İranda gələn ilin mart ayına qədər 3 monitorinq peyk idarəetmə mərkəzinin yaradılması planlaşdırılır.
APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran Kosmik Təşkilatının rəhbəri Həsən Salariyyə deyib.
Bu gün ilk monitorinq peyk idarəetmə mərkəzinin açılış mərasimində çıxış edən H.Salariyə bildirib ki, artıq bu gündən "Xəyyam" peykinin göndərdiyi şəkillər elm adamlarının və elmi əsaslarla çalışan şirkətlərin istifadəsinə verilib.
O bildirib ki, peyklərin idarə edilməsi və monitorinq mərkəzi qlobal standartlar əsasında qurulub, ölkənin digər bölgələrində də 2, 3 və 4 saylı mərkəzlər yaradılacaq.
Qeyd edək ki, İran İslam Respublikasına məxsus “Xəyyam” peyki cari ilin avqust ayında Rusiyanın “Soyuz” peyk raketi ilə Baykonur kosmik bazasından orbitə buraxılıb.
“Xəyyam” peyki İran Kosmik Təşkilatının tədqiqatçıları tərəfindən peyk məlumatlarını təmin etmək və kosmos sənayesinin kənd təsərrüfatı eləcə də ətraf mühit kimi sahələrdə tətbiqlərini inkişaf etdirmək məqsədilə istehsal olunub.