Prezidentimiz cənab İlham Əliyevin 5 oktyabr tarixində Ağdamda Azərbaycan Milli Şəhərsalma Forumunun açılış mərasimində çıxışı ilə tanış oldum. O, öz çıxışı zamanı 30 illik işğal dövrü ərzində daşları bir bir sökülən, oğurlanan, satılan, bir sözlə vandalizm qurbanı olan Ağdam şəhərində 67 məsciddən 65-nin dağıdıldığını, Şuşa, Laçın və qismən Kəlbəcər bölgələri bütün binaların dağıdılmadığı yeganə yerlər olduğunu qeyd edib. Beynəlxalq hüququn və Cenevrə Konvensiyasını kobud şəkildə pozan Ermənistan dövləti həm qanunsuz məskunlaşma siyasəti həyata keçirərək müxtəlif ölkələrdən olan erməniləri işğal olunmuş ərazilərimizdə yerləşdirmiş, həm də doğma torpaqlarımızda tamamilə etnik təmizləmə siyasəti yürüdərək 1 milyondan çox azərbaycanlını öz yurd-yuvasından didərgin etmişdir. Azərbaycana və azərbaycanlılara qarşı olan terror siyasətini davam etdirən ermənilər işğal dövründə 1 milyondan çox mina basdırıblar və bu məsələ bizim ən böyük çətinliyimizdir. II Qarabağ müharibəsindən sonra təxminən 250 azərbaycanlı minaların partlaması nəticəsində həlak olub və ya ağır yaralanıb.
Böyük qələbəmizdən sonra hər kəs, əcnəbi qonaq, jurnalist, siyasətçi, vətəndaş cəmiyyəti nümayəndələri azad olunmuş ərazilərdə Ermənistanın işğalı və təcavüzünün nəticəsini görür. Barbarlığı və vandalizmin nəticələrinin şahidi olan ekspertlər və jurnalistlər isə tamamilə viran qoyulan Ağdamı “ruhlar şəhəri” adlandırırlar. BMT, ATƏT kimi aparıcı beynəlxalq təşkilatların və digərlərinin Ermənistan qoşunlarının torpaqlarımızdan dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamə və qərarlar qəbul etməsinə, xüsusilə BMT Təhlükəsizlik Şurasının 30 il ərzində kağız üzərində qalan 4 qətnaməsinə və Ermənistana sanksiyalar tətbiq etməsinə baxmayaraq Azərbaycanla danışıqlar prosesini sonsuz etmək istəyən Ermənistanın əsas hədəfi işğalçılıq siyasəti yürüdərək və bundan əl çəkməyərək de-fakto vəziyyətini yerində dəyişmək idi. Bunun nəticəsində də danışıqlar heç bir nəticə olmadan 28 il davam etdi. Beynəlxalq ictimaiyyətın xalqınımızın humanitar fəlakətinə göz yummağa qərar verməsi, ATƏT-dən mandatı olan Minsk Qrupu adlandırılan struktur və onun həmsədrləri işğal olunmuş ərazilərə dəfələrlə səfərlər etməsi, erməni barbarlığını görməsi və qınamaması çox böyük təəssüf doğurur. Məhz buna görə də, daxili işlərimizlə bağlı məsələləri işğal dövründə bu qondarma qurumu tanımayan beynəlxalq qurumlarla və ya böyüklüyündən və potensialından asılı olmayaraq, heç bir ölkə ilə müzakirə etmədiyimizi cənab Prezident çıxışı zamanı vurğulamışdır.
Bütün bunlara baxmayaraq Azərbaycan sülh təklif ederək beynəlxalq hüququn beş əsas prinsipini irəli sürmüşdür: ölkələrin ərazi bütövlüyünün qarşılıqlı tanınması, gələcəkdə ərazi iddialarından çəkinmək, güc tətbiq etməmək və ya güc tətbiq etmək hədəsindən çəkinmək, dövlət sərhədlərinin müəyyən edilməsi və kommunikasiyaların açılması. Sülh sazişi layihəsinin hazırlanması gündəliyi ilə bağlı Azərbaycanın və Ermənistanın xarici işlər nazirlərinin ilk görüşü keçirilmişdir. Biz, 30 ilə yaxın davam edən işğal illəri ərzində tamamilə Ermənistanın nəzarəti altında olub 400 kilometrdən çox olan sərhəddi müəyyənləşdirmək üçün tarixi sənədlərə, xəritələrə, beynəlxalq təcrübə və metodologiyaya əsaslanaraq fəal şəkildə işləməliyik və Ermənistan Azərbaycan xalqının iradəsini, Azərbaycanın potensialını düzgün qiymətləndirməlidir.
Böyük Qayıdış proqramı başlamış, 300 mindən çox məcburi köçkün üçün yeni ev və mənzillər inşa olunmuş və biz yeni dövrü Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulmasını, məcburi köçkünlər üçün daha yaxşı şəraitin yaradılması dövrünü yaşayırıq. Qürurverici hal isə işğaldan azad olunmuş torpaqları görmədiklərinə baxmayaraq keçmiş məcburi köçkünlərin əksəriyyətinin öz torpaqlarına qayıtmaq istəməsidir və bunun üçün bütün imkanlar səfərbər olunub. İrimiqyaslı infrastruktur layihələr icra olunur və maksimum iki ildən sonra Ağdamın Xıdırlı, Kəngərli və Sarıcalın kəndlərində bir neçə min insan yaşayacaqdır. Ağdam şəhərində min yerlik məktəb tikilir. Cəmi səkkiz ayda tikilən Füzuli Beynəlxalq Hava Limanı, Zəngilan Beynəlxalq Hava Limanını açılması və 2025-ci ildə Laçında Beynəlxalq Hava Limanını istifadəyə verilməsi, Bərdə-Ağdam dəmir yolu gələn il istifadəyə verilməsi, Qarabağ və Şərqi Zəngəzur ərazisində ümumi uzunluğu 50 kilometrdən çox olan 33 tunelin, uzunluğu 12 kilometr olan 84 yeni körpü salınması, tezliklə Cəbrayılda 230 meqavat gücündə olan günəş elektrik stansiyasının tikilməsi əsas layihələrdir.
Ruzilə Möhbalıyeva
Suraxanı rayonu N.Həmidov adına 208 №li tam orta məktəbin direktor müavini