Dünya liderləri arasında öz millətini sevən, ömrünü xalqının rifahına həsr edən bir çox dövlət başçısı vardır, lakin bu liderlərdən birincisi Ulu Öndər Heydər Əliyevdir!
Ulu Öndərimiz xalqına, vətəninə olan sevgisini hər kəlməsində ifadə etməyi bacaran dahi bir şəxsiyyət olmuşdur.
Düşmənin torpaqlarımıza, milli-mənəvi dəyərlərimizə göz dikməsi ilə heç vaxt barışmamış öz çıxışlarında hər zaman bunu vurğulamışdır. Onun siyasətə qayıdışı çox çətin dövrə təsadüf edir. O zaman ölkəmizi xaos və anarxiya bürümüş, xain insanlar vətənimizi, xalqımızı parçalanmağa çalışmışdılar. Heydər Əliyev buna imkan verməmiş, ölkəmizin bütövlüyünü qoruyub saxlamağı bacarmışdı. O, 1993 cü il iyunun 15- də Milli Məclisin iclasındakı cıxışında bildirmişdi: “Azərbaycan on illərlə, yüz illərlə bu torpaqlarda yaşayan bütün insanların vətəni olub, bundan sonra da vətəni olmalıdır”.
Heydər Əliyev Azərbaycanın işıqlı gələcəyinə inanırdı. O, çıxışlarında xalqı nikbin olmağa, əxlaqi və mənəvi dəyərlərimizi qoruyub saxlamağa səsləyirdi. Azərbaycan xalqının döyüşkənliyi, qəhrəmanlığı, vətənə, torpağa bağlılığı bu xalqı ona sevdirən mənəvi keyfiyyətlərdən olmuşdur.
Ulu Öndər vətəndaş amilini yüksək qiymətləndirmiş, fəaliyyətinin bütün sahələrini Azərbaycan vətəndaşlarının xoşbəxt və firavan yaşamasına həsr etmişdi.
Biz öz müstəqilliyimizi çətin yollardan keçərək, itkilər verərək, qəhrəman oğul və qızlarımızın canı və qanı bahasına qazanmışıq. Onu qorumaq və saxlamaq hər birimizin borcudur. Ulu öndər də öz çıxışlarında bu ideyanı təbliğ etmiş, gənc nəslin vətənpərvər ruhda böyüməsi üçün əlindən gələni əsirgəməmişdir. O, çıxışında qeyd etmişdir: “Hər bir azərbaycanlı bunu anlamalı, bilməlidir biz bir daha müstəmləkə ola bilmərik, biz daha qul ola bilmərik. Biz azad olmuşuq, Azərbaycan xalqı azad yaşamalıdır”.
Heydər Əliyev Azərbaycanda beynəlmiləlçilik ənənələrinə yüksək qiymət vermişdir. Azərbaycanda yaşayan müxtəlif xalqların nümayəndələrini xalqımızın milli sərvəti adlandırmışdı. Təsadüfi deyil ki, həm birinci, həm də II Qarabağ Müharibəsində dinindən, dilindən, milli mənsubiyyətindən asılı olmayaraq bütün Azərbaycan vətəndaşları çiyin- çiyinə, qəhrəmanlıqla vuruşmuşdur.
Xalqın birliyi və həmrəy olması Ulu Öndər üçün ən vacib amillərdən biri idi. Buna görə də onun təşəbbüsü ilə 2001-ci ildən etibarən hər il 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi qeyd olunur.
Heydər Əliyev Azərbaycan ədəbiyyatına və mədəniyyətinə xüsusi qayğı göstərmiş məhz onun təşəbbüsü ilə hələ sovet dövründə Hüseyn Cavidin nəşi uzaq Sibirdən doğma vətənimizə gətirilmiş və dəfn olunmuşdur. Eyni zamanda bir çox dahi şairlərimizin yubileyləri qeyd olunmuş, ’’Kitabi Dədə Qorqud’’ dastanının 1300 illik yubileyi 2000-ci ildə təntənə ilə keçirilmişdir.
Onun hakimiyyəti dövründə təkcə islam dininə deyil ölkəmizdə mövcud olan bütün dinlərə xüsusi diqqət göstərilmiş, insanların dinindən asılı olmayaraq onların arasında əmin-amanlığın bərqərar olmasına çalışılmışdır.
Mən bir ziyalı kimi fəxr edirəm ki, Heydər Əliyev kimi şəxsiyyətlə bir dövrdə yaşamış, onun fəaliyyətini dərindən izləməyə imkan qazanmışam,
Bunu özüm üçün xoşbəxtlik sayıram, hər zaman şagirdlərimə də Ulu Öndərimizin keçdiyi şərəfli həyat yolunu qürurla çatdırıram!
Mehriban Həbibova
Suraxanı rayonu 317 nömrəli tam orta məktəbin tarix müəllimi