Məlum olduğu kimi, oktyabrın 6-da Praqada Azərbaycan Prezidenti İlham Əliyevin Fransa Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyan ilə görüşünün sonunda bəyanat qəbul edilib. Yelisey sarayının rəsmi saytında dərc edilən bəyanatda deyilir ki, Ermənistan və Azərbaycan BMT Nizamnaməsinə və 1991-ci il Alma-Ata bəyannaməsinə sadiqliyini bir daha nümayiş etdirərək bir-birinin ərazi bütövlüyü və suverenliyini tanıyır. Tərəflər bildiriblər ki, bu, delimitasiya üzrə komissiyanın fəaliyyəti üçün əsasdır və komissiyanın növbəti iclası oktyabrın sonunda Brüsseldə keçirilməlidir. Həmçinin, Ermənistan Azərbaycanla sərhədə Aİ-nin mülki missiyasının göndərilməsinə razılıq verib. Azərbaycan da bu komissiya ilə əməkdaşlığa razılıq verib. Missiya işini oktyabrda başlayıb, 2 ay müddətinə başa çatdıracaq.
Beləliklə, Ermənistan rəsmi şəkildə Azərbaycanın BMT tərəfindən qəbul edilən ərazilərini tanıdığını bəyan etdi. Bu, Azərbaycanın İkinci Qarabağ savaşındakı qələbəsinin yaratdığı yeni hərbi-siyasi reallıqların nəticəsidir.
Bildiyimiz kimi, Ermənistanın son onilliklərdə ölkəmizə və xalqımıza qarşı törətdiyi saysız-hesabsız vəhşiliklərə, cinayətlərə baxmayaraq, 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanatın imzalanmasından və beləliklə, Qarabağ münaqişəsinin tarixə qovuşmasından dərhal sonra Azərbaycana rəsmi İrəvana sülh sazişi imzalamaq yönündə fəaliyyətə başlamağı təklif etdi. Bununla da Azərbaycan Ermənistanla gələcək münasibətləri düşmənçilik zəminindən normal qonşuluq, qarşılıqlı faydalı əməkdaşlıq müstəvisinə keçirmək niyyətini ortaya qoydu.
Əlbəttə ki, Ermənistanın indiyədək ölkəmizə, xalqımıza, mədəniyyətimizə, təbiətimizə qarşı törətdiyi bütün cinayətlər qeydə alınır, sənədləşdirilir və müvafiq beynəlxalq qurumlara təqdim olunur. Elə bu günlərdə BMT-nin Məskunlaşma Proqramının yüksək rəsmi nümayəndələrinin də iştirakı ilə 44 ölkədən 130-dan çox nümayəndənin qatıldığı Azərbaycan Milli Şəhərsalma Forumunun Ağdamda keçirilməsi, tədbir çərçivəsində iştirakçılara Ermənistanın vaxtilə işğal etdiyi ərazilərdə törətdiyi vandalizm əməlləri barədə geniş məlumat verilməsi və onların Ağdam şəhərinin timsalında deyilənlərin canlı şahidi olmaları da Ermənistanın iç üzünü dünyaya tanıdan növbəti mühüm addım oldu.
Vurğulamaq lazımdır ki, belə tədbirlər təkcə keçmişi xatırlamağa və dəyərləndirməyə deyil, həm də gələcəyi düşünməyə və qurmağa yönəlib. Ağdam da daxil olmaqla Qarabağ və Şərqi Zəngəzurda nəhəngmiqyaslı yenidənqurma işləri çərçivəsində şəhərlər, kəndlər salınır, infrastruktur layihələri icra olunur, Böyük Qayıdış addım-addım həyata keçirilir.
Ermənistan artıq anlayır ki, azad olunmuş ərazilərdə basdırdığı minaların xəritələrini gizlətməklə, ordusunun qalıqlarını hələ də ərazilərimizdə saxlamaqla nə Böyük Qayıdışın qarşısını ala biləcək, nə də Qarabağda hər hansı təsir imkanına sahib olacaq. Prezident İlham Əliyevin sözügedən Forumun açılış mərasimindəki çıxışında da dediyi kimi, Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni əhalisi bizim vətəndaşlarımızdır və biz indi onların öz ərazimizdə həyatını necə təşkil edəcəyimizi heç bir beynəlxalq oyunçu ilə müzakirə etməyəcəyik. Praqadakı görüşdən sonra qəbul edilən bəyanat da Ermənistanın bu həqiqətlə barışmaq və Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə zidd olan bütün iddialarından əl çəkmək məcburiyyətində qaldığını göstərir.
Digər tərəfdən 12-14 sentyabr tarixində Azərbaycan-Ermənistan sərhəddində baş verən qanlı toqquşmalar onu göstərdi ki, sərhədlərin delimitasiyası və demarkasiyası məsələsi hər iki ölkə, xüsusən də Ermənistan qarşısında ciddi problem olaraq dayanır və rəsmi İrəvan Azərbaycanın çağırışlarına adekvat cavab verərək bu istiqamətdə yaradılmış Azərbaycan və Ermənistan komissiyalarının səmərəli birgə fəaliyyətinin təşkilində üzərinə düşən vəzifəni yerinə yetirməlidir. Tarixi sənədlərə, xəritələrə, beynəlxalq təcrübə və metodologiyaya əsaslanmaqla uzunluğu 400 kilometrdən çox olan sərhədi vaxt itirmədən müəyyənləşdirmək hər iki ölkənin və regionun təhlükəsizliyi üçün vacib məsələdir.
Sülh müqaviləsinin imzalanması Azərbaycanla-Ermənistan arasında nəqliyyat-kommunikasiya marşrutlarının açılması, o cümlədən Zəngəzur Dəhlizinin reallaşması deməkdir. Bu dəhliz Azərbaycanın əsas hissəsindən Naxçıvan ərazisinə rahat çıxışı təmin etməklə, beynəlxalq ticarət marşrutlarının tərkib hissəsi kimi ölkəmizin əhəmiyyətini daha da artırmaqla yanaşı, Ermənistana da nəhayət ki, iqtisadi blokadadan çıxmağa, regiondakı inteqrasiya proseslərindən faydalanmağa imkan verəcək. Azərbaycanla düşmənçiliyə son qoyması Ermənistanın eyni zamanda Türkiyə ilə münasibətlərinin normallaşmasına da təkan verəcək.
Beləliklə, bu gün Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzanlanmasını istəməyən müəyyən qüvvələr olsa da, buna mane ola biləcək xarici əngəl mövcud deyil. Ermənistan rəhbərliyi sülh istəyirsə, istər xarici təsirlər, istərsə də daxili təzyiq, zəhərli erməni ideologiyası qarşısında iradə, qətiyyət göstərməli, sülh sazişinin hazırlanması və imzalanması yönündə əməli addımlar atmalıdır. Rəsmi İrəvan anlayır ki, Azərbaycanın barışıq təklifindən imtina etsə, yenidən dəmir yumruğu seçmiş olacaq, ona görə də sülhə razılaşmaqdan başqa yolu yoxdur.
Hülya Məmmədli
Politoloq