Qida Təhlükəsizliyi Agentliyində xarici ölkələrdən qida və yem məhsullarının idxalı ilə məşğul olan sahibkarlıq subyektləri ilə görüş keçirilib.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən "infoteka.az"-a verilən məlumata görə, görüşdə qida təhlükəsizliyi sahəsində həyata keçirilən tədbirlər barədə məlumat verilib. Bildirilib ki, 2023-cü il yanvarın 1-dən qüvvəyə minən “Qida təhlükəsizliyi haqqında” Qanunun 24.5-ci maddəsinə əsasən, müəyyən edilən qida və yem məhsullarının ölkəmizin gömrük ərazisinə idxal olunması üçün həmin məhsulların istehsal və emal edildiyi qida obyektləri həmin obyektlərə cavabdeh qida subyektlərinin müraciəti əsasında agentlik tərəfindən təsdiq edilməlidir. Xarici ölkələrdə fəaliyyət göstərən qida obyektinin təsdiq olunması üçün obyektin Azərbaycan Respublikasında qida təhlükəsizliyi sahəsində mövcud olan tələblərə uyğunluğu agentliyin mütəxəssisləri tərəfindən yerində qiymətləndirilmə aparılmaqla və ya vizualizasiya (videogörüntü) yolu ilə qiymətləndirilir. Qiymətləndirilmə nəticələrinə əsasən, obyektin təsdiq edilməsi, şərti təsdiq edilməsi və ya təsdiqdən imtina edilməsi barədə qərar qəbul edildiyi görüşdə sahibkarların diqqətinə çatdırılıb.
Görüşdə, həmçinin bu ilin əvvəlindən Rusiya Federasiyası, İran İslam Respublikası, Belarus Respublikası və digər dövlətlərdə yerləşən bir sıra qida obyektlərinin agentlik tərəfindən təsdiq və ya şərti təsdiq edildiyi, həmin müəssisələrin məhsullarının ölkəmizə ixrac etmək hüququ qazandığı barədə məlumat verilib.
Tədbirdə “Qida təhlükəsizliyi haqqında” Qanunun tələblərinin icrası ilə bağlı sahibkarlıq subyektləri tərəfindən lazımi tədbirlərin görülməsinin və öz işlərini müasir standartlara və qaydalara uyğunlaşdırılmasının zəruriliyi diqqətə çatdırılıb.
Görüşdə sahibkarların təklifləri dinlənilib və aidiyyəti üzrə müvafiq göstərişlər verilib.
Sosial