Suraxanı rayonunda növbəti dəfə narkomaniya ilə mübarizə mövzusunda maarifləndirici tədbir mayın 1-də A.Muradov adına 84 saylı tam orta məktəbdə təşkil olunub.
Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyəti başçısının müavini Könül Axundova, Rayon Polis İdarəsinin rəis müavini Surxay Vəliyev, RİHBA-nın və Rayon Polis İdarəsinin nümayəndələri, məktəbin müəllim və şagird kollektivi iştirak ediblər.
Dövlət himninin səsləndirilməsi ilə başlanan tədbiri giriş sözü ilə açan məktəbin direktoru Röya İslamova qonaqları salamlayaraq bildirib ki, narkomaniya elə bir bəladır ki, onunla bütün cəmiyyət mübarizə aparmalıdır. O, şagirdlərə narkotik aludəçiliyinin insan səhhətinə, sağlamlığına vurduğu zərbələrdən bəhs edib.
Sonra məktəbin şagirdlərinin təqdimatında #narkotik vasitələrdən istifadə və onun yaratdığı fəsadlardan bəhs edən səhnəcik və videoçarx nümayiş olunub.
Daha sonra Suraxanı Rayon İcra Hakimiyyəti başçısının müavini Könül Axundova çıxış edərək bildirib ki, yeniyetmələr asudə vaxtlarını səmərəli və düzgün təşkil etməli, sağlamlıqlarının qorunması məqsədilə zərərli vərdişlərdən uzaq olmalı və dostlarını, yaxınlarını da çəkindirməlidirlər. Ətrafda şübhəli hallarla qarşılaşdıqları zaman buna biganə yanaşmamalı, ilk öncə bu barədə müəllimlərini və valideynlərini mütləq məlumatlandırmalıdırlar.
Rayon Polis İdarəsinin rəis müavini Surxay Vəliyev, İdarənin yetkinlik yaşına çatmayanlarla iş üzrə profilaktiki bölməsinin rəisi Əfqan Ağayev çıxışlarında narkomanlığın insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə ciddi zərbə vuran, sosial-iqtisadi inkişafa mənfi təsir göstərən, insanların həyat və sağlamlığına böyük təhlükə yaradan, həmçinin cinayətkarlığın artmasına səbəb olan əsas amillərdən biri olduğunu qeyd edərək gənclərə mədəni-asudə vaxtlarının səmərəli və düzgün təşkil etmələrini tövsiyə ediblər.
Sosial