gün Azərbaycanın böyük sənətkarı Lütfiyar İmanovun doğum günüdür

Lütfiyar İmanov 1928-ci il aprelin 17-də Sabirabad rayonunda anadan olmuşdur. O, 1954-1957-ci illərdə Asəf Zeynallı adına Bakı Musiqi Məktəbinin vokal şöbəsində, 1962-1968-ci illərdə Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin teatrşünaslıq fakültəsində təhsil almışdır. Lütfiyar İmanov 1965-ci ildə SSRİ Böyük Teatrında və 1975-ci ildə İtaliyada “La Skala” teatrında təcrübə keçmişdir.

Lütfiyar İmanov əmək fəaliyyətinə hələ gənc yaşlarında ikən, 1943-cü ildə Sabirabad şəhər Dövlət Dram Teatrının aktyoru kimi başlamışdır. O, 1948-ci ildən Sabirabad şəhər Mədəniyyət evində bədii rəhbər işləmişdir. Lütfiyar İmanov 1954-1956-cı illərdə Azərbaycan Televiziyası və Radiosu xorunun, 1956-1957-ci illərdə Azərbaycan Dövlət estrada orkestrinin solisti olmuş, 1956-1959-cu illərdə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında çalışmışdır. O, 1958-ci ildən ömrünün sonuna qədər Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti kimi fəaliyyət göstərmişdir. 1987-1991-ci illərdə Lütfiyar İmanov Azərbaycan Teatr Xadimləri İttifaqının sədri vəzifəsində işləmişdir.

Müasir Azərbaycan mədəniyyətinin görkəmli nümayəndəsi Lütfiyar İmanov milli musiqinin inkişafında müstəsna xidmətləri olan sənətkarlarımızdandır. Onun klassik opera sənəti və xalq musiqisinin vəhdətindən bəhrələnən yüksək ifaçılıq məharəti Azərbaycan vokal sənəti tarixində yeni bir mərhələ təşkil edir. Lütfiyar İmanovun adı opera səhnəmizdə aparıcı partiyaların ifaçısı kimi musiqi salnaməmizə həmişəlik həkk olunmuşdur.

Ömrünün yarım əsrə yaxın bir dövrünü opera ifaçılığına həsr edən Lütfiyar İmanov musiqi mədəniyyətimizdə daim öz dəst-xətti ilə seçilən bir mədəniyyət xadimi olmuşdur. Tanınmış sənətkarın yüksək səhnə mədəniyyəti, aktyorluq məharəti və güclü səsi ona geniş repertuarla çıxış etməyə imkan vermişdir. Onun Azərbaycan və dünya klassiklərinin şah əsərlərində ifa etdiyi partiyalar, yaratdığı obrazlar öz dolğunluğu, kamilliyi və təbiiliyi ilə səciyyələnmişdir. Sənət fəaliyyəti boyu təqdirəlayiq uğurlar əldə edən Lütfiyar İmanov milli və dünya klassik opera nümunələri ilə yanaşı, müxtəlif konsert proqramlarında kamera-vokal əsərləri, romansları və xalq mahnılarını zövq və ustalıqla oxumuşdur. İfaçısı olduğu əsərlərin üslub xüsusiyyətlərini dərindən duyma və onları özünəməxsus tərzdə məharətlə çatdırma qabiliyyəti Lütfiyar İmanova musiqisevərlərin rəğbət və məhəbbətini qazandırmışdır.

Lütfiyar İmanov milli musiqinin daha da zənginləşməsi naminə hədsiz sədaqətlə çalışaraq, dərin tarixi köklərə malik Azərbaycan ifaçılıq məktəbinin inkişafı yolunda istedad və bacarığını əsirgəməmişdir. Yaradıcılığının başlıca qayəsi xalq mənəviyyatına xidmətdən ibarət olan Lütfiyar İmanov ölkəmizin hüdudlarından xeyli uzaqlarda, dünyanın ayrı-ayrı guşələrində mötəbər konsert salonlarındakı çoxsaylı çıxışları ilə Azərbaycan mədəniyyətini daim layiqincə təmsil etmiş və ona şöhrət gətirmişdir.

Lütfiyar İmanovun zəngin yaradıcılığı yeni sənətkarlar nəsli üçün əsl örnəkdir. O, uzun illər ərzində pedaqoji fəaliyyətlə məşğul olaraq, opera müğənnilərinin yetişdirilməsi işində diqqətəlayiq xidmətlər göstərmiş, ifaçılıq sənəti tarixində toplanmış zəngin təcrübənin gənc musiqiçilər nəslinə çatdırılması üçün böyük əmək sərf etmişdir.

İctimai xadim kimi də Lütfiyar İmanovun göstərdiyi fəaliyyət təqdirəlayiqdir. O, Azərbaycan Respublikası Ali Sovetinin deputatı və Azərbaycan Teatr Xadimləri İttifaqının sədri kimi Azərbaycan mədəniyyətinin tərəqqisinə layiqli töhfələr vermişdir.

Çoxşaxəli fəaliyyəti bütövlükdə sənətə sonsuz bağlılıq nümunəsi olan Lütfiyar İmanov milli musiqi mədəniyyətinin inkişafı sahəsində mühüm nailiyyətlərinə görə müstəqil Azərbaycan Respublikasının ən ali mükafatı – “İstiqlal” ordeni ilə təltif edilmişdir.

Görkəmli sənətkar, gözəl pedaqoq və təvazökar insan Lütfiyar İmanovun əziz xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.

 

 

Infoteka.az