Infoteka.az
Mədəniyyət

Azərbaycanın görkəmli səhnə xadimi Nəsibə Zeynalovanın doğum günüdür

Nəsibə Zeynalova 20 aprel 1916-cı ildə Bakıda doğulub. Atası Cahangir Zeynalov tanınmış tacir olub, milli teatrımızın ilk peşəkar aktyorlarından biri, Azərbaycan realist aktyor məktəbinin banisidir. İlk dəfə səhnəyə 1885-ci ildə qız rolunda çıxan Cahangir Zeynalov Azərbaycan səhnəsində həmişə qadın aktrisa görmək istəyirdi. Məhz bu səbəbdən qızının aktrisa olmağını arzulayırmış.

Cahangir Zeynalovun arzusu onun vəfatdan çox sonralar çin olur. Atasını itirəndə balaca Nəsibə üç yaşındaydı. 1918-ci ilin 17 martında erməni daşnakları Bakıda qırğınlar törədəndə Cahangir Zeynalov həyat yoldaşı Hüsniyyə xanımla, körpə qızı Nəsibə ilə İrana gedir. Oktyabrın əvvəllərində ara sakitləşəndə o, ailəsi ilə birgə “Ardahan” gəmisinə minib Bakıya qayıdarkən dənizdə fırtına qopur.

Səkkiz gün dənizdə qalan gəmidə natəmizlikdən yatalaq xəstəliyi yayılır, Cahangir də həmin azara yoluxur. Bakıya çatanda xəstəliklə daha mübarizəyə gücü çatmayan Cahangir dünyasını dəyişir. Nəsibə böyüyür və atasının arzusunu gerçəkləşdirir. O, atasının bünövrəsini qoyduğu realist aktyor məktəbinin layiqli davamçısı olur.

Nəsibə Zeynalovanın oğlu, əməkdar incəsənət xadimi Cahangir Zeynalovun xatirələrindən: “1920-ci ildə sovet hakimiyyəti quruldu. Sovet hakimiyyətində diriləri yerbəyer etdikdən sonra zəngin insanları hökumətin düşməni hesab edirdilər. Cahangir Zeynalov artıq rəhmətə getmişdi. Amma söz yayılır ki, varlı insanların evlərində axtarış aparacaqlar. Məqsəd onların var-dövlətlərini ələ keçirmək idi.

Evdə Cahangir Zeynalovun proqramları, afişaları, məktubları olan sandıq var imiş. Deyir ki, qohum-əqrəbadan adamlar gəldilər, axşam onları oxuyub yandırdılar. Söydülər. Deyirdilər ki, bunlar ələ düşsə, bizi də Sibirə göndərərlər. Anam Nəsibə xanım danışırdı ki, həmin adamlar siqaret çəkmək üçün çölə çıxanda xalası qızı Leylayla sandıqdan 5-10 proqram götürməyə nail olub. İndi o proqramlar Azərbaycan Teatr Muzeyində saxlanılır.

Kaş ki, Nəsibə xanımın və Leylanın imkanı olaydı, Azərbaycan teatrı üçün mənası böyük, tariximizə faydalı olan və Cahangir Zeynalovun həyatına işıq tuta biləcək başqa kağızlardan da götürəydilər”.

Yaradıcılığının mayası gülüş və musiqi ilə yoğrulmuş Nəsibə xanım orta məktəbdən rəqqasəlik edib, milli oyun havalarının mürəkkəb və lirik incəliklərinə yiyələnib. 1932-ci ildə Rza Təhmasibin dram dərnəyinə üzv olub. 1937-ci ildə Bakıda, 1934-cü ildən mövsümi (aprel ayından oktyabr ayına kimi) fəaliyyət göstərən səyyar Kolxoz və Sovxoz Teatrında aktrisa işləməyə başlayıb. Bu teatr Bakıda truppa toplayır, özünə repertuar qurur, aprel ayından başlayaraq kənd təsərrüfatının qızğın çağında rayonlara gedib tamaşalar göstərirdi.

Bir il burada aktrisalıq edən Nəsibə xanım 4 aprel 1938-ci il-də yenicə yaranan Azərbaycan Dövlət Musiqili Komediya Teatrının (indiki Azərbaycan Dövlət Akademik Musiqili Teatr) truppasına birinci dərəcəli aktrisa götürülüb. Həmin il Bakı Teatr Məktəbinə daxil olaraq aktyorluq təhsili alıb.

Ömrünü Musiqili Komediya Teatrı ilə bağlayan aktrisa sənət ocağında klassik operettaların tamaşalarında Gülpəri, Cahan xala, Sənəm ("Ər və arvad", "Arşın mal alan" və "Məşədi İbad", Üzeyir bəy Hacıbəyov), Mələk xanım və Kələk xanım ("Əlli yaşında cavan", Zülfüqar bəy Hacıbəyov) kimi xarakterik səhnə obrazlarında çıxış edib.

Mütəxəssislər hesab edirlər ki, Nəsibə Zeynalovanın yaradıcılığının ən parlaq dövrü çağdaş bəstəkarların musiqili komediya əsərlərinin tamaşalarındakı bir-birindən fərqlənən komik personajların ifası ilə bağlıdır.

