Infoteka.az
Sosial

"Xalqla iç-içə olan Prezident!"

Məlum olduğu kimi, cari ilin aprelin 18-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Salyan şəhərinə səfər etmişdir. Prezident səfər çərçivəsində Azərbaycan Televiziyasına müsahibə də vermişdir. Müsahibə zamanı bir sıra önəmli məsələlərə toxunuldu, açıqlamalar edildi.

İlk öncə Prezident ölkəmizin iqtisadi inkişaf dinamikasinı nəzərə çatdıraraq, mühüm xatırlatmalar etdi. Beləki, ölkə başçısının qeyd etdiyi kimi, Azərbaycan da regionların sosial-iqtisadi inkişafı 2004-cü ildən xüsusi Dövlət proqramları ilə həyata keçirilir. Qeyd edək ki, hal-hazırda belə proqramların 4-cüsü uğurla icra edilməkdədir. Bu proqramların əhəmiyyəti ondadır ki, məhz onların icrası nəticəsində bölgələrdə iri miqyaslı quruculuq işləri aparılmışdır. Bölgələrin inkişafı həm də sosial xarakter daşıyaraq, əhalinin rifahının yaxşılaşdırılmasına, yeni infrastruktur obyektlərinin yaradılmasına xidmət edir.

Prezident müsahibəsində qeyd etdiyi kimi, Salyan şəhərinə səfərinin önəmli səbəblərindən biri də ölkə ərazisində sayca 25-ci olan ”ASAN xidmət" mərkəzinin açılış mərasimidir. Qeyd etmək yerinə düşər ki, "ASAN xidmət" sistemi bu gün dünyada Azərbaycan brendi kimi tanınır. Bu xidmətin ölkəmizdə tətbiqi bir növ ictimai xidmətlər sahəsində bir inqilab oldu və hal-hazırda əhaliyə 300-dən artıq xidmət növü göstərilir. Qürurla deyə bilərik ki, "ASAN xidmət" Azərbaycan intellektual məhsulunun bir nümunəsidir!

Bu gün ölkəmiz dinamik şəkildə inkişaf edir. Ollimpiya İdman Kompleksi, uşaq xəstəxanası, doğum evi, elektrik təchizatı ilə bağlı rəqəmsal idarəetmə mərkəzi, digər tədbirlər, iş yerlərinin yaradılması ilə bağlı olan addımlar, o cümlədən Neftçala rayonunda böyük balıqçılıq təsərrüfatının açılışı – bax bütün bunlar Azərbaycanın bir ölkə olaraq yüksələn inkişafının özünəməxsus göstəriciləridir.

Hal-hazırda bu tədbirlər planının davamı kimi qarşımızda duran prioritet Qarabağın və Şərqi Zəngəzurun bərpası məsələsidir. Ölkə başçısının vurğuladığı kimi, bütün dünyaya məlumdur ki,  30il ərzində Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını viran qoyaraq, bu torpaqlarda talançılıq və soyğunçuluq ilə məşğul olmuşlar. Biz - bu torpağın əsl sahibləri müharibə bitəndən dərhal sonra işə start verərək, burada vaxt itirmədən quruculuq işlərinə başlamışıq.

Prezidentin diqqətə çatdırdığı kimi, artıq icra edilən iki böyük layihə bütün dünyaya və Azərbaycan əhalisinə çatdırdı ki, gələcəkdə Qarabağın və Şərqi Zəngəzurun siması necə olacaq. Nəzərinizə çatdıraq ki, sürətlə aparılan quruculuq və abadlıq işlərindən sonra Ağalı və Talış kəndlərinin keçmiş köçkün sakinləri öz torpaqlarına qayıdaraq, dədə-baba torpaqlarında yaşayışı bərpa etmişlər.Qeyd etmək istəyirəm ki, məhz bu kəndlərin timsalında  gələcək Qarabağın və Şərqi Zəngəzurun simasını görürük - abad şəhərlər, kəndlər, ağıllı idarəetmə prinsipləri əsasında yaradılan infrastruktur sistemi.

Həmçinin qeyd edəki ki, keçmiş köçkünlərin yaxın aylar ərzində Laçın şəhərinə yerləşdirilməsi planlaşdırılır. İşğaldan azad olunmuş ərazilərin bərpası sürətlə davam etdirilir. Bu barədə mətbuatında diqqətinə bir sıra məsələləri çatdıran cənab Prezident Şuşa şəhərində birinci yaşayış kompleksinin uğurla inşa edildiyini, Ağdam, Füzuli, Zəngilan şəhərlərində yaşayış binalarının inşasının isə plan üzrə getdiyi haqqında geniş məlumat vermişdir. Qeyd edək ki, Kəlbəcər və Cəbrayıl şəhərlərində isə hazırlıq işləri başladılmışdır. Bununla paralel olaraq məktəblər, xəstəxanalar, sosial obyektlər, məscidlər tikilir və ya əsaslı şəkildə təmir edilir. Bir məsələni isə vurğulamaq yerinə düşərdi ki, cəmi iki məscid təmir edilmişdir. Çünki qalan məscidlərin hamısı ermənilər tərəfindən yerlə-yeksan edilmişdir.

