Infoteka.az
Dünya

Zelenski: “Rusiya dinc əhaliyə qarşı terror hücumları ilə danışıqları istəmədiyini göstərir”

“Rusiya hər gün dinc əhaliyə qarşı terror hücumları ilə danışıqları istəmədiyini nümayiş etdirir”.

İnfoteka.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə sülh danışıqları istəyənlərə ənənəvi axşam videomüraciətində cavab verib.

Prezident vurğulayıb ki, təkcə ötən gecə Rusiyanın Zaporojyedə yaşayış binalarına endirdiyi zərbələr nəticəsində azı 14 nəfər həlak olub, 70-dən çox insan yaralanıb. Oktyabrın 3-dən isə Rusiyanın şəhərə endirdiyi zərbələr azı 43 nəfərin həyatına son qoyub.

“Danışıqlar aparmaq istəyən bunu etmir. Əgər kimsə terrorçudursa, məhz bunu edir. Danışıqlar, həqiqətən, terrorun öhdəsindən gəlməyə kömək edirmi? İndi hər kəs bu suala vicdanla cavab verməlidir. Terrorçular zərərsizləşdirilməlidir. Terror cəzalandırılmalı olan cinayətdir”, - V.Zelenski qeyd edib.

Dövlət başçısı həmçinin XX əsrlə paralellər aparıb: “Bütün dünya gücləri terrordan qorxduğu üçün başqa bir terror dövlətinə arzuladığı şeyi etməyə icazə verəndə İkinci Dünya müharibəsi başlamışdı”.

Onun sözlərinə görə, Ukrayna bu müharibədə qalib gəlir: “Biz bütün torpaqlarımızı azad edə və terror dövlətini yerinə oturda bilərik. Rusiya terrora görə cəzalandırılmalıdır. Yalnız bu, qarşıdurmanın daha da genişlənməyəcəyinə və başqa ölkələrə keçməyəcəyinə zəmanət verir”.

Infoteka.az