Hər bir xalqın tarixində xilaskar adını daşıyan dahi şəxsiyyətlər olub. Bütün xalqların milli azadlıq tarixi dahi şəxsiyyətlərin mütərəqqi ideyaları və əməllərinə əsaslanır. Həmin dahi şəxsiyyətlər xalqı öz arxasınca aparmağa müvəffəq olmuş, taleyüklü məsələlərdə mühüm qərarlar qəbul etmişlər. Azərbaycan xalqının tarixində isə xilaskar adını millət qarşısında misilsiz xidmətləri olan Heydər Əliyev daşıyır. Azərbaycan ən yüksək inkişaf mərhələsinə Heydər Əliyevin rəhbərliyi dövründə qədəm qoymuşdur.
Belə ki, Azərbaycanda bütün sahələrin inkişafı ulu öndər Heydər Əliyevin adı və onun fəaliyyəti ilə bağlıdır. Ulu öndər ölkədə bütün sahələrin inkişafına ilk dəfə yeni konseptual yanaşma sərgiləmişdi. Belə ki, bütün sahələrin inkişafı daim dövlətin diqqət mərkəzində saxlanılırdı. Həmin sahələrin inkişafı üçün ulu öndərin birbaşa tapşırığı və nəzarəti ilə strategiyalar işlənib hazırlanırdı. Həmin strategiyalarda qabaqcıl ölkələrin təcrübələrindən istifadə edilirdi. Hərtərəfli inkişaf strategiyaları ulu öndərin mütərəqqi ideyalarını, fikirlərini və həmçinin dərin islahatları özündə əks etdirirdi. Ulu öndər Heydər Əliyevin siyasətinin mərkəzində insan faktoru dayanırdı. Ulu öndər bütün sahələrin inkişafında insan amilinə xüsusi önəm verirdi. Elm adamlarına, ziyalılara dəyər vermək, diqqət və qayğı göstərmək onun həyata keçirdiyi siyasətin əsas qayəsini təşkil edirdi.
Ulu öndər Heydər Əliyev hələ SSRİ-nin ali rəhbərliyində təmsil olunarkən ölkənin kadr bankının milliləşdirmə hesabına formalaşdırılmasını təmin etdi. Bunun üçün ulu öndərin birbaşa göstərişi ilə hər il yüzlərlə Azərbaycanlı gənci hərbi ixtisaslar da daxil olmaqla SSRİ-nin nüfüzlü ali məktəblərinə təhsil almağa göndərildi. Ulu öndərin həyata keçirdiyi hərtərəfli inkişaf strategiyası nəticəsində Azərbaycan Sovet İttifaqının ən zəif inkişaf etmiş ölkəsindən yüksək inkişaf etmiş ölkələrindən birinə çevirildi.
Heydər Əliyevin xüsusi diqqət və qayğısı nəticəsində Azərbaycan elmi və təhsili çox uğurlu inkişaf yolu keçmişdir. Ümumilli lider Heydər Əliyev deyirdi ki, “Təhsil millətin gələcəyidir”. Çünki ulu öndər çox gözəl bilirdi ki, dövlətlərin inkişafı birbaşa elm və təhsildən aslıdır. Elm və təhsil olmadan dövlətlər irəli gedə bilməz. O dövlətlər dünyada əsas söz sahibi olur ki, orada elm və təhsil daima inkişaf edir. Ulu öndər Heydər Əliyev təhsilin inkişafında müəllimlərin rolunun əvəzedilməz və danılmaz olduğunu bilərək deyirdi ki, “Müəllim adı ən yüksək addır. Mən yer üzündə müəllimdən yüksək ad tanımıram”. Ulu öndərin bu fikirləri elə yer üzündə müəllimlik peşəsinə verilən ən böyük dəyər idi.
Heydər Əliyev bizə miras qoyub getdiyi müasir, müstəqil və qüdrətli Azərbaycan onun şah əsəridir. Ulu öndər Heydər Əliyev həmişə deyirdi ki, “Azərbaycan mənim ürəyimdir, Azərbaycan mənim nəfəsimdir, Azərbaycan mənim həyatımdır”. Gənclərimizin milli vətənpərvərlik ruhunda yetişdirilməsində və tərbiyyəsində ulu öndərin ümümxalq birliyi və həmrəyliyinə söykənən Azərbaycancılıq məfkurəsinin böyük əhəmiyyəti olmuşdur. Harda yaşamasından aslı olmayaraq hər bir Azərbaycanlının milli mənsubiyyətiylə fəxr etmək, qürur duymaq bu ideologiyanın ana xəttini təşkil edirdi. Müstəqiyillimizin qorunub saxlanılmasında, möhkəmlənməsində və ən əsası torpaqlarımızın bu gün işğaldan azad olunmasında ulu öndərin əsasını qoyduğu azərbaycançılıq məfkurəsi xüsusilə önəmli rol oynamışdır.
Ulu öndər bütün həyatı boyu Azərbaycan xalqını və doğma vətənini düşünmüş ölkəsinin inkişafı üçün bütün imkanlarını səfərbər etmişdir. Heydər Əliyevin uzaqgörənliyi və xalqının üzləşdiyi ən çətin məqamlarda göstərdiyi fədəkarlıqlar Azərbaycan xalqının daim yaddaşındadır. Heydər Əliyevin mənalı, zəngin və şərəfli ömür yolu hər bir Azərbaycan vətəndaşı üçün nümunə olmalıdır. Müstəqil Azərbaycan var olduqca, Azərbaycan xalqı yaşadıqca ümümbəşər Heydər Əliyev ideyaları da daima bizlərlə yaşayacaq. Çünki bugün Azərbaycanı işıqlı, uğurlu, firavan gələcəyə aparan yol ulu öndər Heydər Əliyevin ideyalarına əsaslanır. Bütün ömrünü Azərbaycan xalqına həsr edən, ölkəsinin inkişafı üçün misilsiz xidmətlər göstərən ulu öndərin 100 illik yubileyi nəinki olkəmizin hər yerində hətta ölkə kənarında belə yüksək təmtəraqla qeyd olunur.
Ulu öndər Heydər Əliyevin oğlu İlham Əliyev haqqında “mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” deməklə nə qədər uzaqgörən, müdrik, dahi siyasətci olduğunu bu gün birdaha görürük. Cənab Prezident İlham Əliyev Ulu öndərin ona olan inamını, etibarını tamamilə doğrultdu. Belə ki, Ulu öndər tərəfindən əsası qoyulan hərtərəfli inkişaf strategiyası ondan sonra ölkə başcısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilərək və hətta daha da dərinləştirilərək ölkənin davamlı inkişafı təmin edilmişdir.
Nə qədər Azərbaycan var, nə qədər bu millət var, ulu öndər Heydər Əliyev də var olacaq və əziz xatirəsi qəlbimizdə hər zaman əbədi yaşayacaq.
Səriyyə Cəfərova
Suraxanı rayonu, 172 nömrəli tam orta məktəbin psixoloqu