Almaniyada koalisiya hökumətini quran Sosial Demokrat Partiyası (SPD), Yaşıllar Partiyası (Grüne) və Azad Demokrat Partiyasının (FDP) ikili vətəndaşlığı asanlaşdıran qanun dəyişikliyi ilə bağlı razılığa gəldiyi bildirilib.
“Süddeutsche Zeitung”un xəbərinə görə, Almaniya Daxili İşlər Nazirliyi tərəfindən hazırlanan qanun layihəsi ilə hökumət vətəndaşlığa qəbul prosedurlarını əhəmiyyətli dərəcədə sadələşdirməyi və bununla da mühacirlərin ölkəyə inteqrasiyasını asanlaşdırmağı nəzərdə tutur.
49 səhifəlik qanun layihəsinə görə, uzun illər Almaniyada yaşayan immiqrantlar daha tez vətəndaş ola biləcəklər. Almaniyada vətəndaşlığa qəbul üçün mövcud 8 illik tələb 5 ilə endiriləcək.
67 yaşdan yuxarı olanlar üçün vətəndaşlığa qəbul üçün ilkin şərt olaraq yazılı imtahan əvəzinə müsahibə kifayət olacaq.
Almaniyada yaşayan və 5 il qanuni işləmiş əcnəbinin övladı da daha tez Almaniya vətəndaşı ola biləcək.
Almaniyada yenilənməsi planlaşdırılan vətəndaşlıq qanunu ölkədə ən çox xarici əhalini təşkil edən türklərlə də yaxından əlaqəlidir. Almaniya vətəndaşı olmaq üçün Türkiyə vətəndaşlığından imtina etməli olan türklər yeni qanunla Türkiyə vətəndaşlığından imtina etmədən Almaniya vətəndaşlığını alaraq ikili vətəndaşlıq əldə edə biləcəklər.
Qanun layihəsi Nazirlər Şurası tərəfindən qəbul edildikdən sonra yayda Bundestaqın müzakirəsinə çıxarılacaq və qüvvəyə minəcək.