Infoteka.az
Sosial

Gələcəyin ixtisasları

Dövrün tələblərinə uyğun ixtisaslar seçilməsi, mütəxəssislər hazırlanması olduqca vacibdir. İnformasiya texnologiyaları, kibertexnika, kibertəhlükəsizlik, alternativ enerji mütəxəssisi, virtual reallıq dizayneri və s. kimi ixtisaslar gələcəyin ixtisasları sayılır. Bu sahələr üzrə mütəxəssislərə bu gün də tələbat çoxdur. Gələcəkdə bu tələbat daha da artacaq. Bunu nəzərə alıb ölkə universitetlərində dövrün tələblərinə uyğun ixtisasların yaradılmasına və bu sahələr üzrə sözün əsl mənasında mütəxəssislərin yetişdirilməsinə üstünlük verilməlidir. Dünyanın aparıcı universitetlərində artıq neçə illərdir ki, sözügedən ixtisaslar üzrə mütəxəssislər hazırlanır. Azərbaycanın ali təhsil müəsisələrinin isə bəzilərində bir neçə ildir ki, gələcəyin ixtisasları tədris edilməyə başlayıb. Ancaq bütün ixtisaslar deyil, yalnız bir neçəsi.

"Yaxın gələcəyin ixtisaslarına yiyələnmək gərək"

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradovun dediyinə görə, gənclər dövrün tələblərinə uyğun ixtisasa yiyələnməlidir. Diplom dalınca qaçmaq yox, sənət, yaxın gələcəyin ixtisaslarına yiyələnmək gərəkdir. Günün tələbi budur: "Çünki bugünün tələbi artıq diplomlu, ali savadlı olmaq yox, dövrün tələblərinə uyğun ixtisasa sahib olmaqdır. Müasirləşən dünya məzunlardan yeni ixtisaslara sahib olmaq, sovet dövründəki ənənəvi ixtisaslardan mümkün qədər uzaq durmağı tələb edir. Bu ixtisaslar artıq dördüncü sənaye inqilabının proqramlarında da əsas xətt kimi keçir. Bu gün artıq hər bir məzun bilir ki, ixtisas seçiminin düzgün aparılması gələcəyin təminatıdır. Diplom xatirinə oxuyub ali məktəbi bitirmək stereotipindən uzaqlaşmaq gərəkdir. Qərbin aparıcı analitik mərkəzlərinin bəzi hesabatlarına nəzər saldıqda maraqlı ixtisaslara rast gəlmək mümkündür. Təəssüf ki, ölkəmizdə bu ixtisaslara maraq kifayət qədər deyil. Türkiyə və Qərbin ali məktəblərini seçən məzunlar yenə də ənənəvi ixtisaslara üz tutur. Şəxsən mənim qənaətimcə, ixtisas seçimində də bir planlama olmalıdır. Sirr deyil ki, bu gün Türkiyənin ali məktəblərində minlərlə tələbəmiz ən müxtəlif ixtisaslar üzrə təhsil alır. İxtisas seçərkən böyük əksəriyyət tibbi seçir. Belə baxanda burada qeyri-adi nəsə yoxdur. Ancaq məsələ ondadır ki, tibbə yaxın xeyli sayda yeni, gələcəyin ixtisasları var. Onlara da üstünlük verilməlidir. Məsələn, götürək dünyada geniş vüsət alan biomedikal mühəndisliyi. İnsan bədənindəki orqanizmlər qocalır, pozulur və biomedikal mühəndislər bunları bərpa etmək üçün elm və texnologiyanın yeniliklərindən istifadə edir. Eləcə də biomedikal mühəndislər bədəndə xərçəng xəbərdarlığı verən kimyəvi siqnalları axtarır, tibbi cihazlar, protezler icad edir, inkişaf etdirir, yeni dərmanlar, peyvəndlər edir və əməliyyatlarda köməkçi olacaq robotlar icad edirlər".

Rektor bildirib ki, kompüter oyunu dizaynı da əhəmiyyətli məsələlər sırasındadır. Bu sektor artıq 100 milyard dolları əhatə edir. Məzunlar oyun istehsalı, inkişaf etdirilməsi, dizaynı, proqramlaşdırması, kompüter qrafikləri və insan-kompüter qarşılıqlı əlaqəsi sahələrində çalışır. Eyni zamanda oyun studiyalarında və memarlıqda, tibdə, hüquqda və interaktiv simulyasiyanın istifadə edildiyi digər sektorlarda da işləyə bilirlər. Eləcə də bura ekoloji işlər davamlılıq ixtisasını da daxil etmək olar. Perspektivdə informasiya və virtual təhlükəsizlik də önə çıxır. İnformasiya təhlükəsizliyi tələbələri kompüter sistemlərini, şəbəkələri və fərdi kompüterləri viruslardan, kompüter piratlarından, terror hədələrindən, təşkilati casusluqlardan qorumaq üçün lazımlı texniki mövzuları öyrənir: "Dövrün ən dəbdə olan sahələrindən biri də nanatexnologiyadır. Bu yeni elm sahəsi maddələrdə ortaya çıxan fiziki, kimyəvi və bioloji xüsusiyyətlərdən bəhs edir. Dünyada nanotexnoloji layihələrə ildə 9 milyard dollardan artıq sərmayə qoyulur. Bu sektorun 2 milyon insanı məşğulluqla təmin etməsi gözlənilir. Beləliklə, günün və gələcəyin tələbi bizlərdən daha çevik olmağı, dünyaya inteqrasiyanı tələb edir".

