Infoteka.az
Sağlamlıq

Mavi işıq nədir və ondan necə qorunmalıyıq?

Texnologiyanın inkişafı ilə insan sağlamlığı da ciddi təhlükə altındadır. İstifadə etdiyimiz smartfonlar, noutbuklar və televizorlar kimi, elektron cihazlar da yaydıqları müxtəlif  enerjilər, xüsusilə radiasiya ilə ciddi təhlükə yaradır. Xüsusən də rəqəmsal ekranlı cihazlar insan sağlamlığı üçün son dərəcə zərərli olan “mavi işıq” adlanan işıq növü yayırlar. Bəs mavi işıq nədir və ondan necə qoruna bilərik? 

Mavi işığın dalğa uzunluqları hər yerdə mövcuddur və bizi əhatə edir. O, görünən işıq spektrinin bir hissəsidir. Ən qısa dalğa uzunluğuna və ən yüksək enerjiyə malik olan bu işıq digər görünən işıqlardan daha çox zərər vurma potensialına malikdir.  

Mavi işığın iki fərqli növü var. Bunlardan birincisi, Günəşdən gəlir ki, bu əslində olduqca faydalıdır. Bu növ mavi işıq bədəndə hormonları tarazlaşdırır və gün ərzində diqqətin səviyyəsini artırır. Digər tərəfdən, səmanın mavi görünməsinin səbəbi Günəşdən gələn mavi işıqdır. Bu halda dalğa uzunluqları hava molekulları ilə toqquşur ki, bu da mavi işığın səpilməsinə və səmanı mavi göstərməsinə səbəb olur.

İkincisi, zərərli mavi işıqdır. Adətən televizor, smartfon, kompüter, noutbuk, planşet, LED və flüoresan kimi cihazlarda olur. 

Bəs, elektron cihazlardan gələn süni mavi işığın zərərləri nələrdir?

Xüsusilə pandemiya dövründə elektron cihazlara maraq daha da artdı. Bu səbəbdən süni mavi işığın xüsusilə gözə ciddi mənfi təsir göstərdiyi bildirilir. İnsan gözü mavi işığın qarşısını ala bilmədiyi üçün görünən mavi işığın, demək olar ki, hamısı buynuz qişadan keçərək retinaya çatır. Mavi işığa davamlı məruz qalma retina hüceyrələrinə zərər verə bilər və görmə problemlərinə səbəb ola bilər. Katarakt və göz xərçəngi kimi ciddi göz xəstəlikləri ilə yanaşı, baş ağrısı, boyun və çiyin ağrıları kimi fiziki problemlər də meydana gəlir.

Bəs biz özümüzü mavi işıqdan necə qoruyaq?

Alınacaq müxtəlif tədbirlərlə zərərli mavi işığı minimuma endirmək olar. Bundan əlavə, texnologiya şirkətləri tərəfindən həyata keçirilən bəzi tədbirlər də var. 

–      Smartfon, planşet və kompüter ekranları üçün mavi işıq filtrlərini əldə etmək; 

–      Mavi işıqdan qoruyan eynək və linzalar almaq. Bunlar gözləri qorumağa kömək edəcək və retinaya çatan zərərli mavi işıq şüalarının miqdarını kəskin şəkildə azaldacaq;

–      Rəqəmsal göz yorğunluğunu azaltmaq üçün “20-20-20” qaydasına əməl etmək. Hər 20 dəqiqədən bir 20 saniyə 20 metr uzaqlıqdakı bir obyektə baxaraq gözləri dincəltmək;

–      Göz yorğunluğunu azaltmaq üçün cihazın fon rənglərini daha isti rənglərlə əvəz etmək.

 

Əfsanə Əhədli

Infoteka.az