Infoteka.az
Texnologiya

Süni intellektin hədəfi düşüncə və emosiyaya nəzarətdir

Süni intellekt texnologiya dünyasındakı inkişaflarda ən kritik proseslərin yaşandığı sahələrdən biridir. İşin son məqsədi insanların həqiqi düşüncələrini və ya hisslərini kəşf etmək və manipulyasiya etməkdir.

Texnologiya günü-gündən inkişaf edir və bu, dövrümüzdə hər yaş qrupunda olan insanların marağını cəlb etməyi bacaran, bəlkə də, ən əhatəli konsepsiyadır. Son illərdə həyatımızı texnologiyasız təsəvvür etmək qeyri-mümkündür. Həyatımızın bir çox sahəsində iş görə bilmək üçün internetdən istifadə edirik.

Ən məxfi məlumatlarımızı verilənlər bazalarında saxlamaq adi hala çevrilib.

Bizə qalan yalnız düşüncələrimiz və hisslərimiz idi, lakin onlar da artıq təhlükəsiz deyillər. Çünki məqsəd bütün bunları kəşf etməkdir.

Bəs süni intellekt bunu necə etməyi planlaşdırır?

Bədən dili, üz əzələləri, göz bəbəyinin hərəkətləri, səs titrəyişləri, hətta hormon ifrazı.

Süni intellekt sahəsində çalışan şirkətlər bütün bunları mikro detallara qədər araşdıraraq düşüncə və duyğuların proqnozlarına çatmağa çalışırlar.

Proses necə davam edir?

Elmi tədqiqatçı İlker Demir süni intellektin emosiyaların analizində duyğuları anlamaq üçün bir çox fərqli texnikadan istifadə edildiyini söyləyib. O, ən çox istifadə edilən texnikanın üz hərəkətləri olduğunu deyib.

Hisslərin analizində istifadə olunan başqa bir üsul isə maşın öyrənməsidir.

İnternet şəbəkəsində xoşbəxtlik, qəzəb, kədər, qorxu kimi duyğuların təsvirləri var və bu şəkillər etiketlənir. Həmin şəkillər bu şəbəkəyə ötürülür və maşın öyrənməsi ilə bu barədə məlumatlar əldə olunur.

Bu süni şəbəkələr şəkillərin duyğularla əlaqəsini araşdıraraq emosiyaları müəyyən edə bilir.

Sistemin gələcəkdə yarada biləcəyi risklər

Bu sistemlər hazırda bəzi tədqiqat şirkətləri və beynəlxalq şirkətlərin insan resursları bölmələri tərəfindən istifadə olunur.

İşə qəbulda doğru işçinin tapılması, həqiqətin üzə çıxarılması və ya cinayətkarların müəyyən edilməsi kimi cəmiyyətə fayda verəcək məqsədlərdən bəhs edilir. Amma böyük sual işarələri də var.

Ağla gələn ilk mümkün şey  qorxulu ssenarilərdir. Duyğulara daxil olan bir sistem sizi çox asanlıqla məhsul və ya xidmət almağa inandıra bilər.

Emosiyalarımız vasitəsilə siyasi cəhətdən daha asan manipulyasiya oluna bilərik. Sistem istifadəçilərinin hədəf alacağı icmalarda və ya ölkələrdə böyük sosial olaylara səbəb olmaq daha asan olacaq.

Hisslərin və ya düşüncələrin səhv aşkarlanması da mümkündür. Bu insan hüquqlarının pozulmasına gətirib çıxara bilər.

Yeni psixoloqlarımız süni intellektmi olacaq?

Süni intellekt duyğularımızı araşdırmağa davam edərkən, o, həm də onları düzəltməyə, yəni yeni psixoloqumuz olmağa namizəddir.

Psixiatriya və biomühəndislik sahəsində çalışan alimlər rəqəmsal fenotipləşdirmə adlı sistemdən istifadə edərək xəstələri tədqiq etməyə başlayıblar.

Bu araşdırmada, cib telefonu kimi şəxsi cihazlardan istifadə tərzimiz və səhifədən səhifəyə keçmə sürəti kimi məlumatların depressiyanın diaqnozu və müalicəsində istifadə oluna biləcəyi iddia edilir.

İnsan şüurunun sirlərinin üstünün süni intellekt tərəfindən açılacağı gözlənilir, lakin bunun nəticələrinin necə ola biləcəyini gələcək göstərəcək.

Infoteka.az