Çox da uzaq sayılmayacaq keçmişdə bazarlarda yalnız hər mövsümə uyğun meyvə-tərəvəzlər tapmaq olardı. İndi isə ilin istənilən fəslində bütün nemətlər satışa çıxarılır, geni modifikasiya olunmuş məhsullar bazarlarda ayaq tutub yeriyir. Piştaxtalar boyu-buxunu bir, əkiz kimi bir-birinə oxşayan meyvə-tərəvəzlərlə dolu olsa da, alıcıların tələbatını ödəyə bilmir. Açıqca hiss olunur ki, məhsulların keyfiyyəti azalıb. Bu gün genetik modifikisiya olunmuş (GMO) məhsulların ölkəyə gətirilməsi, onların törədə biləcəyi fəsadlar barəsində cəmiyyətdə ciddi narahatlıqlar müşahidə edilir. Həmin qidaların istifadəsinin fəsadları isə artıq neçə illərdir hiss olunmaqdadır.
GMO-lu məhsullar bir orqanizmdən digərinə DNT köçürmək, yaxud bir orqanizmə aid DNT-nin biotexnologiya vasitəsi ilə dəyişdirilməsi deməkdir. Orqanizmdəki hər hansı bir funksiya, ya da bir xüsusiyyət genetik olaraq dəyişdirilə və ya genetik modifikasiya ilə başqa bir orqanizmdə fəaliyyət göstərə bilər. GMO-nun yaradılması üçün əvvəlcə bir hüceyrədən sözügedən geni əldə etmək lazımdır. Daha sonra bu gen əvvəlcədən seçilmiş orqanizmdə çoxaldılır. Orqanizm artıq bu yeni geni istehsal etməyə başlayır. Tərkibində GMO olan qidalar həşəratlar tərəfindən yeyilmir. Belə məhsullar xarab olmur və çürümür.
Dünyada GMO tərkibli məhsulların istifadəsinə qarşı çıxanların sayı artır. Bir çox ölkələr, o cümlədən, Avstriya, Macarıstan, Yunanıstan, Polşa, İsveçrə GMO-lu məhsullardan istifadəni tədricən dayandırıb.
Bəzi mənbələr isə satıldığı məhsulların GMO-lu olduğunu əvvəlcədən rəsmən bildirir. Etiketdə bitki mənşəli protein qeyd olunubsa, demək, bu, 100 faiz təbii məhsul deyil. Hələ XVI əsrdə ilk sınaq aqronomları genetik qanunları bilmədən hibrid bitkilər yaradıb, əkmək üçün zərərvericilərə davamlı olan və daha çox məhsul verən sortlar seçiblər.
2019-cu ildə "Food and Chemical Toxicology" jurnalı geni dəyişdirilmiş qidaların insan orqanizmi tərəfindən necə qəbul olunduğuna dair icmal dərc edib. İcmalda qeyd olunur ki, araşdırmalar insan və heyvanların qanında və toxumalarında qidaların (o cümlədən, geni dəyişdirilmiş qidaların) yaratdığı DNT-nin olduğunu göstərir. ABŞ Milli Elmlər, Texnologiya və Tibb akademiyalarının birgə hesabatında isə qeyd olunur ki, bu cür məhsullar nəinki zərərlidi hətta insanlar üçün faydası var.
Bazara çıxarılmazdan öncə alimlər uzun illər GMO tərkibli məhsulları sınaqdan keçiriblər, transgenlərin və gen ifadə məhsullarının necə davrandığını müşahidə ediblər. Beynəlxalq qanunvericilik tələb edir ki, hər bir belə məhsul insanların, heyvanların və ətraf mühitin təhlükəsizliyi baxımından sınaqdan keçirilsin.