Azərbaycan Televiziyasına müsahibəsində Prezident önəmli siyasi məsələlərə də toxunaraq bir sıra önəmli açıqlamalar etdi. Belə ki, məlum olduğu kimi, Ermənistanda revanşist qüvvələr yenə baş qaldırıb. "Biz istənilən vəziyyətə hazır olmalıyıq və elə bir ordu yaratmalıyıq ki, dünya miqyasında nümunəvi olsun və ən güclü ordulardan biri olsun" deyə Prezident bildirmişdir.

Bu gün də Azərbaycan Ordusu güclüdür. Biz artıq gücümüzü döyüş meydanında sübut etmişik. Biz döyüş meydanında həm Azərbaycan xalqının gücünü, iradəsini, əyilməz ruhunu göstərdik, eyni zamanda, hərbçilərimizin peşəkarlığını və hərbi potensialımızı bütün dünyaya nümayiş etdirdik.

Prezident müsahibəsində bidirdi ki, Azərbaycan tərəfindən danışıqlarla bağlı irəli sürülmüş təşəbbüslər bu gün əsas amildir. Çünki, Azərbaycan ermənilərin bütün sahələrdəki vəhşliyinə və haqsızlığına baxmayaraq Ermənistana sülh təklifi etdi və məlum beş prinsipi ortaya qoydu. Bu prinsiplər beynəlxalq hüququn norma və prinsiplərinin təməl prinsipləridir. Qeyd etməliyik ki, nəticə etibarilə Ermənistan bizim yanaşma ilə razıdır. Belə ki, başqa seçim yolları da yoxdur. Məhz bunun göstəricisidir ki, keçən ilin oktyabr ayında Praqa və Soçi görüşlərində Ermənistan Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini rəsmən qəbul etdi. Qəbul etdi ki, Azərbaycan ilə Ermənistan arasında sərhədlər - 1991-ci ilin Alma-Ata Bəyannaməsi əsasında həll olunmalıdır. Məhz  bu  addımı atmaqla Ermənistan rəsmən Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıdı.

Prezident İlham Əliyevin bildirdiyi kimi, niyyətimiz ondan ibarətdir ki, tezliklə sülh müqaviləsi imzalansın. Azərbaycanla Ermənistan arasında bu qarşıdurmaya son qoyulsun.

Ölkə başçısının müsahibəsində bir daha bəyanat verərək bildirdi ki, "Separatçılar bilməlidirlər ki, onların iki seçimi var: ya Azərbaycan Bayrağı altında yaşayacaqlar, ya da ki, çıxıb gedəcəklər!".

Məlum olduğu kimi, hazırda Qarabağda yaşayan erməni əhalisinin əksəriyyəti Azərbaycan vətəndaşlığını qəbul etməyə hazırdır. Lakin, Prezidentin qeyd etdiyi kimi separatçılar buna imkan vermirlər, 30 il girov kimi saxladıqları əhalinin azad iradəsinə yenədə hər vəchlə mane olurlar.

Prezident həmçinin, idman arenasında da Azərbaycana və Azərbaycan bayrağına qarşı törədilmiş növbəti erməni təxribatı barədə mətbuata açıqlamasında öz münasibətini bildirdi. "Ermənistanda keçirilən ağır atletika üzrə Avropa çempionatında Azərbaycanın Dövlət Bayrağının yandırılması erməni hökumətinin növbəti çirkin əməlidir və bu heç də təsadüfü baş vermiş hadisə deyil. Bu tək bir nəfərin də işi deyil. Bu Ermənistan hökumətinin növbəti çirkin əməlidir. Bunu deməyə əsas verən bir çox səbəblər var, ən azı bu məxluqa heç bir cəza verilmədi, əksinə, Ermənistanda onu qəhrəmanlaşdırırlar".

"Lakin,Ermənilər bir gün gözlərini açıb Azərbaycan Bayrağını öz başları üzərində görə bilərlər. Bu gün Azərbaycan Bayrağı Qarabağda dalğalanır. Ağdamda, Füzulidə, Cəbrayılda, Qubadlıda, Kəlbəcərdə, Laçında, Şuşada, Hadrutda, Talışda, Suqovuşanda və neçə-neçə kənddə, yüzlərlə kənddə Azərbaycan Bayrağı dalğalanır. Bu gün Azərbaycan Bayrağı Zəngəzur dağlarında dalğalanır"- deyən Prezident İlham Əliyev bu açıqlaması ilə Erməni təxribatına öz kəsərli cavabını vermiş oldu.

Müsahibəsində, bir daha Türk-Azərbaycan qardaşlığına toxunan ölkə başçısı bildirdi ki, "Ermənilər bizim bayrağımızı yandırıblar, amma Türk Bayrağı orada yenə dalğalanıb. Türk dünyasının hər bir övladı Cansu və Qəmzə kimi olmalıdır. Türkiyənin idmançıları həm Azərbaycana, həm də Türkiyəyə əzəli düşmən olan dövlətdə böyük qələbəni əldə etdilər. Bu qələbəni onlar Azərbaycana, Azərbaycan xalqına həsr etdilər. Türkiyə-Azərbaycan birliyi, qardaşlığı sarsılmazdır! " 

Beləliklə son olaraq qeyd etmək istəyirəm ki, 18 aprel görüşü Prezidentin xalqla  növbəti qənaətbəxş görüslərdən biri olaraq, mətbuatı bir çox mühüm məlumatlar ilə təmin edərək olduqca məhsuldar görüş kimi yaddaşlara həkk olundu!

 

Əminə Əliyeva

84 nömrəli tam orta məktəbin tarix müəllimi

Infoteka.az