Infoteka.az
Sosial

Şagirdlərin kriminal avtoritet sevgisi nədən qaynaqlanır? - Ekspert

Təhsil Araşdırmalar Mərkəzinin apardığı sorğuya görə, Bakıdakı məktəblərin orta siniflərində oxuyan şagirdlər kriminal aləmin avtoritetlərini daha yaxşı tanıyır, nəinki dünya miqyasına bu və ya digər töhfələr vermiş tanınmış simaları. Araşdırmalar göstərir ki, VII sinif şagirdlərində hətta kriminal aləmin avtoritetlərinin davranış tərzini imitasiya etmək cəhdləri də var. Belə ki, şagirdlərdə münaqişələri kriminal aləmə xas formada həll etmək, bu mümkün olmadıqada kriminal birləşmələr yaradıb güc yolu ilə problemi həll etmək cəhdləri var. 

İnfoteka.az xəbər verir ki, mövzu ilə bağlı Qaynarinfo-ya açıqlama verən təhsil eksperti Nadir İsrafilovun fikrincə, şagirdlərin kriminal aləmin avtoritetlərinə maraq göstərməsinin əsasında virtual aləmlə sıx əlaqədə olmaları dayanır:

"Məktəb cəmiyyətin bir parçasıdır. Bu mənada cəmiyyətdə baş verən bütün proseslər istər-istəməz məktəbə də təsir edir. Şagirdlərin özlərini kriminal aləmin avtoritetlərinə oxşatmağa çalışmasının əsas səbəbi gənclərimizin günlərin çox hissəsini daha çox virtual aləmdə keçirməsilə bağlıdır. Məhz virtual aləm yeni formalaşan uşaq psixologiyasına əsas təsir göstərir. Virtual aləmlə tanışlıqla uşaqlar özlərini əsasən elə kriminal aləmin avtoritetlərinə oxşatmaqla özlərini təsdiq etməyə çalışırlar. Bütün bu neqativləri məktəblə, müəllimlə əlaqələndirmək doğru deyil”. 

Ekspertə görə, bu prosesin yaranmasında məktəblərdə tərbiyyə işinin lazımi səviyyədə olmaması da öz sözünü deyir: 

"Təlimə həddən artıq aludəçilik tərbiyyə işinin arxa plana keçməsinə səbəb olub”. 

Infoteka.az