Ulu Öndər rəhbərlik etdiyi dövr ərzində Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxara bilmişdir.
Dünya tarixində hər bir xalqın müqəddəratının həll olunduğu məqamlar olmuşdur. Azərbaycan tarixində də belə bir məqam məhz XX əsrin 90-cı illərinə təsadüf edir. Adətən tarixin bu cür keşməkeşli zamanları özü ilə bərabər dahi şəxsiyyətlər də yetişdirir. Azərbaycan xalqının Ümummilli Llideri Heydər Əliyev məhz belə şəxsiyyətlərdəndir. Bu gün Azərbaycan xalqı Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyini qeyd edir. Heydər Əliyev öz ömrünü müstəqil Azərbaycan Respublikasının möhkəm təməllər üzərində qurulmasına və onun dinamik inkişaf yoluna qədəm qoymasına həsr etmişdir. Hələ Sovet hakimiyyəti illərində Azərbaycana birinci rəhbərliyi dövründə (1969-1982-ci illər) Ulu Öndər Heydər Əliyev xalqımızın yaxın gələcəkdə öz müstəqilliyini yenidən qazanacağı qənaətinə gəlmiş və bu dövr üçün hazırlıq işlərinə başlamışdır. Bu dövrdə bir çox sənaye müəssələrinin əsası qoyulmuş və kadr hazırlığı sahəsində önəmli irəliləyişlər əldə edilmişdir. Ermənilərin Dağlıq Qarabağdakı separatçı meyllərinin qarşısını qətiyyətlə alan Heydər Əliyev hərbi kadrların hazırlanması işinə də xüsusi diqqətlə yanaşırdı. Bu baxımdan 1971-ci ildə Cəmşid Naxçıvanski adına hərbi liseyin fəaliyyətə başlaması xüsusilə diqqətəlayiqdir.
Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə əldə etdiyi nailiyyətlər tezliklə onun SSRİ-nin rəhbər vəzifələrinə irəli çəkilməsinə zəmin yaratdı. Lakin XX əsrin 80-ci illərinin ikinci yarısında SSRİ-də siyasi vəziyyət kəskin şəkildə dəyişdi. Belə ki, Heydər Əliyevin 1987-ci ildə Mixail Qorbaçovun siyasətinə etiraz əlaməti olaraq SSRİ-dəki rəhbər vəzifələrindən istifadə verməsindən sonra Qarabağda ermənilərin separatçılıq meyilləri xeyli gücləndi. “20 Yanvar” hadisələri və Qarabağda erməni separatçılığı ilə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə öz kəskin etirazını bildirmiş Heydər Əliyev 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist partiyası sıralarını tərk etmişdir.
Heydər Əliyevin 1993-cü ilin yayında həyata keçirdiyi gərgin fəaliyyət nəticəsində müstəqilliyimiz üçün yaranmış böyük təhlükələr aradan qaldırıldı. Məhz buna görə xalqımız Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəldiyi tarixi (15 iyun 1993-cü il) "Qurtuluş günü" kimi qeyd edir. Heydər Əliyev ölkə daxilində nisbi sabitliyə nail olduqdan sonra bütün diqqəti cəbhə xəttinə cəmləşdirdi. Bu dövrdə ermənilər Qarabağda işğalçılıq fəaliyyətlərini genişləndirmişdilər. Görülən operativ tədbirlər nəticəsində 1993-cü ilin sonu 1994-cü ilin əvvəllərində ermənilərin hücumları dayandırıldı. Aparılan uğurlu əməliyyatlar nəticəsində bir sıra işğal olunmuş ərazilər geri qaytarıldı. 1994-cü ilin mayın 8-də imzalanan Bişkek protokoluna əsasən mayın 12-də Azərbaycan-Ermənistan cəbhə xəttində atəşkəs elan olundu.
Azərbaycan-Ermənistan cəbhə xəttində atəşkəsə nail olmaq Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsi idi. Çünki bu dövrdə Dağlıq Qarabağ probleminin hərbi yolla həll edilməsi üçün ictimai, iqtisadi və siyasi vəziyyət münasib deyildi. Yeni yaranmış müstəqil respublikanın təməllərinin möhkəmləndirilməsi üçün müharibənin dayandırılması vacib şərt idi. Ümummilli Lider Heydər Əliyev cəbhə xəttində atəşkəsə nail olduqdan sonra ölkənin ictimai-siyasi, iqtisadi və mədəni həyatında fəal quruculuq işlərinə başladı. Ulu Öndərin 1993-cü ilin oktyabrında dövlət başçısı seçilməsindən sonra müstəqil Azərbaycanın hüquqi və siyasi-iqtisadi suverenliyinin təmin olunması prosesi əsaslı şəkildə sürətlənmişdir. Ulu Öndər rəhbərlik etdiyi dövr ərzində Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxara bilmiş, ölkənin gələcək inkişaf strategiyasını müəyyən etmiş və onun həyata keçirilməsi üçün mühüm addımlar atmışdır. Ümummilli Lider ilk növbədə, ölkədə ictimai-siyasi sabitliyin bərpası istiqamətində gərgin iş aparmış, ölkədəki qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirilmiş, respublikamızın sosial-iqtisadi yüksəlişinə yol açan ən mühüm amil kimi cəmiyyətdə ictimai-siyasi sabitlik bərqərar edilmişdir.