Tədqiqatçılar GMO-lu məhsullarla qidalanmanın birinci nəsildə, bəzən isə hətta sonrakı nəsillərdə sağlamlıq üçün fəsadlar törədə biləcəyini düşünürlər. Laboratoriya analizləri göstərib ki, transgen toxumdan əmələ gələn pomidorun tərkibində likopen maddəsi 80 faiz azalıb (Likopen pomidora və qarpıza qırmızı rəng verən təbii maddədir və bu maddənin çatışmazlığı kişilərdə sonsuzluğa, qadınlarda yumurtalığın polikistozuna səbəb olur). Belə meyvələr uzun ömürlü olduğundan tərkibindəki dərman maddələri tez korlanmağa imkan vermir. Qeyd edək ki, ölkəmizdə yetişdirilən pomidor, qarpız, kartof və soyaların böyük hissəsi genetik modifikasiya olunmuş bitkilərdir.
Bəs geni dəyişdirilmiş məhsulları necə müəyyən etmək olar?
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov "525"ə açıqlamasında bildirib ki, tərəvəzlərin geninin dəyişdirilib-dəyişdirilmədiyini insan adi gözlə müəyyən edə bilmir: "İstehsalçı, yaxud da satış şirkətləri bu məhsulları alıcılara hibrit adı ilə təqdim edirlər. Yəni ki, guya burada gen dəyişikliyi yoxdur. Azərbaycanda da belə meyvə və tərəvəzlərin (o cümlədən, kartof, çiyələk və s.) olmadığına heç kim təminat verə bilməz. Belə məhsulların sertifatlarında da bəzən hibrit olduğunu yazırlar. Azərbaycanda geni dəyişdirilmiş malları araşdırmaq üçün iki laboratoriya var. Onlar isə illərdir balıq kimi susurlar. Guya ki, Azərbaycanda belə mal yoxdur. Azərbaycanda "Raund-ap" adlı herbisid, geni dəyişdirilmiş bitkiləri alaq otlarından qoruyan preparat satılırsa, deməli, ölkədə GMO əkinçiliyi də var. Təəssüf ki, geni dəyişdirilmiş malları araşdırmalı olan laboratoriyalar ya nəyinsə xatirinə susurlar, ya da ümumiyyətlə, araşdıra bilmirlər. Təsadüfi deyil ki, 15 il öncə Braziliyadan 3 genetik monikulyasiya olunmuş mal gətirdim və onların nümunələri hələ də ofisimizdə qalır. Onu müəyyən qaba töküb Azərbaycan laboratoriyalarına verdim, oradan mənə dedilər ki, bunların tərkibində GMO yoxdur.
GMO-lu bitki və qidalar insan orqanizmində sərbəst radikallar şəklində qalır. Orqanizmimizdə isə o cür tərkibi həll etmək üçün fermentlər yoxdur. Ona görə də onlar həll olunmur, insan bədənində qidalanmağa başlayırlar və beləliklə, xəstəliklər əmələ gəlir. Halbuki aparılmış ciddi araşdırma və tədqiqatlar göstərir ki, GMO tərkibli bitki və qidalar canlıları nəsil artırmaq qabiliyyətində məhrum edə bilər".
Deyilənlərdən nəticə çıxarsaq, görərik ki, ABŞ Milli Elmlər, Texnologiya və Tibb akademiyalarının hesabatı belə məhsullar haqqında müsbət rəy bildirməklə insanları onlardan istifadəyə sövq edir.
E.Hüseynov onu da qeyd edib ki, 8 ay öncə "Qida təhlükəsizliyi" haqqında qanun parlamentdə qəbul olunan zaman Azərbaycanda heyvanlara GMO-lu yemlərin verilməsi qanuniləşdirildi: "Çox çalışsaq da, bunun qarşısını ala bilmədik. Bizdə olan məlumatlara görə, GMO tərkibli yemlərlə qidalanan quş və heyvanların ət və südündə GMO əlamətləri var ki, bu da insan orqanizmi üçün zərərlidir. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ciddi cəhdlə sübut etməyə çalışır ki, heyvanlar GMO-lu yemlərlə qidalansa da, bunun insan orqanizminə hər hansı mənfi təsiri olmaz. Amma bu, səhv yanaşmadır. Ona görə biz təklif edirik ki, GMO tərkibli yemlərdən istifadə edən quşçuluq fabrikləri, maldarlıq fermer təsərrüfatları istehsal etdikləri məhsulların üzərində belə yemlərdən istifadə olunduğunu mütləq yazsınlar".
