İstənilən cəmiyyətdə çoxluğun mənafeyini ifadə edən, real təminatlara söykənən iqtisadi siyasətin həyata keçirilməsi inkişafın, tərəqqinin əsas şərtlərindən biri sayılır. Müasir günümüzdə xalqların milli inkişaf strategiyası özündə həm də ictimaiyyətin müəyyən gözləntilərini, arzu və istəklərini təcəssüm etdirərək, ümumi məqsəd və strategiyanın reallaşdırılmasına imkan yaradır. Bu baxımdan əminliklə söyləmək olar ki, müstəqil Azərbaycanın son illərdə əldə etdiyi böyük iqtisadi-siyasi uğurlar, ilk növbədə, sistemli və ardıcıl şəkildə gerçəkləşdirilən islahatların nəticəsi olaraq qiymətləndirilməlidir.
Davamlı iqtisadi inkişaf, yüksək rifah dövlət siyasətinin özülünü təşkil edir. Dövlət başçımız cənab İlham Əliyevin bütün çıxışlarının əsasında eyni bir məqsəd dayanır ki, həyata keçirilən siyasətin təməlində vətəndaş amili dayanır. İrəli sürülən təşəbbüslərin xalq tərəfindən dəstəklənməsi ölkədə yüksək ab-havanı təmin etməklə yanaşı, xalq-iqtidar birliyinin daha da möhkəmlənməsinə şərait yaradır. Ölkə başçısı Prezident İlham Əliyevin bölgələrə ardıcıl səfərləri, hər səfərindən sonra həmin rayonların sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi məqsədilə Tədbirlər Planını təsdiqləməsi, Prezidentin Ehtiyat Fondundan vəsaitlərin ayrılması və s. kimi mühüm tədbirlər həm ölkənin hərtərəfli inkişafına, həm də xalqın sosial müdafiəsinin gücləndirilməsinə xidmət edən addımlardır. Bu səfərlərdən biri kimi Cənab Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın aprelin 18-də Neftçala və Salyan rayonlarına olan səfəri misal göstərə bilərik. Səfər çərçivəsində bir sıra mühüm sosial obyektlərin açılışında iştirak edən dövlət başçısı və birinci xanım regionalarda həyata keçirilən işlərdən məmnunluq ifadə etdilər. Ölkə başçısı bildirmişdir ki, “2004-cü ildən başlayaraq Azərbaycanda regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları həyata keçirilir. Hazırda 4-cü proqram icra edilir. Bu proqramların icrası nəticəsində bölgələrdə çox böyük genişmiqyaslı quruculuq işləri aparılmışdır. Bu işlər davam etdirilir. Mənim də bölgələrə səfərlərim həm nəzarət üçün bir vasitədir, yəni, verdiyim tapşırıqlar necə yerinə yetirilir, eyni zamanda, növbəti tapşırıqlar, tövsiyələr verilir ki, bizim bəyan etdiyimiz bütün hədəflər- ilk növbədə, insanların rifah halının yaxşılaşdırılması, infrastruktur obyektlərinin yaradılması, o cümlədən sosial infrastrukturla bağlı işlərin aparılması bölgələrdə təmin edilsin. Bir sözlə, Azərbaycan bölgələrinin ümumi inkişafı həm sosial xarakter daşıyır, eyni zamanda, ölkəmizi gücləndirir.”
Ölkə başçısının regionların sosial-iqtisadi inkişafı üçün həyata keçirilən proqramların yüksək keyfiyyətlə həyata keçirilməsinə bilavasitə rəhbərlik və nəzarət etməsinin nəticəsidir ki, ölkəmiz günü-gündən çiçəklənir. Prosesin gedişindən razı qaldığını bildirən cənab Prezident bunu xüsusi qeyd etmişdir: “Digər tədbirlər də çox böyük işlərin görülməsindən xəbər verir. Məsələn, Olimpiya İdman Kompleksi, uşaq xəstəxanası, doğum evi, elektrik təchizatı ilə bağlı rəqəmsal idarəetmə mərkəzi, digər tədbirlər, iş yerlərinin yaradılması ilə bağlı olan addımlar, o cümlədən Neftçala rayonunda böyük balıqçılıq təsərrüfatının açılışı – bütün bunlar onu göstərir ki, ölkəmiz dinamik şəkildə inkişaf edir, sosial siyasət uğurla icra olunur. Eyni zamanda, infrastruktur layihələr – bu gün yolun açılışında iştirak etmişəm və iqtisadiyyatın real sektoru, o cümlədən iş yerləri ilə bağlı olan təşəbbüslərimiz, sənayeləşmə ilə bağlı olan təşəbbüslərimiz, ixracyönümlü məhsulların istehsalı ilə bağlı təşəbbüslərimiz, bütün bunlar yerinə yetirilir və bir daha ölkəmizin gücünü göstərir. Yenə də deyirəm, bugünkü səfər bir çox məqamlara aydınlıq gətirir. Yəni, bu gün səfərimdən və səfərin nəticələrindən, gördüyüm mənzərədən çox məmnunam.”
