May ayının 3-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşa növbəti dəfə mötəbər beynəlxalq tədbirə ev sahibliyi etdi. Həmin gün ADA Universitetinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq konfrans məhz qədim Şuşada keçirildi. Beynəlxalq konfransın Heydər Əliyev İlində keçirilməsi bu nüfuzlu tədbirin əhəmiyyətini daha da artırdı. Bu il Azərbaycanda Ümummilli Liderimizin xatirəsinə ehtiram əlaməti olaraq və eyni zamanda, dövlətimizin daxili siyasətinin vacib məsələləri, regional inkişaf prosesləri və beynəlxalq məsələləri əhatə edən çoxsaylı tədbirlər, konfranslar təşkil olunur. Həm də belə tədbirlər təkcə ölkəmizdə deyil, həmçinin Azərbaycanın hüdudlarından kənrda da təşkil edilir. Şuşa konfransında iştirak edən möhtərəm Prezidentimiz cənab İlham Əliyevin öz çıxışında dediyi kimi, Ulu Öndər Heydər Əliyev həmişə Azərbaycan xalqının maraqlarını qoruyan bir şəxs olmuşdur və bunu zamana, siyasi vəziyyətə baxmayaraq etmişdir. Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu Şuşanı azad görmək idi və Azərbaycan xalqı 2020-ci ildə cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə bu arzunu gerçəkləşdirdi.
Beynəlxalq konfransda iştirak edən dövlətimizin başçısı ona ünvanlanan sualları cavablandırarkən bildirdi ki, Azərbaycan bu gün nə dünyada, nə də xüsusən Cənubi Qafqazda gedən proseslərə biganə qala bilməz. Bu proseslərin inkişaf istiqaməti isə hazırkı vaxtda daha çox Ermənistanla Azərbaycan arsında sülh sazişinin bağlanmasından asılıdır. Əlbəttə, tarixdən aralarında sülh müqaviləsi imzalamayan ölkələrin də olduğu məlumdur. Lakin bunun nəticələri Ermənistan üçün daha pis olacaq. Azərbaycan hələ də ümid edir ki, rəsmi İrəvan məntiqli davranacaq və keçmiş Minsk qrupu fəaliyyətdə olanda işğal zamanı istifadə etdikləri taktikadan istifadə etməyəcək. Ermənistan bu davranışı nəticəsində regional inkişaf proseslərindən təcrid edildi və faktiki olaraq həqiqətən də müstəqil ölkə olmaq şansını itirdi. Yalnız sülh sazişi imzalanarsa, ermənilər müxtəlif bazarlara çıxış əldə edə bilərlər. Bu isə onlar üçün bir tariixi şans ola bilər. Baxmayaraq ki, ölkəmiz qalib mövqelərdə dir, Azərbaycan yenə də sülh çağırışlarına davam edir. Verilmiş bəyanatlara və hadisələrin xronologiyasına nəzər salınsa açıq şəkildə görünür ki, sülh sazişi haqqında danışıqların başlanılmasını təklif edən də Azərbaycan olmuşdur. Əlbəttə, əgər Ermənistan sülh istəmirsə sülh olmayacaq. Tarixdən bilirik ki, sülh sazişini imzalamayan ölkələr də var. Bu, nə Ermənistan, nə də region üçün yaxşı olmayacaq.
Azərbaycan hələ də ümid edir ki, rəsmi İrəvan məntiqli davranacaq və sabiq Minsk qrupu fəaliyyətdə olanda işğal zamanı istifadə etdikləri taktikadan istifadə etməyəcəklər. Nəticə nöqteyi-nəzərindən 28 il ərzində Minsk qrupu heç bir nəticə verməmişdir. Bunun əsas səbəbi isə o idi ki, Ermənistan torpaqları geri qaytarmaq istəmirdi. Münaqişənin sülh yolu ilə həllini tapa bilməməsinin əsas səbəbi o idi, Ermənistan bunu istəmirdi. Onlar, sadəcə, bu taktikadan istifadə edirlər, prosesi ləngidirlər, bir addım irəli, iki, üç və ya hətta beş addım geriyə atırlar.
Prezident İlham Əliyev konfransda çıxış zamanı bildirdi ki, Azərbaycan tamamilə beynəlxalq hüququn norma və prinsiplərinə uyğun gələn beş prinsipi irəli sürdü. Ermənistan rəsmən ya bunları rədd etməli idi, ya da onları qəbul etməli idi. Rədd etsəydilər, bu, yenə də onların qeyri-konstruktiv olduğunu göstərəcəkdi, çünki bu prinsiplərdə beynəlxalq hüquqa zidd olan heç nə yox idi. Onların qəbul edilməsi isə psixoloji nöqteyi-nəzərdən, normal davranış sərgiləməyə razı olmaq nöqteyi-nəzərindən onlar üçün çətin idi. Ermənistanın ciddi danışıqlarda iştirak etmək istəməməsi səbəbindən uzun fasilə oldu.