"Bu gün ehtiyac olmayan bir ixtisas bir zamanlar çox aktual idi"

Əməkdar elm xadimi, professor Şahlar Əsgərov deyir ki, bu gün ehtiyac olmayan ixtisaslar var ki,  bir zamanlar onlar çox aktual idi. Bu ixtisası seçənlərin sayı da kifayət qədər idi. Ancaq bu gün o ixtisaslara tələbat yoxdur. Çünki bu gün o ixtisaslar aktual deyil: "Hesab edirəm ki, bir insan ömründə 5 dəfə ixtisas dəyişməlidir. Çünki zaman özü yeni ixtisasları diktə edir. Zamana uyğun ixtisasa yiyələnmək lazımdır.  Deyirlər yeni ixtisaslar yarandıqca köhnə ixtisaslar sıradan çıxır. Əslində ixtisaslar sıradan çıxmır, biri digərinin içində əriyir. Bu gün fizika və kimya fakültəsi var. Gələcəkdə fizkimya, biofizika fakültəsi ola bilər. Fənlərarası, sahələrarası əlaqə dirənmir, inkişaf edir. Fizika dirənə bilər, amma fiziki kimya, fiziki biologiya dirənə bilməz. Hətta ekonom-fizika adlı yeni sahə yaranıb. Gələcəkdə kənd təsərrüfatında mütərəqqi texnologiyalar olacaq".  Professorun sözlərinə görə, gələcəyi görmək çox çətindir. İndiki dövrdə isə ümumiyyətlə, mümkün deyil. İnkişaf gözlə qaş arasındadır. Dövrümüz çox sürətlə dəyişir. 50 il bundan qabaq ali təhsil almaq, yəni 5 il oxumaq 25-35 il ondan istifadə etməyə bəs edirdi. İndi isə öz ixtisasımızı ən azı 4-5 dəfə dəyişməliyik. Bir ali təhsil kifayət etmir. Dövrə, zamana uyğun ixtisasa, peşəyə yiyələnmək lazımdır. Fikrimcə, gələcəyin ehtiyac duyulan ixtisaslarından biri də nanotexnologiyadır.  Bu yeni elm budağı bir metrin milyardda birindən başlayan mikroskopik dünyada maddələrdə ortaya çıxan fiziki, kimyəvi və bioloji xüsusiyyətlərdən bəhs edir. Nano vəsaitlər hazırda qolf dəyənəklərinin, xizək vasitələrinin, avtomobil detallarının, dental implantların gücləndirilməsində və digər sahələrdə istifadə edilir. Gələcəyin bina və körpülərinin daha yüngül və möhkəm olmasında bu texnologiyadan istifadə olunması gözlənilir. Bəşəriyyət hər ötən gün inkişaf edir. Tərəqqi özü ilə birlikdə yeni problemlər gətirir. Həmin məsələləri həll etməkdən ötrü isə yeni ixtisaslar yaranır".

"Bu ixtisaslar gələcəyin ixtisaslarıdır"

Təhsil eksperti Elçin Əfəndinin sözlərinə görə, bu gün bütün dünyada gələcəyin ixtisaslarına maraq artmaqdadır. Kosmik texnologiyalar, kompüter elmləri, informasiya texnologiyaları, informasiya təhlükəsizliyi, yaşıl enerji, alternativ enerji mənbələri, ekologiya ilə bağlı olan ixtisaslar nəinki bu günün, gələcəyin ixtisaslarıdır. Sözügedən ixtisaslar üzrə mütəxəssislərə bu gün çox ehtiyac var. Gələcəkdə isə daha çox ehtiyac duyulacaq. Hazırda dünya ölkələrinin bütün universitetlərində sözügedən ixtisaslar üzrə mütəxəssislər hazırlanır. Azərbaycan universitetlərinin bəzilərində də bu ixtisaslar üzrə mütəxəssislər yetişdirilir. Ancaq bütün ixtisaslar üzrə yox: "Kosmik texnologiyalar ixtisası yalnız Milli Aviasiya Akademiyasında var. Yaşıl enerji və alternativ enerji mənbələri, ekologiya ilə bağlı ixtisaslar ölkə universitetlərinin heç birində yoxdur. Ekologiya adlı ixtisas var, ancaq tədris başqa istiqamət üzrə aparılır. Ali təhsil müəssisələrində gələcəyin ixtisaslarının olması ixtisaslı kadrların hazırlanmasına, formalaşmasına, bu sahədə mütəxəssis ehtiyatının mövcud olmasına gətirib çıxaracaq. Eyni zamanda, yeni texnoloji nailiyyətlər sahəsində ölkəmizin də uğur qazanmasına zəmin yaradacaq. Zaman dəyişir, yeni ixtisaslar meydana çıxır. Hesab edirəm ki, bir neçə il sonra aktual olacaq ixtisaslar üzrə kadrların yetişdirilməsinə xüsusi diqqət ayrılmalıdır. Bu, gələcəyin kadr bankının formalaşmasına əhəmiyyətli töhfə olacaq".

