“Türkiyə ilə normal münasibətlər qurmaq üçün böyük imkan var”.
Bunu bu gün Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə hökumət proqramının icrası ilə bağlı hesabatı təqdim edərkən deyib.
Paşinyan həmçinin insani dəyərlərdən və Türkiyə ilə barışıq şanslarından danışıb: “Türkiyədə baş verən dağıdıcı zəlzələ və Ermənistanın reaksiyası ölkələrarası münasibətlərin qurulmasına imkan yaradıb. Münasibətlərimizin normallaşmasının ehtimalı qeyri-diplomatik, qeyri-siyasi faktorlar, bəşəri dəyərlər səbəbindən artdı. Ermənistan Türkiyədə baş verən dağıdıcı zəlzələyə reaksiya vermək qərarına gəldi. Türkiyə də öz növbəsində bizim səmimiyyətimizə inanmasaydı, Marqara körpüsünü yüklərimizin keçməsi üçün açmazdı”, - o bildirib.
Ermənistanın Baş naziri ölkəsinin bu ilin fevralında Türkiyəyə bir neçə humanitar yardım göndərməsindən də danışıb: “Son 30 ildə ilk dəfə olaraq Marqara keçid məntəqəsi erməni yük maşınlarının keçməsi üçün açılıb. Mən əminəm ki, Ermənistan xarici işlər nazirinin fevral ayında Ankaraya səfəri zamanı dalğalanan bayraqlar sadəcə protokol atributları deyil, münasibətlərin normallaşmasında ümidsizliyin hökm sürdüyü yerdə ümidin yenidən doğulduğunu göstərir”.
Paşinyan ümid etdiyini bildirib ki, yaxın gələcəkdə ölkələr arasında sərhəd açılacaq, qonşu ölkələr arasında normal münasibətlərin əsası qoyulacaq və bu baxımdan, üçüncü ölkə vətəndaşlarının quru sərhədini keçməsi ilə bağlı razılaşmaların həyata keçirilməsi mühüm addım olacaq.