Google şirkəti Pixel 7 və Pixel 7 Pro smartfonları ilə yanaşı həmçinin öz ilk smart saatını da təqdim edib. Şirkətin ilk smart saat modeli Pixel Watch adını əldə edib. Smart saat qeyri-adi dizayn əldə edib və bunun hesabına o, digər istehsalçıların smart saatlarından fərqlənir. Lakin Pixel Watch-un sahib olduğu imkanlar ilə funksiyalara gəldikdə isə onlar demək olar digər bütün smart saatlarda mövcuddur. Paslanmaz polad materialdan hazırlannış 41 mm ölçülü dairəvi gövdəyə sahib Pixel Watch xarici görünüşcə dəniz daşını xatırladır. Smart saat 1.2 düym AMOLED ekran ilə təchiz olunub və o, kənarları boyunca bir qədər əyilmiş şüşə materialın alt hissəsində yerləşir. Bununla yanaşı ekran Always on Display funksiyasını dəstəkləyir.
Pixel Watch-da reallaşdırılmış maraqlı özəlliklərdən biri də düşüşün təyin edilməsidir. İstifadəçi hər hansısa səbəbə görə yıxıldığı zaman smart saat bunu təyin edir və avtomatik şəkildə fövqəladə hallar xidməti əlaqə saxlayır. Bu funksiya iPhone 14 modellərində nəqliyyat vasitəsinin qəzaya uğramasının təyini funksiyasına bənzəyir. Lakin bu funksiya yalnız gələn il aktivləşdiriləcək. Bununla yanaşı Pixel Watch ürək döyüntülərini ölçə, elektrokardioqrafiyanı reallaşdıra, qandakı oksigen və şəkər miqdarını təyin edə bilər. Smart saat özündə həmçinin GPS modulu, NFC çipi, Bluetooth-u və Wi-Fi texnologiyasını birləşdirir. Pixel Watch WearOS əməliyyat sistemi vasitəsilə çalışır. Smart saatın eSIM dəstəyinə sahib modeli də mövcuddur. Beləliklə Pixel Watch 13 oktyabr tarixində ABŞ-da satışa çıxacaq. Wi-Fi dəstəkli model 350$-a, eSIM dəstəkli model isə 400$-a satılacaq.