Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə ölkəmizdə elan edilmiş “Heydər Əliyev İli” çərçivəsində mayın 8-də 172 saylı tam orta məktəbdə tədbir keçirilib.
Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Milli Məclisin deputatı, görkəmli Azərbaycan tarixçisi Musa Qasımlı, RİHB-nin müavinləri, YAP Suraxanı Rayon Təşkilatının sədr müavini iştirak ediblər.
İlk öncə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirələri bir dəqiqəlik sükutla anılıb, dövlət himni səsləndirilib.
Tədbiri giriş sözü ilə açan təhsil müəssisəsinin direktoru Vəfa Bağırova Ulu Öndərin xatirəsinin nəsillərin yaddaşında hər zaman yaşadığını diqqətə çatdıraraq onun təməlini qoyduğu ölkəmizin inkişaf strategiyasının bu gün uğurla davam etdirildiyini, Ümummilli Liderin zəngin irsinin şagirdlər arasında təbliğinin mühüm əhəmiyyət daşıdığını vurğuladı.
Daha sonra şagirdlərin təqdimatında Ulu Öndərin xatirəsinə həsr olunmuş bədii kompozisiya nümayiş olunub.
Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov çıxışında müstəsna xidmətləri ilə əbədilik qazanan Ümummilli lider Heydər Əliyevin zəngin və çoxşaxəli irsindən danışaraq bildirib ki, dahi şəxsiyyətin keçdiyi böyük, mənalı və şərəfli həyat yolu zaman və məkan anlayışına sığmır. Heydər Əliyevin Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan öndər kimi əbədilik qazanması, heç də təsadüfi deyil. Məhz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə bugünkü dövlət müstəqilliyimizin möhkəm təməli qoyuldu. Həmin qətiyyətin, siyasi iradənin dövlət başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən davam etdirildiyini və 44 günlük İkinci Qarabağ müharibəsində 30 ilin işğalına son qoymağın böyük şücaətin, qəhrəmanlığın, Ali Baş Komandanın qətiyyətinin, Azərbaycan Ordusunun gücünün, qüdrətinin nəticəsi olduğunu bir daha vurğuladı.