Aprelin 25-də Sofiyada "Bulgartransgaz" (Bolqarıstan), "Transgaz" (Rumıniya), FGSZ (Macarıstan) və "Eustream" (Slovakiya) və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumu"nun imzalanması mərasimi keçirilib.
Azərbaycan Respublikasının cənab İlham Əliyev və Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev imzalanma mərasimində iştirak ediblər.
Anlaşma Memorandumunun imzalanma mərasimində çıxış edən cənab Prezident İlham Əliyev bildirib ki, bu gün imzalanan memorandum Azərbaycana Avropaya daha çox qaz tədarük etmək imkanı verəcək. Həmçinin "Azərbaycan təkcə enerji sektorunda deyil, digər sahələrdə də Avropanın mühüm və sınaqdan çıxmış tərəfdaşıdır. Azərbaycan enerji təchizatı coğrafiyasını 6 ölkədən ən azı 10 ölkəyə çatdıracaq", - dövlət başçısı bildirib.
Ötən ilin iyul ayında imzalanmış Azərbaycan ilə Avropa İttifaqı (Aİ) arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu Azərbaycandan Avropaya qaz tədarükünü artırmağa imkan verəcək.
Bolqarıstan, Rumıniya, Macarıstan, Slovakiya ötürücü sistem operatorları ilə SOCAR arasında Memorandumun imzalanması “Həmrəylik Halqası” təşəbbüsünün reallaşması üçün böyük bir addımdır. Yeni layihə Cənub Qaz Dəhlizi sayəsində iki ildən də artıq müddət ərzində tərəfdaşlarımız üçün etibarlı və sabit enerji təchizatında strateji rol oynayan ölkədən - Azərbaycandan olan təbii qazın alternativ marşrut vasitəsilə əlavə bazarlara çıxışını təmin edəcək. “Həmrəylik Halqası” təşəbbüsü, həmçinin Cənub Qaz Dəhlizinin genişlənməsi vasitəsilə imkanlar təqdim edir və eyni zamanda, enerji sahəsində Azərbaycan və Avropa İttifaqı arasında strateji tərəfdaşlıq üzrə Anlaşma Memorandumunun müddəalarının həyata keçirilməsinə töhfə verir.
Azərbaycan Avropanın enerji təchizatında ən mühüm rolu olan ölkələrdəndir. Xüsusi vurğulamalıyıq ki, Azərbaycan dünyanın xam neft, təbii qaz, neft-kimya məhsulları, neft məhsulları və elektrik enerjisi ixrac edən az sayda olan ölkələrindən biridir. Dünyadakı enerjiyə olan tələbatın ildən-ilə daha da artmasını nəzərə alsaq, bunun səbəbini aydın görmək olur. Hazırda Azərbaycan Respublikası Avropa ölkələrinin enerji təchizatının təmin olunmasında da çox mühüm rol oynamaqdadır.
Azərbaycan qaz təchizatının coğrafiyasını 6 ölkədən, ən azı 10 ölkəyə qədər genişləndirəcək. Ən azı ona görə ki, bu, planların sonu deyil. Ölkəmiz Avropanın qaz bazarında fəaliyyətini daha da genişləndirməyi planlaşdırır. Təbii qaz Azərbaycanın Avropaya ixrac etdiyi yeganə enerji məhsulu deyil. İyirmi ildən artıqdır ki, ölkəmiz xam nefti ixrac edən iri təchizatçı kimi etibarlı tərəfdaşdır. Neft-kimya məhsulları və elektrik enerjisi də ixracımızın bir hissəsidir.
Elburus Xəlilov
Hövsan bələdiyyəsinin sədri