Gənclərin böyük əksəriyyəti idmana zaman ayırsa da onlar arasında ürək xəstəliklərindən əziyyət çəkənlərin sayı az deyil. İdman dedikdə ağlımıza hansısa qapalı idman zalı gəlir. Əslində isə bu, heç də sağlam üsul deyil. Daha yaxşı olardı ki, insanlar açıq havada qaçmağa, müxtəlif idman hərəkətləri etməyə üstünlük versinlər.
Mütəxəssislərin sözlərinə görə, gün ərzində ən azı 45 dəqiqə-1 saat gəzinti vacibdir: "Həmişə vurğulayırıq ki, sürətli qaçmaq lazım deyil. Çünki yarış tərzinə bənzəyən idman növləri stress əmələ gətirir. Mütəxəssislər ona görə də bunu tövsiyə etmirlər. Yaxşı olardı ki, insanlar hər gün təmiz havada gəzsin, bir-biri ilə söhbət etsinlər".
Oturaq həyat tərzi müasir dövrdə sağlamlıq üçün ən böyük təhlükə yaradan səbəblərdən biri sayılır. Təəssüflər olsun ki, indi qısa məsafəni də avtomobil və ya ictimai nəqliyyatla getməyi üstün tutanlar var. Piyada gəzməyin insan orqanizmi üçün çox böyük faydalıdır. Xüsusilə idmanla məşğul olmağa vaxtı və həvəsi olmayanlar üçün piyada gəzmək daha çox vacibdir.
“Sürətli və cəld yeriş əzələləri möhkəmləndirir, bədən quruluşunu normal saxlayır, artıq çəkinin yığılmasına imkan vermir. Piyada gəzmək ürək-damar sistemi üçün daha çox faydalıdır. Gəzinti zamanı qan dövranı yaxşılaşır, beyin və digər orqanlar oksigenlə daha yaxşı qidalanır. Əhvalın xoş olması, stressin və gərginliyin aradan qaldırılması üçün də gəzinti ən yaxşı vasitədir.
Piyada gəzinti orqanizmdə tənəffüs və qan-damar sisteminin işini yaxşılaşdırır, qanda xolesterinin və şəkərin səviyyəsinin azalmasına səbəb olur. Şəkərli diabet xəstələrinin profilaktikası və müalicəsində çox müstəsna əhəmiyyət daşıyır. Sümük-dayaq sistemi və oynaqların funksiyasını yaxşılaşdırır”.
Gəzinti zamanı addımların sayına fikir vermək lazımdır. Yaşa, cinsə və sağlamlıq vəziyyətinə görə addımların sayını azaltmaq və artırmaq olar: “Gəzinti dörd sürətlə aparılır. Dəqiqədə 60-70 addım yavaş, 70-90 addım orta, 90-110 addım yüksək, 110-130 addım atmaqla olan gəzinti çox yüksək sürətli hesab olunur. Gəzinti zamanı tənəffüsün normal olmasına fikir vermək lazımdır. Çalışmaq lazımdır ki, gəzinti təngnəfəsliyə və ağrıya səbəb olmasın”.
Axşam gəzintisi sağlam və dərin yuxuya da yaxşı kömək edir. Yaradıcı insanlar üçün də bu, xüsusilə vacibdir. Çünki gəzinti zamanı daha dərindən düşünmək mümkündür. Müntəzəm olaraq gün ərzində 30-40 dəqiqə piyada gəzməklə orqanizmdə baş verən müsbət dəyişikliklərin şahidi olmaq mümkündür.