Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun doğum günü münasibətilə aprelin 25–də Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov, RİHB-nin müavinləri və şöbə müdirləri, RİHB-nin Əmircan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi və bələdiyyə sədri, 154 nömrəli tam orta məktəbin kollektivi cəsur tankçının təhsil aldığı və onun adını daşıyan 154 nömrəli məktəbin həyətindəki büstünü ziyarət edib, gül dəstələri qoyublar.
Aqarunov Albert Aqarunoviç 1969-cu il aprelin 25-də Əmircan qəsəbəsində yəhudi ailəsində anadan olub. 1-ci Qarabağ müharibəsi başlayarkən Aqarunov cəbhəyə könüllü yazılıb, Xankəndi, Daşaltı, Cəmilli istiqamətində gedən döyüşlərdə erməni işğalçılarının xeyli canlı qüvvəsini və zirehli texnikasını məhv edib. O, 8 may 1992-cu ildə Şuşa uğrunda gedən döyüşlərdə snayper gülləsinə tuş gələrək 23 yaşında döyüş meydanında qəhrəmancasına şəhid olub.
Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı fərmanı ilə Aqarunov Albert Aqarunoviç ölümündən sonra "Azərbaycan Milli Qəhrəmanı" adına layiq görülüb.