Çıxış zamanı qonşu İranın Azərbaycana olan münasibətilə bağlı prezident İ.Əliyev bildirdi ki, Hazırda Tehrandakı səfirliyimiz bağlıdır. Bizim üçün insanlarımızın təhlükəsizliyi və həyatı daha vacibdir. Azərbaycan səfirliyimizə qarşı törədilmiş terror hücumunun şəffaf araşdırılmasını tələb edir. Azərbaycanın parlament üzvünün birinə qarşı terror aktı törədildi. Bir neçə gündən sonra terror aktını törədən qrup yaxalandı. Bizim hüquq mühafizə qurumlarımız çox səmərəli işləyir. Bu əməl “qırmızı xətti” keçmək deməkdir. Bu, ciddidir, terror hesab edilir. İranda hər kəs, bütün dairələr nəhayət anlamalıdır ki, hədə və terror dili Azərbaycanla işləməyəcək. Azərbaycan ilə İran arasında münasibətlər hazırda heç zaman olmadığı qədər çox aşağı səviyyədədir. Onların həmin səviyyədə qalacağı, yoxsa daha aşağı düşəcəyi və ya qalxacağı barədə əvvəlcədən bir şey söyləmək çox çətindir.
Azərbaycan-Türkiyə münasibətlərinə toxunan prezident İlham Əliyev bildirdi ki, bu, tarixi hadisə idi. Buna baxmayaraq, Azərbaycanla Türkiyə arasında münasibətlər de-fakto müttəfiq münasibətləri idi və biz bunu xüsusi olaraq son iyirmi ildə nümayiş etdirmişdik. Bu, eyni zamanda regional inkişafın önəmli amilidir. Keçmiş Sovetlər İttifaqına daxil olan müxtəlif ölkələrdə Avratlantik inteqrasiyaya və əməkdaşlığa gedən yola dair müəyyən konsepsiya mövcud idi. Lakin Azərbaycan “Şərq tərəfdaşlığı” Proqramına üzv olan bəzi dövlətlərdən fərqli olaraq Avropa İttifaqı ilə Assosiasiya sazişinə imza atmadı. Cənab Prezident bu məqama bir daha aydınlıq gətirərək bildirdi ki, assosiasiya sazişi, sözün əsl mənasında, saziş deyil. Bu, sadəcə, bir sözdür. Bu, həmin formata qoşulmuş ölkələrə təqdim olunmuş, sadəcə, təlimatlardan ibarət bir siyahıdır. Lakin bu, Azərbaycana uyğun deyil. Azərbaycan fərqli yolu seçib və bu günə qədər artıq Avropa İttifaqına üzv olan doqquz dövlət ilə strateji tərəfdaşlıq sazişini və bəyannaməsini imzalayıb. Beləliklə, bu, üzv dövlətlərin üçdəbirini təşkil edir. Strateji tərəfdaşlıq haqqında imzalanmış və ya qəbul edilmiş bəyannamələr assosiasiya sazişindən daha böyük dəyərə malikdir.
Rusiya-Ukrayna müharibəsinə dair açıqlamasında dövlət başçımız qeyd etdi ki, bu savaş yeni dünya düzəninin formalaşmasına fərqli istiqamətdir. Cənab Prezident İlham Əliyev həm də bu müharibə başa çatandan sonra geosiyasi vəziyyətin necə olacağını proqnozlaşdırmağın çətin olduğunu bildirdi. Yeganə dəqiq məlum olan budur ki, dünya artıq heç vaxt Rusiya-Ukrayna müharibəsinə qədər olduğu kimi olmayacaq. Böyük ehtimalla bu geosiyasi dəyişiklik Avropanın, dünyanın hərbiləşməsinə gətirib çıxaracaq. Cənab Prezident İlham Əliyev son dərəcə dəqiq olaraq vurğuladı ki, geosiyasi dəyişikliklərin bir ölkəyə problem yaratmaması, əksinə, onun üçün yeni imkanlar yaratması bu ölkənin strategiyasından, vəziyyətin doğru təhlil edilməyindən və ölkə rəhbərinin prinsipial siyasətindən asılıdır. Bu baxımdan Azərbaycanın istər regional inkişafla bağlı siyasəti, istər beynəlxalq məsələlərlə bağlı, ölkələrin ərazi bütövlüyü ilə bağlı siyasəti hər zaman milli maraqlara xidmət edib. Buna görə də tam əminliklə deyə bilərik ki, Azərbaycanın geosiyasi dəyişikliklər nəticəsində daha güclü olacağına dair möhtərəm Prezidentimizin verdiyi proqnozlar ciddi arqumentlərə əsaslanır.
Rəvan Nüsrətli
Suraxanı RİHB-nin Qaraçuxur QİƏD üzrə nümayəndəsi