Görkəmli ictimai xadim, oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 100 illik yubileyi münasibətilə aprelin 25-də Suraxanı Rayon İcra Hakimiyyətinin və Suraxanı Tibb Mərkəzinin birgə təşkilatçılığı ilə konfrans keçirilib.
Suraxanı Tibb Mərkəzində keçirilən konfransı açıq elan edən mərkəzin direktoru Aybəniz Saniyeva qonaqları salamladıqdan sonra Ulu Öndər Heydər Əliyevin, akademik Zərifə xanım Əliyevanın və Vətən Müharibəsi şəhidlərinin əziz xatirələri bir dəqiqəlik sükutla anılıb, eləcə də Zərifə xanım Əliyevanın həyat və fəaliyyətini əks etdirən qısa videoçarx nümayiş olunub.
Aybəniz Saniyeva çıxışında milli oftalmologiyamızın banilərindən hesab edilən akademik Zərifə xanım Əliyevanın xalq üçün, vətən üçün əlindən gələni əsirgəməyərək öz mənalı ömrünü Ulu Öndərə və övladlarına həsr etdiyini vurğulayıb. O, bildirib ki, intellektual keyfiyyətləri özündə birləşdirən ziyalı Zərifə xanım Əliyevanın həyatı, elmi və yaradıcılıq fəaliyyəti ilə daha yaxından tanış olduqca, haqqında xatirələri oxuduqca yaddaşımızda böyük insanın işıqlı obrazı canlanır.
Suraxanı Rayon İcra Hakimiyyəti başçısının müavini Könül Axundova çıxış edərək bildirib ki, Zərifə xanım bir alim kimi müasir oftalmologiya sahəsinə böyük töhfələr verib. Nəinki ölkəmizdə onun hüdudlarından kənarda da kifayət qədər tanınan Zərifə xanım oftalmologiya sahəsinə gətirdiyi yeniliklər, onun neçə-neçə elmi məqaləsi, kitabları dünyanın ən tanınmış alimləri tərəfindən yüksək qiymətləndirib. O, qeyd edib ki, Bu gün Zərifə xanımın ruhu şaddır. Çünki böyük qayğı və məhəbbətlə boya-başa çatdırdığı övladı – möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində Azərbaycanın adı dünya tarixinə yazıldı. Belə bir oğlu – qalib sərkərdəni böyüdən Zərifə xanımı hörmətlə anırıq, xatirəsi qarşısında böyük ehtiramla baş əyirik.