Infoteka.az
Sosial

Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan dilinin dövlət dili kimi Konstitusiyada təsbit olunması

Hər bir xalqın ana dili onun varlığının ən başlıca göstəricisi, özünütəsdiqidir. Azərbaycan dili qədim və zəngin tarixə, ənənəyə malikdir. Azərbaycan dili uzun əsrlik formalaşma dövründə siyasi, dini, mədəni münasibətdə olduğu xalqların dillərindən bəhrələndiyi kimi, ayrı-ayrı mərhələlərdə başqa dillərə də önəmli təsir göstərmişdir.

Azərbaycan dilinin dövlət dili kimi hüquqi aktlarda təsbit olunması məsələsi hələ XX əsrin əvvəllərində – Azərbaycan Xalq Cümhuriyyəti dövründə böyük aktuallıq kəsb etmişdi. Nazirlər Şurasının 1918-ci il 27 iyun tarixli xüsusi fərmanına görə, iki il ərzində dövlət orqanlarının işi tamamilə ana dilində aparılmalı idi. Hətta bir sıra hallarda bu dili bilməyənlər üçün mütərcim çağırılması, işlərin Azərbaycan dilinə tərcümə olunması da nəzərdə tutulurdu. Lakin “İstiqlal Bəyannaməsin”də dövlət dili haqqında maddə öz əksini tapmamışdı. Azərbaycanda Sovet hakimiyyətinin qurulduğu ilk illərdə bu sahədə yenilik baş verməmişdi. 1937-ci ildə qəbul olunmuş Azərbaycan SSR-in yeni Konstitusiyasında da dilimizin hüquqi statusu barədə heç nə yazılmırdı. Şübhəsiz ki, bu, keçmiş sovet rəhbərliyinin apardığı totalitar siyasətin diktə etdiyi reallıq idi.

Stalinin ölümündən sonra repressiyaların dayanması və totalitarizmin ən ağır formalarının aradan qaldırılması istiqamətində atılmış addımlar xalqlara qarşı ayrı-seçkilik siyasətini müəyyən qədər məhdudlaşdırdı və nəhayət, belə bir vəziyyətdə 1956-cı ildə Azərbaycan Respublikası Ali Soveti 1937-ci il Konstitusiyasına xüsusi əlavə qəbul etdi. Həmin əlavədə Azərbaycan SSR-də dövlət dilinin Azərbaycan dili olması təsbit olunurdu.

1969-cu ildə Azərbaycana rəhbər seçilən Heydər Əliyev respublikanın iqtisadi, ictimai-siyasi və mədəni-ideoloji həyatında dirçəliş yaratmaqla yanaşı, dil məsələsinə də xüsusi diqqət və qayğı göstərmişdir. H.Əliyevin ilk gündən yeritdiyi dil siyasəti bir məqsədə xidmət etmişdir: ana dilini inkişaf etdirmək, onun dövlət statusunu reallaşdırmaq, dünya dilləri içərisində nüfuzunu artırmaq.

1970-ci ildə Azərbaycan Dövlət Universitetinin 50 illiyi münasibətilə keçirilən mərasimdə respublika rəhbəri ana dilində çıxış etdi. Burada məqsəd dilimizin yüksək səviyyədə təbliği idi. Həmin illərdə görkəmli Azərbaycan yazıçılarının, şairlərinin, elm xadimlərinin yubileyləri keçirilir, respublika rəhbərinin özü Azərbaycan yazıçılarının qurultaylarında iştirak edir, fikir mübadilələri aparırdı. 1974-cü ildə ali məktəblər üçün hazırlanmış dördcildlik “Müasir Azərbaycan dili” dərsliyi respublika Dövlət mükafatına layiq görüldü.

1978-ci ildə Azərbaycan Konstitusiyasında dövlət dilinin Azərbaycan dili olması haqqında müddəanın müəllifi Heydər Əliyev olmuşdur. Həmin dövrdə respublika rəhbəri siyasi taleyini riskə qoyaraq Əsas Qanunumuzda Azərbaycan dilinin dövlət dili olması barədə müddəanın varlığını təmin etmək üçün təşkilati işlər aparmış, elmi və ziyalı qruplarını da bu işə cəlb etmişdir. Uzaqgörən rəhbərin qətiyyəti və iradəsi sayəsində Azərbaycan dilinin dövlət dili olması barədə müddəa Konstitusiyanın 73-cü maddəsində öz təsdiqini tapmışdı.