Ulu Öndərin Azərbaycan dövlətçiliyi qarşısındakı ən böyük xidmətlərindən biri müstəqil dövlətin yeni, müasir Konstitusiyasının hazırlanmasıdır. Müstəqil Azərbaycanın ilk Konstitusiyasının müəllifi olan Heydər Əliyev demokratik, hüquqi dövlət quruculuğu istiqamətində davamlı siyasət yeridərək, ölkədə insan hüquq və azadlıqlarının başlıca prinsiplərinin bərqərar olması üçün əsaslı zəmin yaratmışdır. 1995-ci il noyabrın 12-də keçirilmiş referendumda seçicilərin 86 faizi iştirak etmiş və onların 91,9 faizi Konstitusiyanın qəbul edilməsinin lehinə səs vermişdir. Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-də qüvvəyə minmişdir. Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət fonunda ölkənin siyasi-hüquqi sistemində müsbət mənada əsaslı dəyişikliklər oldu. Dövlətin hüquqi bazasının möhkəmləndirilməsi istiqamətində növbəti addımlar atıldı: məhkəmə islahatlarının həyata keçirilməsi, Konstitusiya Məhkəməsinin və Ombudsman təsisatının yaradılması, ölüm hökmünün ləğv edilməsi və onlarla digər bu kimi islahat xarakterli demokratik təşəbbüslər bilavasitə Heydər Əliyevin gərgin əməyinin nəticəsidir.
Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycan özünün geosiyasi imkanlarını gerçəkləşdirməyə başlamışdır. Azərbaycanın beynəlxalq aləmdən təcrid olunmaq təhlükəsi aradan qaldırılmışdır. Dünya siyasət meydanında cərəyan edən proseslərə təsir baxımından Ulu Öndər həmişə öz sözü və çəkisi ilə seçilmişdir. Heydər Əliyevin xarici siyasət məsələlərinə müstəsna əhəmiyyət verməsi, beynəlxalq miqyasda uğurlu və cəsarətli addımlar atması, milli məqsədlər naminə ən nüfuzlu tribunalardan bacarıq və məharətlə istifadə etməsi Azərbaycan dövlətçiliyinin bu günü və gələcəyi baxımından son dərəcə əhəmiyyətli olmuşdur. Fəal diplomatiyanın nəticəsində dünyanın demokratik dövlətlərinin və aparıcı təşkilatlarının ölkəmizə, onun zorla cəlb olunduğu silahlı münaqişəyə münasibətinin əsaslı surətdə dəyişməsi mümkün olmuşdur. Heydər Əliyevin xarici siyasətinin əsasını sülh, beynəlxalq hüquq normalarına, sərhədlərin bütövlüyünə və toxunulmazlığına, dövlətlərin ərazi bütövlüyünə hörmət və qarşılıqlı surətdə faydalı əməkdaşlıq prinsipləri təşkil etmişdir. Yeni kollektiv sənədlərə və beynəlxalq müqavilələrə qoşulan Azərbaycan özünün coğrafi mövqeyindən, təbii ehtiyatlarından, iqtisadi potensialından istifadə əsasında bir çox dövlətlərlə və beynəlxalq qurumlarla əməkdaşlıq edərək Böyük İpək Yolunun bərpası, Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin yaradılması, Xəzərin karbohidrogen ehtiyatlarının işlənməsi və dünya bazarına çıxarılması layihələrini səmərəli şəkildə həyata keçirir.
Ermənistan–Azərbaycan münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında həlli Ulu Öndərin qarşıya qoyduğu başlıca vəzifə olmuş, ölkəmizin bütün resursları, xalqımızın potensialı tarixi ədalətin bərpası üçün səfərbər edilmişdir. 1994-cü il mayın 12-də Ermənistan-Azərbaycan hərbi münaqişəsində atəşkəs haqda müqavilə imzalandıqdan sonra Azərbaycan Milli Ordusunun formalaşması daha da sürətləndi. Ulu Öndər Heydər Əliyevin 1998-ci il 22 may tarixli Sərəncamına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün – 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü elan olundu və hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilir. Ulu Öndər Heydər Əliyev hərbi təhsil sisteminin daha da inkişaf etdirilməsi məqsədi ilə 1999-cu il yanvarın 20-də Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının yaradılması haqqında Fərman imzalamışdır. Akademiyanın təsis olunması hərb sahəsində milli kadr ehtiyatının formalaşdırılması prosesinin keyfiyyət etibarı ilə yeni inkişaf mərhələsi sayıla bilər. 2001-ci il 20 avqust tarixli Fərmanı ilə Silahlı Qüvvələr üçün kadr hazırlığının təkmilləşdirilməsi məqsədilə Müdafiə Nazirliyi sistemində fəaliyyət göstərən məktəblər Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbi və Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi adlandırılmış və bununla həmin təhsil ocaqlarının respublika üzrə hərbi təhsil müəssisələri sistemində statusu yüksəldilmişdir. Ulu Öndərin şah əsəri olan güclü Azərbaycan dövləti öz suverenliyini, müstəqilliyini qorumağa qadir olduğunu 44 günlük Vətən müharibəsində şanlı Zəfər qazanmaqla sübuta yetirmişdir.
Bəhruz Mehdiyev
Suraxanı rayonu, 280 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini