Infoteka.az
Sosial

Ağdamın ağ damlarını görmək arzusundayam

Qarabağ! Təsadufdənmi, yoxsa başına gələn sınaqlardanmı, bu adda bağ sözünün qarşısında qara olmuş ...Otuz il Qarabağın başına olmazın zülmlər gəlmiş, doğrudan da bəxti qara gətirmişdi.

Erməni vandallarının ucbatından, dağlıq Qarabağ ərazisində yerləşən və onlar tərəfindən işğal olunan bütün rayon və şəhərlər xarabalığa çevrilmişdir. Bunların içində bəziləri, qismən dağılsa da, Ağdam şəhəri işğal dövründə tamamilə yerlə yeksan olunmuşdur.

Ağdam! Zamanında Qarabağın gözü, döyünən ürəyi idi... Müharibədən əvvəlki dövrlərdə, bu şəhər gözəlliyi ilə, tanınmış incəsənət xadimləri ilə məşhur olub. Ermənilərin torpaqlarımıza işğalı zamanı isə, bu şəhərdə evlər,  məscidlərimiz dağılmış, bəzilərində isə donuz və inək saxlanılmışdır. Bu bizim dini inanclarımıza qarşı hörmətsizlik, təzyiq, beynəlxalq hüquqa qarşı isə saymamazlıq idi!  Belə ki, onlar Cenevrə Konvensiyasını da kobud surətdə pozurdular. Çünki Ağdamdan əlavə, Şuşa, Laçın, Kəlbəcərin dağılmadığı yerlərdə, ermənilər müxtəlif dövlətlərdən öz soydaşlarını bu regiona yerləşdirib, məskunlaşdırırdılar. Beləliklə də, qanunsuz məskunlaşma siyasəti yürüdülürdü.

Bu gün şükürlər olsun ki,  Qarabağın qara bəxti ağ günə çıxıb. Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında, güclü və yenilməz ordumuz, torpaqlarımızı düşmən tapdağından azad ediblər. Bu gün bu regionda görüləcək işlər həddən artıq çoxdur. Lakin itirdiklərimizi geri qaytaran Prezidentimiz Cənab İlham Əliyev və onun xanımı Mehriban xanım Əliyeva, yorulmaq, usanmaq bilmədən, Qarabağın ağ günləri , yenidən dirçəlməyi üçün əzmlə çalışırlar.

Nəzərə alsaq ki, erməni vandalları, işğal dövründə bir milyondan çox mina basdırıblar, elə ən böyük çətinliklərdən biri də bu minaların risqidir. Çünki müharibə başa çatandan, 250 azərbaycanlı bu minaların qurbanı olmuş, bəziləri isə yaralanmışdır.

Bu gün Azərbaycan öz haqq səsini dünyaya yaymaqda çətinlik çəkmir, çünki Qarabağa gələn yüzlərlə əcnəbi qonaqlar, jurnalistlər, siyasətçilər, erməni barbarlığının nümunəsini əyani surətdə gözləri ilə görürlər!

Otuz il ərzində Prezidentimizin, yüksək kürsülərdə, bu haqsızlıq haqqında etdiyi çıxışlara don geyindirmək istəyən bəzi beynəlxalq təşkilatlar, artıq bizim haqlı olduğumuzu gözləri ilə görürlər.

Bu günlərdə Ağdamda “ Azərbaycan Milli Şəhərsalma Forumunun” açılış mərasimi keçirildi. Bir azərbaycanlı qızı kimi, ürəyim fəxarətlə doludur! Hər zaman inandığım və güvəndiyim  Prezidentim bilirəm ki, ermənilər tərəfindən yerlə yeksan olunmuş Ağdamın, hal-hazırda olmayan damlarını yenidən ağardacaq!  Bu şəhərsalma forumunun təntənəsi, bunu deməyə əsas verir !

Prezidentimin humanistliyi, Qarabağ bölgəsində yaşayan, erməni əhalisini də əhatə edir. Belə ki bu gün mənim Prezidentim cənab İlham Əliyev onları da ölkəmizin vətəndaşları adlandırır. Bu böyük Sərkərdənin ürəyində hər bir vətəndaşı üçün yer vardır!

Hal-hazırda sülh prosesi ilə bağlı işlərin aktivləşməsi, yaxınlarda Qarabağın sabit yaşam tərzinə müharibəsiz şəraitdə inkişafına səbəb olacaq.

Qarşıda böyük işlər və uğurlar var...Bir milyondan artıq olan məcburi köçkünün, Azərbaycanlıların, doğma yurduna, elinə-obasına dönmək günü yaxındadır.

Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması insanlarda, xüsusən də bu regiondan olan soydaşlarımızda da xoş gələcəyə inamı daha da artırıb.

İnanıram ki, Zəngilandan başlayan insanların yerinə-yurduna qayıdışı, ermənilər tərəfindən sıfırlanmış Ağdam şəhərinin  yaxın vaxtlarda yenidən qurularaq daha da gözəl olacağına işarədir!  Prezidentimin güclü iradəsi, iş potensialı və siyasəti nəticəsində Ağdam gözəl və müasir şəhərə çevrilərək yeni görkəmdə bizləri sevindirəcək... Ağdamın ağ damlarını görmək arzusundayam...

 

Cəmilə Ağayeva

Suraxanı rayonu, Əmircan Bələdiyyəsinin sədri

Infoteka.az