Ölkəmiz 1991 -ci ildə öz dövlət müstəqilliyinin bərpasına nail olduqdan sonra Azərbaycan dili öz inkişafının yeni mərhələsinə qədəm qoydu, milli dövlətçiliyin başlıca rəmzlərindən biri kimi sözün həqiqi mənasında dövlət dili statusu qazandı. Məhz bu mərhələdə milli dövlətçiliyin mühüm atributu olan ana dilinin daha da inkişafı və zənginləşməsi, onun müasir elmi tələblər səviyyəsində geniş və hərtərəfli araşdırılması və beynəlxalq aləmdə tanınması üçün daha böyük imkanlar yarandı, bu yöndə geniş üfülər açıldı və bir sıra mühüm və sanballı işlərə ilkin imza atıldı.

1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyası hazırlanarkən dövlət dilinin necə adlandırılması ilə bağlı müxtəlif təkliflər olmuşdu və onların çox böyük əksəriyyətində ana dilimizin Azərbaycan dili adlandırılması ideyası dəstəklənirdi. Müzakirələrin nəticəsi olaraq 1995-ci il Konstitusiyasının 21- ci maddəsində Azərbaycan Respublikasında dövlət dilinin Azərbaycan dili olması öz əksini tapdı.

Azərbaycan Respublikasının Konstitusiyasının həmin maddəsində birmənalı şəkildə qeyd olunur:

I. Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir.

II. Azərbaycan Respublikası əhalisinin danışdığı başqa dillərin sərbəst işlədilməsini və inkişafını təmin edir.

Azərbaycan Respublikasının 1995-ci il noyabrın 12-də referendum yolu ilə qəbul olunmuş Konstitusiyasında Azərbaycan dili rəsmi dövlət dili kimi təsbit edildi, dövlət dili statusu aldı. Bu tarixi hadisədən başlayaraq Azərbaycan Respublikasında dil siyasəti birmənalı və yetkin şəkildə formalaşdı.

Heydər Əliyev Azərbaycan dilinin qorunmasına və inkişafına xüsusi diqqət yetirmişdir. 2001-ci ilin 18 iyununda “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” fərman imzalamışdır. Bu tarixi sənəd dilimizin inkişafı və tətbiqi sahəsində meydana çıxan problemlərin həllində mühüm rol oynamışdır. Fərmanda Azərbaycan dilinin tarixi ilə xalqımızın tarixi arasında sıx və qırılmaz tellər olduğu vurğulanır və dil siyasətinin azərbaycançılıqla bağlılığı qeyd olunurdu.  Həmin fərmanda Azərbaycan Prezidenti yanında Dövlət Dil Komissiyasının yaradılması da nəzərdə tutulurdu.

Heydər Əliyev ölkənin dövlət dili ilə bağlı aşağıdakı mühüm sənədlərə də imza atmışdır:

- “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 9 avqust 2001-ci il tarixli Fərman;

- “Azərbaycan Respublikasında Dövlət dili haqqında” 30 sentyabr 2002-ci il tarixli Azərbaycan Respublikasının Qanunu

- “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə 2 yanvar 2003-cü il tarixli Fərman.

2001-ci il avqustun 9-da Azərbaycan Prezidenti yeni fərman – “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” mühüm bir sənəd imzaladı. Bu sənəd dilimizin tətbiqi işinin daha mükəmməl səviyyədə həyata keçirilməsinə stimul verdi, yaddaşımıza və milli-mənəvi dəyərlərimizə, eyni zamanda, əlifbamızın beynəlxalq aləmə daha yaxın olan bu qrafika ilə Azərbaycan əlifbasına keçidi sürətləndirdi. Məhz bundan sonra respublikada bütün yazılı sənədləşmələr heç bir istisnaya yol verilmədən bu qrafika ilə aparılmağa başlandı.

2003-cü il yanvar ayının 2-də isə Heydər Əliyevin fərmanı ilə “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindi. Həmin qanunda dövlətin ana dilinə qayğısı sahəsindəki əsas vəzifələr dəqiq şəkildə göstərildi. Qanun dövlət dilinin inkişaf proqramının hazırlanmasını və dövlət büdcəsindən ayrılmış vəsait hesabına həmin proqramın həyata keçirilməsinin maliyyələşdirilməsini hökumətin başlıca vəzifələrindən biri kimi qarşıya qoymuşdu. Sənəddə qeyd olunan bütün müddəalar Azərbaycanda dövlət dilinin qorunmasını və inkişafını təmin etməyə qadir çox mükəmməl bir hüquqi sistemin mövcud olduğunu bir daha təsdiqləyirdi.

 

Ramil Kişiyev

Suraxanı rayonu, 196 nömrəli tam orta məktəbin direktoru

Infoteka.az