Infoteka.az
İqtisadiyyat

Sahibkarların nəzərinə: Yoxlamalarla bağlı qanun dəyişir

Yoxlamaların vahid məlumat reyestrini aparan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) Qanunun tələblərinə uyğun olaraq təqdim edilmiş yoxlamaları reyestrdə qeydiyyata alınacaq.

Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanuna əlavə edilməsi təklif edilən yeni - 1-1-ci fəsildə əksini tapıb.

Layihəyə görə, yoxlayıcı orqan Qanuna əsasən görülmüş işlər barədə yarımillik məlumatı ildə iki dəfə (yanvarın və iyulun 15-dək) yoxlamaların vahid məlumat reyestrini aparan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) göndərir.

Yoxlamaların vahid məlumat reyestrini aparan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) sahibkarlıq sahəsində aparılan yoxlamalar barədə və buqanunda nəzərdə tutulmuş yarımillik məlumatları ümumiləşdirərək, ildə iki dəfə (fevralın və avqustun 15-dək) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) göndərir. Eyni zamanda layihədə təlim planlarına dair müfəssəl müddəalar əlavə edilir.

Eyni zamanda, layihədə illik planların məzmunu və hazırlanma (yerləşdirmə) müddətləri göstərilir. Hər iki maddə yoxlayıcı orqanların fəaliyyətində şəffaflığın və məsuliyyətin artırılmasına xidmət edir. Eyni zamanda yoxlama suallarının siyahısı yoxlama zamanı yoxlanılan məcburi tələbləri əks etdirməli, risklərə əsaslanmalıdır. Yoxlama sualları aydın və birmənalı tərtib olunmalıdır. Sualların prioritetliyi onlara təyin olunmuş müxtəlif xüsusi çəki (bal) üzrə müəyyən edilməlidir.

Bundan əlavə, sahibkarlıq subyektlərində yoxlama zamanı götürülən nümunələrin dəyəri götürənlər tərəfindən ödəniləcək.

Qanun layihəsinə görə, götürülən məhsul nümunələrinin dəyərinin ödənilməsi, onların saxlanılması, tədqiq (sınaq) edilən parametrlərin dəyişməz saxlanılması, daşınması, tədqiqi, alınmış nəticələr barədə məlumat verilməsi, məhsulun daha sonrakı satışı və ya utilizasiyası ilə əlaqədar yaranan xərclər yoxlayıcı orqan tərəfindən ödənilir.

Eyni zamanda “Sahibkar tədqiqin (sınağın) nəticəsi ilə razılaşmadıqda və ya bu nəticəyə şübhələri olduqda, öz hesabına yeni tədqiqin (sınağın) keçirilməsini tələb edə bilər. İlkin tədqiqin (sınağın) nəticəsi ilə yeni tədqiqin (sınağın) nəticəsi arasında ziddiyyət olduqda, mübahisə məhkəmə qaydasında həll olunacaq.

Infoteka.az