“Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində aparılan danışıqlarda şəxsən müəllifi olduğu reallıqlardan çıxış edərək ölkəmizin maraqlarını qətiyyətlə qoruyur. Bütün danışıqların nəticələrinə nəzər yetirsək, görərik ki, Azərbaycan Prezidentinin polad iradəsi, qətiyyəti, prinsipiallığı sayəsində diplomatik uğurlarımız biri-birinin ardınca gəlir. Bunların sırasında Praqa şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin Fransa Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyanla dördtərəfli görüşünü də qeyd edə bilərik”.
Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Fatma Yıldırım deyib.
Deputat bildirib ki, Ermənistan hakimiyyəti indiyə qədər müxtəlif bəhanələrlə sülh prosesini uzatmağa çalışıb. Amma döyüş meydanında “Dəmir yumruq” zərbəsi alan Ermənistan danışıqlar prosesində də Prezident İlham Əliyevin dəmir iradəsi ilə üzləşib. Dövlətimizin başçısı İlham Əliyevin Praqada “Avropa siyasi birliyi” Zirvə Toplantısı çərçivəsində keçirdiyi görüşlərdə qətiyyətli mövqeyi bir daha göstərdi ki, Azərbaycan heç bir halda haqlı mövqeyindən geri çəkməyəcək. Görünən odur ki, Azərbaycan 44 günlük müharibədən sonra yaranmış yeni reallıqları hər kəsə qəbul etdirir.
Görüşlərin nəticəsi olaraq bəyanat qəbul olunduğunu deyən Fatma Yıldırımın sözlərinə görə, bəyanatda deyilir ki, Ermənistan və Azərbaycan BMT Nizamnaməsinə və 1991-ci Alma-Ata bəyannaməsinə sadiqliyini bir daha nümayiş etdirərək bir-birinin ərazi bütövlüyü və suverenliyini tanıyır. Praqada qəbul olunmuş bəyanat faktiki olaraq o deməkdir ki, Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğu bir daha təsdiq edildi: “Suverenliyi tanımaqla Ermənistan Qarabağ üzərində Azərbaycanın hakimiyyətini tanıyır. Tərəflər onu da bildiriblər ki, bu, delimitasiya üzrə komissiyanın fəaliyyəti üçün əsasdır və komissiyanın növbəti iclası oktyabrın sonunda Brüsseldə keçirilməlidir. Ermənistan Azərbaycanla sərhədə Aİ-nin mülki missiyasının göndərilməsinə razılıq verib. Azərbaycan da bu komissiya ilə əməkdaşlığa razılıq verib. Missiya işini oktyabrda başlayıb, 2 ay müddətinə başa çatdıracaq. Digər tərəfdən, dövlət başçısı İlham Əliyev Praqada Azərbaycan televiziya kanallarına müsahibəsində bildirib ki, Ermənistan tərəfindən xoş məram olarsa, sülh müqaviləsi ilin sonunadək imzalana bilər. Bundan əlavə, Prezident Qarabağda yaşayan ermənilərlə bağlı dövlətimizin aydın mövqeyini ifadə etdi. Bu ermənilər Azərbaycan vətəndaşlarıdır və onlar bütün vətəndaşlar kimi hüquqlardan istifadə edəcəklər. Görüşdə, həmçinin kommunikasiya xətlərinin bərpası məsələsi də diqqət mərkəzində olub”.
Deputat qeyd edib ki, bütövlükdə, Praqada keçirilən görüşlər və verilən bəyanat regionumuzda yaxın zamanlarda sülhün bərqərar olmasına ümidlər yaradır: “Qardaş Türkiyə hər zaman Azərbaycanın ədalətli mövqeyini dəstəkləyib, 44 günlük müharibə zamanı da ölkəmizin və xalqımızın yanında olub. Post müharibə dövründə də iki qardaş ölkə regionda sülhün və təhlükəsizliyin təmin edilməsi üçün önəmli təşəbbüslərlə çıxış edib. Praqada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Paşinyanla görüşü zamanı mövcud reallıqları ona bir daha xatırladıb. Ermənistan anlamalıdır ki, əgər inkişaf etmək, problemlərdən xilas olmaq istəyirsə, Azərbaycanla Türkiyənin təşəbbüslərinə adekvat reaksiya verməlidir”.