"Tibb ixtisaslarına ehtiyac daima aktual olacaq"

Təhsil eksperti Kamran Əsədov bildirib ki, bir neçə ixtisas var ki, onun gələcəkdə daha populyar olmaq ehtimalı yüksəkdir. Hər gün yeni və daha təkmilləşmiş texnologiyalar yaradılır. Bu sahədə işləmək üçün mütəxəssislərə ehtiyac var. Məsələn, sibernetika, süni intellekt, maşın mühəndisliyi, blokçeyn, İoT (İnternetə bağlı əşyalar) və kiber təhlükəsizlik xüsusi maraq görür. İkinci yerdə tətbiqi tədqiqat və inkişaf gəlir. Tədqiqat və inkişaf sahəsi, müxtəlif sektorlarda yeniliklərə imza atmaq üçün daimi tələb görür. Bu sahəyə misal olaraq, biotexnologiya, nanotexnologiya, materiallar üzrə tədqiqat, enerji, hərbi texnologiyalar, mühəndislik kimi ixtisasları göstərmək olur. Gələcəkdə qeyd olunan sahələrə daha çox ehtiyac duyulacaq. Üçüncü perspektivli ixtisas sahəsi isə məhz mühəndislikdir. Mühəndislik, inkişaf edən dünyada daim əhəmiyyətli bir ixtisas olacaq. Mühəndislik sahəsindəki yenilikçi ideyalar, yeni layihələr, inkişaf etmiş texnologiyalar, enerji sahəsinin inkişafı kimi müxtəlif səbəblər, bu ixtisasa olan tələbi artıracaq. Nə qədər texnologiyalar inkişaf etsə də, tibb ixtisaslarına ehtiyac daima aktual olacaq.

"İnsanlar ən azı beş ildən bir öz ixtisaslarını yeniləməlidirlər"

Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov hesab edir ki, gələcəyin prioritet ixtisasları rəqəmsallaşma ilə bağlı olacaq. Süni intellekt mühəndisləri, ekologiya ilə bağlı olan ixtisaslar gələcəkdə mühüm əhəmiyyət kəsb edəcək. Gələcəkdə proqram mühəndislərinə ciddi ehtiyac olacaq. Bir çox ixtisaslar ümumiyyətlə, sıradan çıxacaq: "Müasir dövrün tələbi odur ki, bu gün insanlar ən azı beş ildən bir öz ixtisaslarını yeniləməlidirlər, buna məcburdurlar. Universitetlər bu istiqamətdə müvafiq addımlar atmalı, gələcəklə bağlı çağırışlara meyilli olub bu istiqamət üzrə strategiyalarını  müəyyənləşdirməlidirlər".

"Gənclərin İT üzrə təhsil imkanları qənaətbəxş səviyyədə deyil"

Azərbaycanın bir çox universitetlərdə gələcəyin əsas ixtisası sayılan informasiya texnologiyaları (İT) ixtisası tədris edilir. Amma həmin fakültələrdən məzun olan gənclərin İT sahəsində peşəkar mütəxəssis olmaları üçün uzun müddət və geniş təcrübə lazımdır.

"Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyir ki, gələcəyin prioritet ixtisaslarından ən birincisi informasiya texnologiyaları  ixtisasıdır. Bu sahə üzrə ixtisaslı kadrlara hazırda çox ciddi ehtiyac var. 5, 10, 15 il sonra da olacaq. Təəssüf ki, ölkə universitetlərində gənclərin İT üzrə təhsil imkanları qənaətbəxş səviyyədə deyil. Çünki universitetlərin informasiya texnologiyalarını tədris edən fakültələrində tədrisin səviyyəsi aşağıdır. 6-7 il öncənin proqramı tədris olunur. Bu səbəbdən də xarici universitetlərdə təhsil almaq istəyənlərin sayı durmadan artır. Gənclər yüksək ixtisaslı mütəxəssis kimi yetişmək üçün xaricə üz tuturlar: "Universitetlərin maddi-texniki bazası standartlara uyğunlaşdırılmalı, həm də sözügedən sahə üzrə xaricdə təhsil almış müəllimlər universitetlərə cəlb olunmalıdır. Əks təqdirdə gənclər bu sahə üzrə təhsil almaq, mütəxəssis kimi yetişmək üçün xarici ölkə universitetlərinə üz tutacaq. Təhsil aldıqdan sonra isə getdiyi ölkədə qalıb çalışacaq".

 

Sevinc Qarayeva

Infoteka.az