Infoteka.az
İqtisadiyyat

Ulu Heydər Əliyev və milli iqtisadiyyat                                                                                                

İqtisadiyyat bütün dövlətlərin inkişafının özəyini təşkil edir. İqtisadiyyatı zəif olan bir dövləti heç zaman güclü hesab etmək  olmaz.   Onda demək olar ki, dövlətin inkişafı onun iqtisadi inkişafından bilavasitə asılıdır. Azərbaycanda iqtisadi inkişaf üçün bütün imkanlar mövcuddur və iqtisadi inkişaf özünəməxsus inkişaf metodu ilə fərqlənir. Heydər Əliyev Azərbaycana rəhbərliyinin birinci dövründə (1969-1982) iqtisadiyyatın dirçəlməsi və sürətli inkişafı baxımından xeyli işlər görmüşdür.

1991-1995-ci illər Azərbaycan iqtisadiyyatının iqtisadi xaos və tənəzzül dövrü kimi səciyyələnir. Yeni müstəqillik qazanmış ölkə üçün müharibə gözlənilməz idi. Ölkədə gedən bu müharibə həm büdcəni zəiflədir, həm də yeni iqtisadi problemlər meydana gətirirdi. Pərakəndəlik və özbaşınalıq artıq baş alıb gedirdi. Buna görə ölkədə bütün bu problemləri tənzimləyən və ölkənin hələ möhkəmlənməyən müstəqilliyini qoruyub saxlayan güclü siyasətçiyə – bir el atasına ehtiyac var idi. Xalq artıq öz seçimini etməyə qərar vermişdi. 1993-cü il oktyabrın 3-də xalqın tələbi və istəyi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti oldu. Heydər Əliyev kimi dahi siyasətçi Azərbaycanın ağır vəziyyətini yaxşı görürdü. Heydər Əliyev başa düşürdü ki, bu problemlər öz həllini tapmasa, Azərbaycan heç zaman qüdrətli bir dövlət ola bilməz. Müstəqillik dövründən bu günə kimi, ölkədə gedən iqtisadi inkişafı bir neçə mərhələyə ayırmaq olar. 1991-1995-ci illəri əhatə edən iqtisadi xaos və ya tənəzzül dövrü. İkincisi, 1996-cı ildən başlayaraq davam edən makroiqtisadi sabitlik və dinamik iqtisadi inkişaf dövrü.

Azərbaycanın o zamankı məhdud imkanlarını nəzərə alan Heydər Əliyev iqtisadiyyatda ciddi dönüşə nail olmaq üçün respublikanın malik olduğu zəngin karbohidrogen ehtiyatlarından səmərəli istifadəni vacib hesab edirdi. Böyük siyasət korifeyinin ölkə iqtisadiyyatının hərtərəfli inkişafı üçün neft amilindən məharətlə istifadə etməsi, 1994-cü ilin sentyabrında böyük təzyiqlərə baxmayaraq “Əsrin müqaviləsi”nin imzalanmasına nail olması yüksək siyasi iradənin və qətiyyətin təntənəsi idi. Bu saziş həmçinin, Azərbaycanın qapılarını bütün dünyanın üzünə açdı, bu sahədə yeni müqavilələrin imzalanmasını və ölkəyə investisiya qoyuluşunu təşviq etdi. Azərbaycan neftinin dünya bazarlarına çıxarılması üçün 1996-cı ildə Bakı-Novorossiysk, 1999-cu ildə Bakı-Supsa ixrac neft kəmərləri istismara verildi. Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin inşasına dair sazişin imzalanması ilə ixrac marşrutlarının diversifikasiyasına nail olundu. Ulu öndərin müdrikliklə, məqsədyönlü və ardıcıl şəkildə həyata keçirdiyi qlobal, genişmiqyaslı iqtisadi siyasət nəticəsində neft-qaz sənayesi ilə yanaşı, elektrotexnika, maşınqayırma, kimya, xalçaçılıq və digər sahələrin də inkişafı istiqamətində mühüm tədbirlər həyata keçirildi.

Heydər Əliyev ölkənin gələcək iqtisadi inkişafının özəl sektorla bağlı olduğunu vurğulayırdı: “Sahibkarlığın inkişaf etdirilməsi, sərbəst iqtisadiyyata yol verilməsi, bazar iqtisadiyyatının yaradılması bizim strateji yolumuzdur”. Ulu öndərin müəyyən etdiyi və onun rəhbərliyi ilə uğurla həyata keçirilən sahibkarlığın inkişafı strategiyası özəl bölmənin inkişafına yönəlmiş tədbirlərin sistemliliyi, dövlət tənzimlənməsinin liberallaşdırılması, dövlət-sahibkar münasibətlərinin institusionallaşdırılması ilə xarakterizə edilir. Qəbul olunmuş dövlət proqramlarının bu sahənin inkişafında xüsusi rolu oldu, kiçik və orta sahibkarlığın inkişafını iqtisadi siyasətin prioritet istiqamətlərindən birinə çevirdi.

Heydər Əliyev strategiyasının həyata keçirilməsi nəticəsində 1995-ci ildən Azərbaycanda inkişafın yeni mərhələsi – bərpa və dinamik inkişaf dövrü başlanmışdır. 1995-2003-cü illər ərzində ümumi daxili məhsul 90,1 faiz, dövlət büdcəsinin gəlirləri 3,9 dəfə, ölkənin valyuta ehtiyatları 85 dəfə, sənaye məhsulunun həcmi 22,4 faiz, kənd təsərrüfatı istehsalı 52,8 faiz, xarici ticarət dövriyyəsi 4 dəfə, iqtisadiyyatla məşğul olanların orta aylıq əməkhaqqı 6,2 dəfə artdı, inflyasiya səviyyəsi 2-3 faizə qədər endirildi. Bu dövrdə iqtisadiyyata bütün maliyyə mənbələri hesabına 20 milyard ABŞ dolları həcmində investisiyanın qoyulması təmin olundu. 1993-cü ildə ölkənin valyuta ehtiyatları 8 milyon ABŞ dolları idi. Hazırda isə bu rəqəm 39 milyard ABŞ dolları təşkil edir.

Müasir Azərbaycan dövlətinin banisi Heydər Əliyevin misilsiz idarəçilik qabiliyyəti, gərgin əməyi nəticəsində əldə olunmuş nailiyyətlər sonrakı illərdə ölkə iqtisadiyyatının davamlı və dinamik inkişafı üçün möhkəm zəmin yaratdı.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin memarı olmaqla yanaşı, həm də bu gün dünyanın ən sabit və sürətlə inkişaf edən güclü iqtisadiyyatının qurucusudur. Məhz Ulu Öndərin 90-cı illərin ortalarında təməlini qoyduğu güclü sosial-iqtisadi baza bu gün Azərbaycan xalqının yüksək rifahına, onun parlaq gələcəyinə xidmət edir.

 

Natiq Bəkdəmirli

Suraxanı rayonu Əmi Məmmədov adına 101 nömrəli tam orta məktəbin coğrafiya müəllimi

Infoteka.az