“Dünyadakı ağır siyasi vəziyyət Azərbaycan və Belarus arasındakı münasibətlərə heç bir mənfi təsir göstərməyib və qarşılıqlı faydalı iqtisadi əməkdaşlıq ölkələr arasında əlaqələrin gələcək inkişafının flaqmanıdır”.
BELTA-dan verilən məlumata görə, bunu Belarus Baş nazirinin müavini İqor Petrişenko Bakıda keçirilən ticarət-iqtisadi əməkdaşlıq üzrə Belarus-Azərbaycan hökumətlərarası komissiyasının iclası zamanı ikitərəfli əməkdaşlığın perspektivlərini açıqlayarkən deyib.
Onun sözlərinə görə, Belarus Azərbaycana transformator, kabel və digər elektrotexniki məmulatlar, ağac emalı məhsulları, eləcə də ərzaq məhsulları ixracını xeyli artırıb. “Öz növbəsində, Azərbaycan isə Belarusa meyvə-tərəvəz tədarükü üçün etibarlı kanal yaradıb və bu, dost olmayan ölkələrdən idxalı əvəz edib”, - Baş nazirin müavini qeyd edib.
“İqtisadi sahədə əlaqələrin genişləndirilməsində birbaşa əmtəə ticarəti ilə yanaşı, qarşılıqlı faydalı birgə əməkdaşlıq layihələrinin həyata keçirilməsi də getdikcə mühüm əhəmiyyət kəsb edir. Belarus maşınqayıranları ilə Gəncə Avtomobil Zavodu arasında əməkdaşlıq sənaye kooperasiyası sahəsində səmərəli qarşılıqlı fəaliyyətin gözəl nümunəsi kimi ölkələrimiz üçün əlamətdar layihəyə çevrilib. 17 illik birgə iş dövründə zavod bazasında 12 mindən çox Belarus traktoru, eləcə də 4 minə yaxın digər texnika (MAZ, MZKT, AMKODOR) yığılıb. Belarus tərəfi birgə istehsal olunan texnikanın, o cümlədən yüksək ekoloji standartlara cavab verən kombaynların və müasir minik avtomobillərinin (elektrobuslar) çeşidinin genişləndirilməsi istiqamətində birgə işi davam etdirmək əzmindədir”, - İ.Petrişenko vurğulayıb.
Baş nazirin müavini Belarusun digər texnikalarının - tikinti, kommunal, dəmir yolu, qəza-xilasetmə və müxtəlif növ xüsusi texnikanın Azərbaycana tədarükünün təşkilində perspektiv görür. Belarus tərəfi Azərbaycana lift tədarükünün artırılmasında, eləcə də müvafiq istehlak həcmləri üçün onların yığılması istehsalının yaradılmasında maraqlıdır.
“Bundan başqa, Azərbaycanda aqrar sektorun, o cümlədən heyvandarlığın inkişafı proqramlarının birgə həyata keçirilməsində ciddi potensial görürük. Heyvandarlıq komplekslərinin yaradılması, həmçinin damazlıq tələbatının ödənilməsi sahəsində zəngin qabaqcıl təcrübəmizi tətbiq etməyə hazırıq. Azərbaycan ərazisində baytarlıq preparatlarının birgə istehsalının yaradılması layihəsi yüksək aktuallıq kəsb edir”, - İ.Petrişenko vurğulayıb.