Infoteka.az
Sosial

Xalqı xalq edən, milləti millət edən onun ana dilidir

Tarixi şəxsiyyətlərin   xalqın, millətin, xüsusilə də dövlətin formalaşmasındakı rolu barədə çox yazılıb, çox deyilib. Hansı dövrdə və hansı məkanda olmağından asılı olmayaraq fenomen insanların yaradıcı, inkişafetdirici mövqeyi qeydsiz – şərtsiz qəbul olunub. Taleyinə belə dahilərin imzası düşən xalqlar onlarla fəxr edib. Azərbaycan xalqının Heydər Əliyev şəxsiyyəti ilə fəxr etdiyi kimi.

 Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyindəki mövqeyi tarixin yaddaşına elə ştirixlərlə həkk olunmuşdur ki, zaman keçdikcə dəyəri daha aydın dərk olunacaqdır. Hakimiyyətdə olduğu hər iki mərhələdə təkcə siyasi arenada yox,  elm, təhsil, səhiyyə, mədəniyyət, ordu quruculuğu və digər sahələrdə həyata keçirdiyi çoxşaxəli fəaliyyəti sanki  birbaşa  “Gələcək Azərbaycan”  proqramı əsasında qurulmuşdu.

Ulu öndərin fəaliyyəti, xalqımızın və dövlətçiliyimizin tarixindəki rolu barədə saysız – hesabsız yazılar, araşdırmalar mövcuddur. Mənim isə, yəqin ki,  peşəm və ixtisasımla əlaqədar olaraq daha çox Ulu Öndərin ana dilimizə münasibəti diqqətimi çəkib.

Ümummilli liderin  həyat və fəaliyyətinə  həsr olunan mənbələri araşdırarkən, demək olar ki, hər dəfə yeni bir fakt nəzərə çarpır. Hələ 27 aprel 1978 – ci il tarixində  Azərbaycan dilinin dövlət dili kimi Konstitusiyada təsbit olunması ilə bağlı  aparılan ciddi işlərin birbaşa Heydər Əliyevin şəxsi təşəbbüsü olması onun doğma dilimizə sonsuz sevgisinin və qayğısının  nümunəsi kimi qiymətləndirilməlidir. Sovet rejiminin  milli dilləri sıxışdırdığı bir vaxtda ana dili məsələsinin təbliği ilə məşğul olmaq böyük cəsarət tələb edirdi. SSRİ – nin tərkibində olan digər milli respublikaların rəhbələri də  ana dili məsələsini gündəmə gətirməkdə aciz idilər. Lakin Ulu Öndər bu məsələdə öz mövqeyini  cəsarətlə ortaya qoydu.

1978 – ci il aprelin 2 – də IX çağırış Azərbaycan SSRİ Ali Sovetinin  Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş VII sessiyasında çıxış edərkən Ulu Öndər tərəfindən 73 – cü maddəni yeni redaksiyada təqdim etmək təklif olunur:  “  Azərbaycan  Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir  “

Bu cümlə gələcək müstəqil dövlətçiliyin ən önəmli milli rəmzlərindən birinin əsasını məharətlə qoymuş oldu.

Milli lider dövlət dili uğrunda apardığı ardıcıl mübarizəyə ziyalıları, bütün vətənpərvər qüvvələri də cəlb edirdi. Bu fəaliyyətin məntiqi davamı  1995 – ci ildə Azərbaycan Respublikasının Konstitusiyası hazırlananda da  özünü göstərdi. Geniş müzakirələrdən sonra 1995 – ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyanın 21 – ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapmışdır.

Heydər Əliyevin dövlət dilimizin yeni inkişaf dönəmində atdığı daha bir vacib addım 2001-ci il iyunun 18-də imzaladığı "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" fərman olmuşdur. Dil siyasətinin formalaşması, möhkəmləndirilməsi baxımından bu tarixi fərman müstəsna əhəmiyyətə malikdir. Həmin fərmana əsasən Azərbaycan Prezidenti yanında Dövlət Dil Komissiyasının yaradılması daha bir önəmli addım idi.

    Bütün bunlarla paralel olaraq dil sahəsində yaşanan problemlərin həllinə xidmət edən tədbirlər də həyata keçirilirdi.

 "Azərbaycan əlifbası və Azərbaycan dili Gününün təsis edilməsi haqqında" 2001- ci il 9 avqust tarixli Fərmanın bu sahədə qəbul edilən daha bir önəmli rəsmi  sənəd oldu.

Azərbaycan dilinin dövlət dili kimi hüquqi statusunu nizamlayan "Azərbaycan Respublikasında dövlət dili haqqında" 2002-ci il 30 sentyabr tarixində qəbul edilən Qanun isə təkcə respublikamızda deyil, həm də bütün dünyada azərbaycanlıların özünümüdafiə ehtiyaclarının ödənilməsinə zəmin yaratmış oldu.

Bundan başqa Ulu Öndər Heydər Əliyev iştirak etdiyi müxtəlif tədbirlərdə, görüşlərdə dilimizin zənginliyi və qiymətli olması ilə nitqlər söyləmişdir. O azərbaycanlı olmağı ilə fəxr etdiyi kimi öz ana dilimizlə də fəxr edirdi.

Belə ki, “Müstəqil Azərbaycan vətəndaşı  dilini sevməyi, dilinə dəyər verməyi Heydər Əliyevdən öyrəndi” desək yanılmarıq. Xalqımız da onun başqa sahələrdə olan xidmətləri ilə yanaşı ana dilimizə can verən işlərinin  qarşılığında dilimizi qoruyur və yüksək dəyər verir. Hər bir insan öz dilini sevməli və bu dildə danışmağı özünə vətəndaşlıq borcu bilməlidir. Ulu Öndərin sözləri ilə desək “Dil, dil, bir də dil... Dili inkişaf etdirməliyik. Mən demişəm və bu gün də deyirəm. Bizim gənclərə deyirəm ki, rus dilini yaxşı bilin, ingilis, fars, ərəb, fransız dillərini də yaxşı bilin. Amma bunların hamısından yaxşı öz Azərbaycan dilimizi öyrənin. Əgər bunu bilməsən, sən tam azərbaycanlı olmursan.” 

 

Nisə Fərəcova

Suraxanı rayonu, 232 nömrəli tam orta məktəbin direktoru

Infoteka.az