Ermənistan yalnız xain qonşu deyil, həm də barbardır. Uzun illərdir Azərbaycan torpaqlarını işğal altında saxlayan bu xain qonşu Azərbaycan torpaqlarından qovulanda da cinayət əməllərindən əl çəkmədi. Dağıdılmış tarixi abidələr, məscidlər, qəbiristanlıqlar xarabalığa çevrilmiş şəhər və kəndlər... Ermənilərin vandalizm izlərinə Ermənistanın silahlı birləşmələri tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində hər addımda rast gəlmək olar. Belə vandalizmə məruz qalan şəhərlərimizdən biri də Ağdam şəhəri olmuşdur. Ermənilər işğal etdikləri digər rayonlarda olduğu kimi, Ağdamda da Azərbaycanın tarixi-mədəni irsinə qarşı görünməmiş vandalizm həyata keçiriblər. Rayondakı abidələr, mədəniyyət ocaqları, məscidlər, qəbiristanlıqlar dağıdılıb, təhqir edilib, bəziləri isə erməniləşdirilib. Xalqımızın milli-mədəni irsi, mədəni abidələri, məscidlər və ibadət evləri dağıdılıb, talan edilıb, hətta qəbir daşları belə yerindən çıxarılıb. Onlardan biri də Ağdam şəhər Cümə məscididir.
Cümə məscidi 1868-1870-ci illərdə memar Kərbəlayi Səfixan Qarabaği tərəfindən tikilib. Ölkə əhəmiyyətli abidələr siyahısında olan bu məscid “Qarabağ məscid memarlığı” məktəbinə aiddir. Ermənilər məscidi hərbi məqsədlərə görə dağıtmayıb, onun minarələrindən koordinasiya üçün istifadə ediblər. Erməni vandalları Ağdam Cümə məscidində də mal-qara saxlamaqla azərbaycanlılara, müsəlman aləminə qarşı öz nifrətlərini nümayiş etdiriblər. Ağdam rayonunda demək olar ki, salamat bina, tikili qalmamış, şəhər sözün əsl mənasında “Ruhlar şəhəri”nə çevrimişdir
Hazırda Ağdam inkişaf yoluna qədəm qoymuş və əhali sabaha ümidlə baxır. Dövlət proqramları Ağdamda uğurla icra olunur. Prezident İlham Əliyevin işğaldan azad edilmiş rayonlara hər səfəri bir sıra infrastruktur layihə üzrə təməlqoyma, eləcə də tikilib başa çatdırılmış obyektlərin açılışı ilə müşayiət olunur. Bəllidir ki, müharibədən sonra irimiqyaslı quruculuq işləri ilk olaraq Ağdamdan başladı.
Nəyə görə Ağdam? Çünki Ağdam Qarabağın giriş qapısıdır və 27 ildə düşmənin vəhşiliyi burada heç bir həyat əlaməti saxlamamış, şəhər səhralığa bənzər bir xarabalığa çevrilmişdi. Ağdamın həm strateji əhəmiyyəti, həm də bu acı mənzərəsi tikinti-quruculuq işlərinin ilk olaraq buradan başlanması zərurətini yaradırdı. Beləliklə, 2021-ci il 28 may tarixində Ağdamın Baş Planı Azərbaycan ictimaiyyətinə təqdim olundu. 125 hektarlıq Ağdam şəhər meşə-parkında ağacların əkilməsi, Bərdə-Ağdam avtomobil yolunun, Ağdam şəhərində inşa olunacaq ilk yaşayış binası, Ağdam Sənaye Parkının, Zəfər muzeyi və açıq hava altında İşğal muzeyi, 140 illik tarixi olan Ağdam şəhər 1 saylı məktəbin yeni binasının təməlqoyma və Ağdam şəhərinin bərpasının təməl daşı atıldı.
2022-ci ilin 13 fevral tarixində Prezident İlham Əliyev daha bir neçə vacib obyektin təməlinin atılması, bir neçə obyektin açılışı üçün yenidən Ağdamda oldu. Bu, Ağdamda görülən və görüləcək işləri ictimaiyyətə detallı təqdim edən bir səfər idi. Dövlət başçımız tərəfindən Ağdamda qoyulan bütün möhkəm bünövrələr, özüllər isə bu qədim Qarabağ şəhərinin tarixi əzəmətinin tezliklə özünə qaytarılacağının, 30 il idi ki, "ruhlar şəhəri", "Qafqazın Xerosiması" kimi anılan yaralı yurdumuzun dirçəldilərək cənnətməkana çevriləcəyinin parlaq işarədir.
Belə ki, Ağdamı qaranlıqdan çıxaracaq 110/35/10 kV-luq “Ağdam-1” və “Ağdam-2” elektrik yarımstansiyaları işə salındı. “Qarabağ” Regional Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzi istifadəyə verildi.
Burada ən son innovativ texnologiyalar əsasında Prezidentin xüsusi nümayəndəliyinin qərargahı fəaliyyət göstərir. Qərargahda innovativ tikinti materiallarından istifadə olunmaqla, yüksək keyfiyyətli modul tipli isti və soyuğa davamlı, ekoloji fərdi yaşayış və inzibati binalar inşa olunub. Təhlükəsizliyin təmin edilməsi məqsədilə müasir kamera müşahidə məntəqəsi yaradılıb, açıq və qapalı idman zalları, futbol, basketbol və voleybol meydançaları, ilkin tibbi yardım məntəqəsi, müxtəlif tədbirlər üçün iclas zalı və avtomobil dayanacaqları tikilib.
Qərargahda günəş və bioqaz enerjisindən istifadə sistemləri quraşdırılıb və daxili yollar müasir işıqlandırma sistemləri ilə təchiz edilib. Ümumilikdə 3300 kvadratmetr sahədə salınmış yaşıllıq zolağında ilin hər fəslinə uyğun 30-dan çox növdə ağac və bitki kolları əkilib. Yaşıllıqların suvarılması üçün 3500 metr avtomatlaşdırılmış damcılama və çiləmə sistemləri quraşdırılıb.
Heydər Əliyev Fondu tərəfindən aparılan Ağdam Cümə məscidinin bərpa-restavrasiya işlərini də xüsusi qeyd etmək lazımdır. Ağdamın tarixi abidələrinin qorunması, bərpası da diqqət mərkəzində saxlanılır.
Bir sözlə, yeni Ağdam sevinclə doğma övladlarına qucaq açmağa hazırlaşır. Vətən torpaqlarımızın qətiyyətlə azad olunması, sonra isə dirçəldilməsi üçün görülən bütün müstəsna işlər isə vaxtilə Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilən qayıdış strategiyasının Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən böyük müvəffəqiyyət və əzmlə həyata keçirilməsinin möhtəşəm nəticəsidir.
Əminik ki, Ağdamda hər daş üstünə daş qoyulduqca, onun əvvəlki acı mənzərəsinin yerinə müasir, işıqlı, öz sakinlərinin isti nəfəsi ilə canlanmış gözəl Ağdam keçəcək. Ağdam düşmənə gözdağı kimi dikəlir, dostlara sevinc gətirir. Tarixlər şahidi Soltanbud təpəsinin zirvəsindəki üçrəngli bayrağımız, sanki, düşmənə güc və əzəmətimizi nümayiş etdirir, soydaşlarımızın yurd sevgisini və böyük ümidlərini dalğa-dalğa ətrafa yayır…
Nəzakət Həmzəyeva
Suraxanı rayonu 101 nömrəli tam orta məktəbin tarix müəllimi