Təbii bitkilərin toxumdan yenisi əmələ gəlir. GMO-lu bitkilərin toxumlarından isə bitki əmələ gəlmir. Bu, bir faktdır ki, bir çox fermerlər, icarədarlar, kənd təsərrüfatı zəhmətkeşləri keyfiyyətə yox, kəmiyyətə, məhsuldarlığa üstünlük verirlər. Meyvə-tərəvəzlərdəki gen dəyişikliyi o yerə gəlib çatıb ki, qəbul edilən qida və ərzaqların tərkibində lazımi vitaminlər ya heç olmur, ya da çox az olur.
Onu da qeyd etmək lazımdır ki, Azərbaycan 2000-ci ildə Bioloji müxtəlifliyə dair BMT-nin konvensiyasına, 2005-ci ildə isə bu konvensiyadan irəli gələn "Biotəhlükəsizliyə dair kartagen protokolu"na qoşulub. Sonuncu sənədin tələblərinə görə, Azərbaycan GMO mənşəli toxum və malların nəzarətsiz buraxılmaması, risklərin öyrənilib qiymətləndirilməsi, bu sahədə əhalinin müntəzəm məlumatlandırılması kimi öhdəliklər götürüb. Amma buna baxmayaraq, təəssüf ki, GMO tərkibli toxum, preparat və məhsulların yayılması miqyası getdikcə genişlənir. Müşahidələrə görə, idxalın xeyli hissəsini mənşəyi bilinməyən məhsullar təşkil edir. Digər tərəfdən, Azərbaycanda da GMO əkinçiliyi, bitkiçiliyi inkişaf edib. Bir çox hallarda yerli fermerlər həm bostan məhsullarının yetişdirilməsində, həm də bağçılıqda məhz həmin növ toxumlara, bitki şitillərinə üstünlük verirlər.
Bu gün insanların böyük əksəriyyəti sağlamlığından şikayət edir. Bu qədər xəstəliklərin artmasının səbəblərindən biri də GMO-lu məhsulların geniş yayılmasıdır. Xaricdən gətirilən mənşəyi bilinməyən, geni dəyişdirilmiş bu məhsulların genefonda vurduğu ziyanı müəyyənləşdirmək üçün ciddi və obyektiv tədqiqatlara ehtiyac var.
Qida mütəxəssisi Ağa Salamovun sözlərinə görə, GMO-lu qida məhsulları orqanizmdə şiş hüceyrələrini, hüceyrə daxilində metabolik şəbəkəni dəyişdirən çoxlu genetik mutasiyaları inkişaf etdirir ki, bu da öz növbəsində genlərə mənfi təsir göstərir. Bundan sonra isə hətta dava-dərman da insanların işinə yaramır: "Bioloji təcrübələr çox vaxt laboratoriyalar arasında təkrarlana bilmir və biz çox vaxt bunun üçün səriştəsiz tədqiqatçıları günahlandırırıq. Görünən odur ki, kiçik metabolik fərqlər təcrübələrin nəticələrini dəyişə bilər. Metabolizmdəki fərqləri daha yaxşı idarə edən yeni laboratoriya prosedurları yaratmaq lazımdır. Bu, bizə daha dəqiq və daha etibarlı təcrübələr hazırlamağa kömək edər. Bir çox hallarda təsirlər o qədər güclənir ki, hüceyrələrin metabolik profilinin dəyişdirilməsi bəzi genlərin tamamilə fərqli şəkildə davranmasına səbəb olur".
Havar ŞƏFİYEVA