Hamıya məlumdur ki, Qarabağda bölgə iqtisadiyyatının dirçəldilməsi, erməni faşizminin bu ərazilərdə yerlə bir etdiyi şəhər və kəndlərimizin ən qısa zamanda bərpası, yenidən qurulması, buraya qayıdışın tezliklə təmin edilməsi üçün azad edilən ərazilərdə geniş həcmdə tikinti-quruculuq, abadlıq işləri görülüb, ərazilərin minalardan təmizlənməsi, lazımi infrastrukturun yaradılması diqqət mərkəzində saxlanılır. Bu barədə sualı cavablandıran ölkə başçısı qeyd etmişdir ki, “Qarabağ və Şərqi Zəngəzurda görülmüş işlər bir daha onu göstərir ki, biz - bu torpaqların sahibləri öz doğma dədə-baba torpaqlarımıza qayıtmışıq. Otuz il ərzində Ermənistan bu torpaqları viran qoyub, daş-daş üstə qoymayıb, talançılıq və soyğunçuluqla məşğul olub, barbarlıqla məşğul olub. Biz - bu torpaqların sahibləri isə gəlmişik qurmaq üçün, yaratmaq üçün. Ona görə müharibə başa çatan kimi dərhal artıq işə start verilmişdir. Hazırda artıq iki yaşayış məntəqəsində keçmiş köçkünlər yaşayır - Ağalı və Talış kəndlərində. Biz bu kəndlərin timsalında bütövlükdə gələcək Qarabağın və Şərqi Zəngəzurun simasını görürük - abad şəhərlər, abad kəndlər, ağıllı idarəetmə prinsipləri əsasında yaradılan infrastruktur. Yəni, bütün bunlar göz qabağındadır. Yenə də deyirəm, bu iki layihə artıq bütün Azərbaycan əhalisinə və bütün dünyaya göstərir ki, gələcək Qarabağın və Şərqi Zəngəzurun siması necə olacaq.” İrəvanda keçirilən çempionatda Azərbaycan bayrağına qarşı təxribatların törədilməsi sualına da cənab Prezident təmkinlə cavab verdi və bildirdi ki, bu işlər ancaq ermənilərə xas olan işdir. Bununla da ermənilər özlərini dünyada biabır etdilər. Azərbaycanfobiya bu millətin qanındadır və bu bizi qorxutmur: “Ermənistanın siyasi rəhbərliyinin gözü önündə belə bir rəzil hadisə baş verir və buna heç bir reaksiya verilmir. Deməli, Ermənistan hakimiyyəti, hökuməti, dövləti bu çirkin əməlin müəllifidir. Amma onlar unutmamalıdırlar ki, bu gün Azərbaycan Bayrağı harada dalğalanır. Bu gün Azərbaycan Bayrağı Qarabağda dalğalanır. Ağdamda, Füzulidə, Cəbrayılda, Qubadlıda, Zəngilanda, Kəlbəcərdə, Laçında, Şuşada, Hadrutda, Talışda, Suqovuşanda və neçə-neçə kənddə, yüzlərlə kənddə Azərbaycan Bayrağı dalğalanır. Bu gün Azərbaycan Bayrağı Zəngəzur dağlarında dalğalanır, onu unutmasınlar.”
Cənab Prezident səfəri zamanı verdiyi müsahibəsi ilə separatçılara, Azərbaycanı parçalamaq üçün fürsət axtaranlara artıq bu məsələdə onların yox, Azərbaycanın sözünün keçərli olduğunu bildirdi və qətiyyətlə regionda söz sahibi olduğumuzu xatırlatdı. Çünki bu gün Azərbaycanda xalq-iqtidar birliyi, eyni zamanda, vətəndaş amilinə verilən dəyərdən irəli gələrək qarşıya qoyulan tapşırıqların uğurlu icrası cəmiyyətdə yüksək ab-havanın yaranmasını və Azərbaycanın güclü dövlət olmasını şərtləndirir.
Məlahət Əliyeva
Suraxanı rayonu, 278 nömrəli tam orta məktəbin direktoru