Infoteka.az
Sosial

Azərbaycanı əsarətdən müstəqilliyə aparan dahi şəxsiyyət

Xalqların milli inkişaf yolunun banisinə çevrilən fenomen liderlər həm də böyük müdrikliklə irəli sürdükləri mütərəqqi ideyaların davamlılığını təmin etmişlər. Belə siyasi liderlər dövlət hakimiyyətini ölkənin, sadəcə, bugünkü mənafeyi baxımından deyil, həm də gələcək mənafeyi baxımından təşkil etməyə, dövlətçiliyin ideoloji-siyasi və iqtisadi əsaslarını formalaşdıraraq optimal dövlət modeli yaratmağa nail olmuşlar. Müstəqil Azərbaycanın milli inkişaf modelinin banisi, ulu öndər Heydər Əliyev də təkamülə əsaslanan demokratik tərəqqi yolunun alternativsizliyini real əməli nəticələrlə sübuta yetirməklə bərabər, dövlətçiliyin ideoloji, siyasi, hüquqi və iqtisadi əsaslarını fundamental elmi-praktik prinsiplər əsasında müəyyənləşdirmişdir.

Ümummilli liderin Azərbaycan qarşısındakı əvəzsiz tarixi xidmətlərinin ən qabarıq siyasi təzahürü isə onun dayanıqlı milli dövlət qurması, onu möhkəmləndirməsidir. Xalqımız tarixən milli dövlət qurmaq uğrunda davamlı mübarizə aparsa da, yalnız ötən əsrin sonlarında uzunmüddətli istiqlal mübarizəsinin məntiqi yekunu olaraq bu arzusuna qovuşmuşdur. Hələ 1991-ci il 18 oktyabr tarixində ulu öndər Heydər Əliyevin də imza atdığı “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı” dövlətimizi rəsmi olaraq 1918-ci il mayın 28-dən 1920-ci il aprelin 28-dək mövcud olmuş Azərbaycan Demokratik Respublikasının varisi və müstəqil respublika elan etmişdir. Həmin aktda Azərbaycan xalqının eyni zamanda idarəetmə formasını seçmək, başqa xalqlarla münasibətlərini müəyyənləşdirmək, siyasi, iqtisadi və mədəni həyatını öz tarixi və milli ənənələrinə, ümumbəşəri dəyərlərə uyğun inkişaf etdirmək hüququ təsbit olunmuşdur. “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı”nın 12-ci maddəsində Azərbaycan xalqının müstəqil, dünyəvi, demokratik, hüquqi və unitar dövlət yaratma yolunu tutması fikri əksini tapmışdır.

1990-cı illərin əvəllərində Azərbaycanda siyasi vəziyyət gərgin idi. Müstəqillik əldən gedirdi, ölkəmizin müxtəlif yerlərində separatçılıq baş qaldırıb gedirdi, ölkə parçalanma ərəfəsində idi, ölkədə bir çox silahlı birləşmələr müxtəlif istiqamətlərdə hakimiyyəti və ya hakimiyyət orqanlarını zəbt etmişdilər. 1993-cü ilin real mənzərəsi - özbaşınalıq, quldurluq, xaos, anarxiya. . Heydər Əliyev 1993-cü ilin oktyabrında böyük səs çoxluğu ilə Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. Dərhal ciddi islahatlara başlanıldı. Bütün azadlıqlar təmin edildi. AXC-Müsavat cütlüyü tərəfindən tətbiq edilmiş antidemokratik senzura qaydaları ləğv edildi. Azərbaycan dünyaya açıldı, beynəlxalq təcridə son qoyuldu. Böyük diplomatik səylər göstərildi, Qarabağ həqiqətləri dünya ictimaiyyətinə çatdırıldı, beynəlxalq təşkilatlar işğalla bağlı ədalətli və bizim mövqeyimizi gücləndirən qərar və qətnamələr qəbul etmişlər.

1994-cü il sentyabrın 20-də imzalanmış “Əsrin kontraktı” ölkəmizin inkişafında növbəti bir dönüş nöqtəsi idi. İndi Azərbaycan dövlətinin payına düşən mənfəət neftinin 75 faizi bu gün bizim iqtisadiyyatımızı gücləndirir. Azərbaycan dövləti “Əsrin kontraktı”nın icrasına bir manat vəsait qoymayıb. Ancaq mənfəət neftinin 75 faizi Azərbaycana gəlir. Bu gün xarici şirkətlərlə aparılan neft-qaz əməliyyatları çərçivəsində minlərlə milli kadr yetişib. Bu gün “Əsrin kontraktı”nın icrasında işləyən insanların 90 faizi Azərbaycan vətəndaşlarıdır. Elə kadrlar yetişdi ki, bu gün istənilən sahədə işləyə bilərlər. Bu da ölkəmizə böyük əlavə üstünlük verir; “Əsrin kontraktı” imzalanandan iki həftə sonra Azərbaycanda dövlət çevrilişinə cəhd edildi. Ulu Öndər Heydər Əliyev amili, xalqın ona inamı bu cəhdin qarşısını aldı. Yüz mindən çox insan Azadlıq meydanına toplaşaraq öz Liderinə dəstəyini göstərmişdir və hərbi çevrilişdə əli olan ünsürlər pərən-pərən oldular.

Sabitlik inkişaf üçün, təhlükəsizlik üçün əsas şərtdir. Bu gün dünyanın bir çox yerlərində sabitlik pozulub, müharibələr, münaqişələr, toqquşmalar baş verir, o, ölkələri geriyə atır. Azərbaycanın timsalında hər kəs əyani şəkildə gördü ki, sabitlik olan yerdə əmin-amanlıq da var, inkişaf da var. Sabitlik üçün isə güclü lider lazımdır. Azərbaycan xalqı Heydər Əliyevin simasında güclü Lideri seçərək, öz taleyini ona etibar etdi və yanılmadı.

Prezident İlham Əliyev də bu gün Ulu Öndərin yolu ilə gedərək öz dövlət müstəqilliyimizi daha da möhkəmləndirib. Bu gün, sözün əsl mənasında, müstəqil xarici və daxili siyasət apara bilən ölkələrin sayı dünyada çox məhduddur. Azərbaycan o ölkələrdəndir ki, heç bir kənar qüvvə bizim iradəmizə təsir edə bilməz. Maliyyə resurslarımız, maddi vəziyyətimiz imkan verir ki, ancaq öz daxili resurslarımız hesabına yaşayaq və daxili resurslar hesabına Qarabağı, Zəngəzuru yenidən quraq.


Nisə Yusifli

Suraxanı rayonu, 327 nömrəli tam orta məktəbin tarix müəllimi

Infoteka.az