Infoteka.az
Sosial

Ümummilli lider bu gün müstəqil Azərbaycanın sosial-iqtisadi inkişaf modelinin banisi kimi böyük ehtiramla xatırlanır

Bugünki müstəqil Azərbaycan dövlətinin iqtisadi-siyasi əsaslarının, milli kadr potensialının formalaşması, respublikamızda strateji əhəmiyyətli sənaye və istehsal müəssisələrinin açılması məhz ötən əsrin 70-80-ci illərinə təsadüf edir.

Ümummilli liderimiz Heydər Əliyevin qətiyyətli iradəsi və təşəbbüskarlığı ilə keçmiş SSRİ-nin bir sıra strateji əhəmiyyətli müəssisələri məhz Azərbaycanda inşa edilmiş, bununla da respublikamızın gələcək müstəqilliyinin iqtisadi əsası formalaşdırılmışdır. Onun təşəbbüsü ilə respublikamızda bir sıra iri müasir maşınqayırma, kimya, neft-kimyası, elektron sənayesi, əlvan və qara metallurgiya, toxuculuq, parça istehsalı, yeyinti, emal müəssisələrinin tikintisinə başlanılmış, paralel olaraq energetika və nəqliyyat kompleksi inkişaf etmişdir. Həmin illərdə Bakıda, Sumqayıtda, Gəncədə və digər şəhərlərdə inşa olunan iri müəssisələr bugünün özündə də iqtisadiyyatın güclü sənaye kompleksinin formalaşmasına zəmin yaradan möhkəm təməldir.

Neft sənayesinin iqtisadi inkişafdakı rolunu hələ o dövrdə müdrikliklə nəzərə alan Heydər Əliyev bu sahənin dinamik inkişafına nail olmuş, neft-kimya sənayesinin tamamilə modernləşdirilməsini təmin etmişdir. Həmin dövrdə neft sənayesinin inkişafında yeni mərhələ başlanmış, bu zəngin milli sərvətin Azərbaycan rifahına xidmət edən vasitəyə çevrilməsi prosesinin əsası qoyulmuşdur. Yeni yataqların kəşfiyyatı, qazılması, işlənməsi, mütərəqqi texnologiyalardan və üsullardan istifadədə yeniliklər də məhz Heydər Əliyevin təşəbbüskarlığı nəticəsində mümkün olmuşdur.

Ümummilli liderimizin qətiyyətli addımları nəticəsində ölkəmizdə neft sənayesi konsepsiyasının nəzəri inkişafını təmin edən elmi-tədqiqat institutları, istehsalat birlikləri və digər müəssisələr yaradılmışdır. Heydər Əliyevin rəhbərliyi ilə tərtib olunan “Azərbaycanda neftayırma sənayesinin yenidən qurulması” planı əsasında bu tipli müəssisələrin, iri komplekslərin tikilməsi və yeni fəaliyyət prinsiplərinə keçməsi sürətlə başa çatdırılmışdır. Azərbaycan məhz Heydər Əliyevin fədakarlığı nəticəsində neft hasılatı, emalı, geologiyası, kəşfiyyatı ilə məşğul olan aparıcı dövlətlərdən birinə çevrilmiş, əldə olunan uğurlar isə bilavasitə respublikamızın inkişafına yönəldilmişdir.

Ümummilli liderimiz Heydər Əliyev bu gün müstəqil Azərbaycanın sosial-iqtisadi inkişaf modelinin banisi kimi böyük ehtiramla xatırlanır.

 

Ülkər Babayeva

Suraxanı RİHB-nın Əmircan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin aparıcı mütəxəssisi

Infoteka.az