Məlum olduğu kimi, azərbaycançılığın ideya təməlləri 19-20-ci əsrlərin maarifçilik dövrü və Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik prinsipləri ilə bağlıdır. Bu ideyanın ideologiya kimi təkmilləşməsində isə Ümummilli lider Heydər Əliyevin “azərbaycanlı” kimliyini formalaşdırması və populyarlaşdırması mühüm rol oynamışdır.
“Azərbaycanlılar çox vətənpərvər və qonaqpərvərdirlər” deyən, özünün azərbaycanlı kimliyi ilə daim fəxr edən Ulu öndərin xalqımızın milli-mənəvi keyfiyyətləri, keçmişi və gələcəyi haqqında söylədiyi fikirlər bu gün də öz aktuallığını qoruyur.
“Azərbaycançılıq” termini mahiyyət etibarilə ilk növbədə, vətənpərvərliyin, dövlətçiliyin vurğulanmasıdır. Qloballaşma proseslərinin, postmodernist dəyərlərin və kosmopolit düşüncə tərzinin yayıldığı indiki dövrdə milli dövləti və həmçinin, milli kimliyi qoruyub saxlamağın başlıca vasitəsi vətənpərvərlik, dövlətçilik ideyalarının milli şüurda yaşadılmasıdır. Təsadüfi deyil ki, “Xalqımız nə qədər tez birləşərsə, Azərbaycan xalqı bir-biri ilə nə qədər həmrəy olsa, nə qədər hamının sözü bir olsa, o qədər torpaqlarımızı tez geri qaytaracağıq, azad edəcəyik, ərazi bütövlüyümüzü təmin edəcəyik.” – deyən Ümummilli lider Heydər Əliyev azərbaycançılığı sadəcə ali dəyərlər toplusu olmaq kimi məhdud çərçivədən çıxararaq, onu strateji hədəflərə çatmaq yolunda xalqı səfərbər edən milli ideologiyaya çevirməyi bacarmışdır.
Heydər Əliyevin ideya-siyasi xəttinə sadiq olan və onu təbliğ edən Yeni Azərbaycan Partiyasının Proqramında da göstərildiyi kimi, azərbaycançılıq məfkurəsi aşağıdakı funksiyaları yerinə yetirir:
- xalqımızın milli həmrəyliyini və birliyini təmin edir;
- milli-mədəni irsi və mənəvi-əxlaqi dəyərləri qoruyaraq zənginləşdirir;
- ölkəmizdə yaşayan müxtəlif millətlərin və dinlərin nümayəndələrini öz ətrafında birləşdirir;
- xarici ölkələrdə yaşayan azərbaycanlıların həmrəyliyində və təşkilatlanmasında xüsusi yer tutur;
- ümummilli ideologiya kimi siyasi münasibətlərin fövqündə dayanır;
- təhsilin məzmununda aparıcı amil kimi nəzərə alınır.
Beləliklə, azərbaycançılıq ideologiyasının hərtərəfli təbliği, təhsil vasitəsilə gənc nəslə aşılanması azərbaycanlı milli kimliyinin bütün xarakterik cəhətlərini özündə birləşdirən Azərbaycan vətəndaşını formalaşdırdı. “Vətəndaş” sözü böyük sözdür, müqəddəs sözdür. “Vətəndaş” sözü o deməkdir ki, hər bir vətəndaş öz Vətəninə sadiq olmalıdır, onu göz bəbəyi kimi qorumalıdır və Vətəninin uğrunda, torpağının uğrunda, anasının, atasının müdafiəsi yolunda şəhid olmağa hazır olmalıdır.” – deyən Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycanın ən çətin günlərində belə onun gələcək qələbələrinə zəmin hazırlayırdı.
Nəhayət, əlverişli tarixi-siyasi şəraitin yetişdiyi bir məqamda - 2020-ci ilin payızında Azərbaycan xalqı bir yumruq kimi birləşərək 30 ilə yaxın davam edən işğal amilini aradan qaldırdı, öz ərazi bütövlüyünü bərpa etdi. Bu gün Azərbaycan xalqı bütün dünyada qəhrəman, cəsur, eləcə də tolerant və qonaqpərvər bir toplum kimi tanınır. Azərbaycan özünün multikultural, tolerant cəmiyyət modelini işğaldan azad etdiyi ərazilərində də tətbiq etməkdədir. “Azərbaycan xalqı tarixən digər dinlərə həmişə dözümlü olmuş və onlara hörmətlə yanaşmışdır. Bu, Azərbaycan xalqının milli xüsusiyyətidir.” – deyən Ulu öndərin və onun yolunu davam etdirən Prezident İlham Əliyevin müdrik daxili və xarici siyasəti sayəsində ölkədə davamlı sabitlik təmin edilmiş, Azərbaycan bütün dünyada qədim və zəngin mədəniyyətə malik sivil və multikultural toplum kimi tanınmışdır.
Ümummilli lider Heydər Əliyevin hələ 1998-ci ildə söylədiyi “Ümumbəşəri dəyərlərlə milli-mənəvi dəyərlərin vəhdəti, sintezi bizim milli ideologiyamızın bu günü və gələcəyidir.” – fikri Azərbaycanın inkişafının, modernləşməsinin təməl prinsiplərini özündə ehtiva edir. Bu, ənənəviliklə müasirliyin, mühafizəkarlıqla liberalizmin, milliliklə universallığın ahəngdar birləşməsi, inteqrasiyasıdır. Məhz bunun sayəsində keçmiş, indi və gələcək arasında bağlılıq yaranır, vahid milli ideologiya isə tarixi inkişafın və sosial-iqtisadi təkamülün bir mərhələsindən digərinə keçidi asanlaşdırır.
Beləliklə, Ümummilli lider Heydər Əliyevin zəngin siyasi irsinin ən mühüm tərkib hissələrindən biri olan azərbaycançılıq ideologiyası ölkəmizin, xalqımızın gələcək inkişafına və rifahına doğru aparan yolu işıqlandırır. Milli ideologiyaya və milli dəyərlərə əsaslanan inkişaf və dünyaya inteqrasiya Azərbaycan xalqının milli identikliyini saxlamaqla onu qlobal məkanın bir parçasına çevirməkdədir. Bu isə həm də milli dövlətçiliyin daim qorunub saxlanması və inkişaf etdirilməsi, gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Hülya Məmmədli
Politoloq