Xüsusilə, Cənnət xala, Nargilə, Züleyxa rolları zəngin ifadə vasitələri, yumorun milliliyi, təbii reallığı ilə səhnəmizin nadir inciləri sırasında durur. Azərbaycan televiziyasında onlarla yumoristik səhnəciklərdə, teletamaşalarda çıxış etmiş Nəsibə Zeynalova həmçinin "Azərbaycanfilm"in çoxlu ekran əsərlərinə çəkilib: Fatmanisə ("Ögey ana"), Telli ("Böyük dayaq"), Züleyxa ("Ulduz"), Cənnət xala ("Qayınana"), Gülsüm ("Molla Fətəlinin sərgüzəşti"), Əsli xala ("Bəyin oğurlanması") rolları daha canlı və daha şöhrətlidir.

Aktrisa gözlənilməz, ancaq mənalı və ifadəli, dadlı və şirəli ifadə vasitələrilə cilvələnən improvizənin mahir ustası idi. Rəqs, mahnı və hərəkətlərdən eyni epizodda, hətta eyni məqamda yüksək peşəkarlıqla istifadə edib.

Nəsibə xanımın ilk evliliyi onun erkən yaşlarına təsadüf edir. Deyilənə görə, aktrisanı sevmədiyi, hətta zəhləsi getdiyi birinə ərə verirlər. Həyat yoldaşı Böyük Vətən Müharibəsində həlak olan aktrisa sevmədiyi insan olsa belə, uzun müddət heç kimlə nəinki ailə qurmur, ümumiyyətlə olunan təklifləri birbaşa rədd edir. Nəhayət, 1952-ci ildə aktrisa edilən təkliflərdən biri haqda düşünməyə başlayır. Bu şəxs ondan 11 yaş kiçik kamança ifaçısı Mütəllim Novruzov idi. Maraqlıdır ki, aktrisa ilk vaxtlar bu insandan heç xoşlanmazmış.

Nəhayət səfərlərin birində aktrisa onu sevən bu gənc oğlana "hə" deyir. Onların bu evlilikdən 1954-cü ildə ilk və yeganə övladları dünyaya gəlir və uşağa Nəsibə xanımın atasının adını qoyurlar. Aktrisanın yeganə övladı olan Cahangir Novruzov Azərbaycanın xalq artistidir.

Xüsusilə, Cənnət xala, Nargilə, Züleyxa rolları zəngin ifadə vasitələri, yumorun milliliyi, təbii reallığı ilə səhnəmizin nadir inciləri sırasında durur. Azərbaycan televiziyasında onlarla yumoristik səhnəciklərdə, teletamaşalarda, intermediyalarda çıxış etmiş Nəsibə Zeynalova həmçinin "Azərbaycanfilm"in çoxlu ekran əsərlərinə çəkilib. Kino obrazları içərisində Fatmanisə ("Ögey ana"), Telli ("Böyük dayaq"), Züleyxa ("Ulduz"), Cənnət xala ("Qaynana"), Gülsüm ("Molla Fətəlinin sərgüzəşti"), Əsli xala ("Bəyin oğurlanması") rolları daha canlı və daha şöhrətlidir.

Musiqili teatrımızın inkişafında böyük xidmətlərinə görə Nəsibə xanım 24 may 1960-cı ildə Azərbaycan Respublikasının əməkdar artisti, 1967-ci ildə xalq artisti fəxri adına layiq görülüb. "Hicran" musiqili komediyasındakı Qızbacı roluna görə Azərbaycan Dövlət Mükafatı Laureatıdır. 1974-cü ildə Rauf Kazımovski onun yaradıcılığı barədə "Aktrisanın təbəssümü" televiziya filmi çəkib. Nəsibə Zeynalovanın obrazları həyatiliyi və real bədii təsvirləri ilə həmişə orijinal görünüb. Aktrisa gözlənilməz, ancaq mənalı və ifadəli, dadlı və şirəli ifadə vasitələrilə cilvələnən improvizənin mahir ustası idi. Rəqs, mahnı (yaxud reçitativ) və hərəkətlərdən eyni epizodda, hətta eyni məqamda yüksək peşəkarlıqla istifadə edib. Xalq yumorunun, "Qaravəlli" oyun tamaşalarının, lətifə söyləmələrinin estetik oyun-göstərmə prinsiplərindən həssaslıqla barınıb. Tipajlığın bədii dəyərlərinə tam yiyələnməklə tipik xarakter yaratınağa üstünlük verib və bu istiqamətdə obrazın məzmun-forma vəhdətini vacib şərt kimi dəyərləndirib. Obrazın xarakterini hərəkətdə (yeriş, duruş, oturuş və sairə) koloritli tərzdə verməkdə muskomediya teatrında Nəsibə xanıma tay aktrisa olmayıb. Nəsibə xanım klassik operettalarda obrazın sözlərinə qarşı çox həssas idi və təhrifə, yaxud əlavəyə qətiyyən yol verməzdi. Ancaq librettosu zəif musiqili komediyalarda ifa etdiyi rolun sözlərini dəyişər, dialoqların məntiqini gücləndirər, vəziyyətə uyğun deyimlər, cümlələr qurardı. Bu axtarış tamaşadan-tamaşaya davam edər, bəzi əlavələr olar, müəyyən ixtisarlar aparılar, tapıntılar cilalanardı.

Aktrisa məişət yumorunu incə ştrixlərlə ictimai-sosial mahiyyətə yönəldərdi. Satirik boyaları müəyyən rollarda qrotesk səviyyəsinə qaldırır, boyalardan gen-bol istifadə edir, ancaq heç vaxt janrın estetik prinsip və meyarlarını pozmurdu. Nəsibə Zeynalova 10 mart 2004-cü ildə Bakıda vəfat edib. Məzarı Fəxri xiyabandadır.

Infoteka.az