Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Bakı Ürək Günləri" 8-ci beynəlxalq konqresinin iştirakçılarına müraciət ünvanlayıb.
Müraciəti Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspora, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva səsləndirib.
Müraciətdə bildirilir:
“Hörmətli Konqres iştirakçıları!
Sizi - Azərbaycan kardioloqlarını, kardiocərrahlarını və müxtəlif ölkələrdən paytaxtımız gəlmiş alimləri "Bakı Ürək Günləri" 8-ci beynəlxalq konqresinin öz işinə başlaması münasibəti ilə səmimi qəlbdən salamlayır və gələcək fəaliyyətinizdə hər birinizə müvəffəqiyyətlər arzulayıram.
Bu ilki konqresin xalqımızın Ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunması rəmzi məna daşıyır. Ulu öndər ölkəmizdə səhiyyə sisteminin təkmilləşdirilməsi və dünya standartlarında qurulması işini daim diqqətdə saxlayıb. Azərbaycan səhiyyəsinin ötən dövr ərzində keçdiyi yol təbabətin sürətlə irəliləyən sahələrindən biri kimi kardiologiya elminin mühüm nailiyyətlərinin tədqiqinə, ürək xəstəliklərinin müasir terapevtik və cərrahi üsullarla müalicəsinin təmin olunmasına əlverişli şərait yaradıb. Nüfuzlu kardioloji mərkəzlərdə gerçəkləşdirilən ən çətin əməliyyatların hazırda yeni nəsil həkimlərimizin fəaliyyəti nəticəsində uğurla həyata keçirilməsi qürur hissi doğurur.
Ənənəvi "Bakı Ürək Günləri" konqresinin kardiologiya və ürək-damar cərrahiyyəsinin inkişafında özünəməxsus rolu var. Bu sahə ilə bağlı geniş fikir mübadiləsinin aparılacağı tədbirinizdə dünyanın mötəbər tibb qurumlarını təmsil edən görkəmli kardioloq alim və cərrahların iştirakı konqresinizin qazandığı yüksək etimadın göstəricisidir.
Beynəlxalq təcrübədən qarşılıqlı surətdə lazımınca faydalanmaqla kardiologiyanın aktual məsələlərinin həllinə yönəlmiş birgə səylərinizin səmərəli olacağına inanıram. Ümidvaram ki, böyük elmi və elmi-praktik əhəmiyyətə malik bu konqres azərbaycanlı mütəxəssislərin öz xarici həmkarları ilə əlaqələrini daha da möhkəmləndirəcək, yüksək ixtisaslı kadr hazırlığına, kardiologiyanın, ürək-damar cərrahiyəsinin və ümumilikdə tibb elminin inkişafına töhfələrini verəcək”.