Azərbaycanın dünya səviyyəsində irimiqyaslı layihələrin təşəbbüskarı və icraçısı kimi tanınması ardıcıl və sürətli fəaliyyətin labüd nəticəsidir. Enerji diplomatiyasının uğurla genişləndirilməsi bu istiqamətdə aparılan işlərin əhəmiyyətli halqasını təşkil edir. Cari ilin 25 aprel tarixində Sofiyada Bolqarıstan, Rumıniya, Macarıstan, Slovakiyanın ötürücü sistem operatorları və SOCAR arasında Anlaşma Memorandumunun imzalanması müsbət pronozlaşdırma üçün zəmin yaradır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Anlaşma Memorandumunda çıxışı zamanı vurğuladığı kimi Avrasiyanın enerji xəritəsi yenidən cızılır. Bu yeni xəritədə Azərbaycanın aparıcı rol oynaması qürurverici olmaqla yanaşı enerji təhlükəsizliyinin təmin olunması sayəsində ölkənin inkişafı nöqteyi nəzərindən də ümidverici görünür. Təbii ki, ilk növbədə iqtisadi əlaqələrin inkişafı kimi diqqətə çatan bu layihələr əvvəlki mərhələdə siyasi dialoqun formalaşması sayəsində gerçəkləşməsi mümkün olmuş fəaliyyətlərdir. Bu mənada Sofiyada baş tutan Anlaşmanı Bolqarıstan Prezidenti cənab Radevin bir ay əvvəl Azərbaycanda səfərdə olması nəticəsində siyasi əməkdaşlığın inkişafının növbəti addımı hesab etmək olar. Bu günə qədər Azərbaycanın enerji sahəsindəki layihələrdə layiqli tərəfdaş kimi çıxış etməsi də Avropa ölkələrini daha əhatəli proqramların reallaşdırılması üçün həvəsləndirir. 1994-cü ildə “XX əsrin müqaviləsi”nin bağlanması ilə xarici neft şirkətlərinin Azərbaycana dəvət olunması qısa zamanda neft və neft məhsullarının ixracı sahəsində inkişafa rəvac verdi. Bu gün isə ölkəmiz artıq XXI əsrin layihəsi üzrərində çalışan daha təcrübəli və güvənilən tərəf kimi çıxış edir.
Enerji sahəsinin mühüm istiqamətlərindən biri olan təbii qaz resurslarının səmərəli istifadəsi üçün yeni marşrutların müəyyən olunması və Avropa xəttinin şaxələndirilməsi Azərbaycan üçün yeni hədəflər formalaşdırır. Avropa İttifaqının 9 üzv dövlətinin ölkəmizlə “Strateji Tərəfdaşlıq haqqında” Bəyannamə və Sazişlərə imza atması gələcək üçün müsbət təsəvvür yaradır. Ötən ilin iyul ayında imzalanmış Azərbaycan və Avropa Komissiyasının ” Enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu “ da bu baxımdan diqqətəlayiqdir. Məhz həmin Memorandumun icrası çərçivəsində Azərbaycan 2027-ci ilə qədər Avropa İttifaqı ölkələrinə qaz ixracını iki dəfə artırmağı planlaşdırır. Bu il üçün nəzərdə tutulmuş qaz ixracı 12 milyard kubmetr təşkil edir ki, bu da 8 milyard kubmetr qazın ixracı gerçəkləşdirilmiş 2021-ci ilə görə real artımın göstəricisidir. Bu il üçün nəzərdə tutulmuş ümumi təbii qaz ixracının yarısının məhz Avropaya yönlənməsi qaz hasilatı və ixracı sahəsində yeni coğrafi xəritənin cızılmasının əhəmiyyətini önə çıxarır. Hazırda Azərbaycan qazının Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, İtaliya kimi ölkələrə ixracının uğurla reallaşdırılması Rumıniya, Macarıstan, Slovakiya kimi ölkələrin də əlavə olunması ilə daha əhatəli mərhələyə keçidi təşkil edəcəkdir. Albaniya ilə yerli qazpaylayıcı sistemin qurulması məqsədilə aparılan danışıqların da uğurla nəticələnəcəyi şübhə doğurmur. Cənub Qaz Dəhlizinin Albaniya ərazisindən keçməsi bu danışıqları və qarşılıqlı razılaşmanı labüd edir. “ Həmrəylik Halqası” nın genişləndirilməsinin böyük planların icrası istiqamətində görüləcək işlərə müsbət təsiri aydındır.
Azərbaycanın enerji təhlükəsizliyi sahəsində dünya ölkələrinə verdiyi töhfələr təbii qazla məhdudlaşa bilməz. Yeni çağın tələblərinə uyğun olaraq bərpaolunan enerji məhfumunun gündəmə gəlməsi də ölkəmiz üçün yeni fəaliyyət və inkişaf istiqamətləri müəyyən edir. 25 qiqavatdan artıq bərpaolunan enerjinin istehsalını hədəfləyən layihə çərçivəsində ölkəmizin aparıcı beynəlxalq şirkətlərlə bağladığı müqavilələr ilk külək və günəş enerjisi stansiyalarının tikintisinə başlanılması ilə müşaiyət olunur. Lakin bu hədəflərin son mənzili deyil. Ümumilikdə 200 qiqavat təşkil edən bərpaolunan enerji potensialının Azərbaycanı yeni layihələrin tərəfinə çevirəcəyi proqnozlar arasındadır. Biri Xəzərdən Aralıq dənizinə, digəri isə Xəzərdən Qara dənizə gedən boru kəməri və uzunluğu 3500 kilometr olan Cənub Qaz Dəhlizi kimi geniş və əhatəli layihələrin gerçəkləşdirilməsi zamanı əldə olunan təcrübələr bərpaolunan enerji istiqamətindəki planların reallaşdırılması üçün böyük ümidlər vəd edir. Gərgin əməyin və davamlı fəaliyyətin nəticəsinin Azərbaycanın inkişafına verdiyi və verəcəyi töhfələr isə dövlətimizin varlığının, müstəqilliyinin və suverenliyinin təminatı olmaqla yanaşı rifahın göstəricisi kimi də dəyərləndirilməlidir.
Səadət Məmmədova
Suraxanı rayonu, 282 nömrəli tam orta məktəbin direktoru