Prezident İlham Əliyev 25 aprel tarixində Sofiyada Bolqarıstan, Rumıniya, Macarıstan, Slovakiyanın ötürücü sistem operatorları və SOCAR arasında Anlaşma Memorandumunun imzalanma mərasimində iştirak edib. Dövlətimizin başçısı cənab İlham Əliyev Anlaşma Memorandumu”nun imzalanması mərasimində söyləyib: Bu gün Azərbaycan Avropanın nəinki enerji, o cümlədən bir sıra digər sahələrdə də etibarlı tərəfdaşıdır.
Azərbaycan qaz təchizatının coğrafiyasını 6 ölkədən, ən azı 10 ölkəyə qədər genişləndirəcək. Ən azı ona görə ki, bu, planların sonu deyil. Ölkəmiz Avropanın qaz bazarında fəaliyyətini daha da genişləndirməyi planlaşdırır. Təbii qaz Azərbaycanın Avropaya ixrac etdiyi yeganə enerji məhsulu deyil. İyirmi ildən artıqdır ki, ölkəmiz xam nefti ixrac edən iri təchizatçı kimi etibarlı tərəfdaşdır. Neft-kimya məhsulları və elektrik enerjisi də ixracımızın bir hissəsidir.
Yunanıstan ilə Bolqarıstan arasında interkonnektor vasitəsilə inteqrasiya layihəsi Azərbaycanın təbii qaz təchizatının coğrafiyasını genişləndirmək imkanını yaradıb. Bu layihə Avropada enerji təhlükəsizliyinin gücləndirilməsinə artıq töhfə verir. Azərbaycan Avropanın, nəinki enerji, o cümlədən bir sıra digər sahələrdə də etibarlı tərəfdaşıdır. İmzalanmış Anlaşma Memorandumu icra olunduqdan sonra Avropada enerji təhlükəsizliyini birmənalı olaraq gücləndirəcək və Azərbaycan üçün daha çox Avropa ölkəsinə daha çox qaz ixrac etməyə fürsət yaradacaq.
Azərbaycan Avropanın enerji təchizatında ən mühüm rolu olan ölkələrdəndir. Xüsusi vurğulamalıyıq ki, Azərbaycan dünyanın xam neft, təbii qaz, neft-kimya məhsulları, neft məhsulları və elektrik enerjisi ixrac edən az sayda olan ölkələrindən biridir. Dünyadakı enerjiyə olan tələbatın ildən-ilə daha da artmasını nəzərə alsaq, bunun səbəbini aydın görmək olur. Hazırda Azərbaycan Respublikası Avropa ölkələrinin enerji təchizatının təmin olunmasında da çox mühüm rol oynamaqdadır.
Ölkəmiz həm qonşu ölkələrin, eləcə də Avropa ölkələrinin enerji təhlükəsizliyinə əhəmiyyətli töhfə verir. Bütün bunlar Azərbaycanın beynəlxalq aləmdə nüfuzunu artırmaqla yanaşı bu ölkələrlə münasibəti etibarlı tərəfdaş, dost və strateji müttəfiq səviyyəsinə gətirib çıxarmışdır. Möhtərəm Prezidentimiz hər dəfə dövlətimizin enerji siyasəti haqda danışarkən, qeyd edir ki, Azərbaycanın enerji siyasəti dostluğa, dayanıqlı inkişafa və sülhə xidmət edən bir siyasətdir.
Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş siyasi kursun Prezident İlham Əliyev tərəfindən dinamik şəkildə və novatorcasına inkişaf etdirilməsi nəticəsində Azərbaycanın çox böyük uğurlara imza atması ölkəmizin dünya birliyində mövqelərinin yüksəlməsini təmin edib. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın dünyada söz sahibinə çevrilməsi və qüdrətli dövlətlərlə bir sırada olması ulu öndər Heydər Əliyevin illər əvvəlki üzaqgörənliyinin və müdrikliyinin bariz nümunəsidir: “Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.
Qurbanəli İslamov
Suraxanı RİHB-nin Hövsan QİƏD üzrə nümayəndəsi, Vətən müharibəsi qazisi