Infoteka.az
Sosial

Naxçıvan “ASAN xidmət” mərkəzi fəaliyyətə başlayıb 

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Naxçıvan regional “ASAN xidmət” mərkəzi bu gündən etibarən fəaliyyətə başlayıb.
Dövlət Agentliyindən bununla bağlı məlumat verilib.

 Dövlət Agentliyindən bildirilib ki, Naxçıvan “ASAN xidmət” mərkəzi ümumilikdə, respublika üzrə 26-cı mərkəzdir.  Mərkəzin tikintisinə 2020-ci ildə başlanılıb. 2023-cü ilin may ayında inşası yekunlaşıb.

Naxçıvan şəhəri, Seyid Cəfər Pişəvəri, 7 ünvanında “ASAN xidmət” mərkəzi yerləşir. Naxçıvan Muxtar Respublikasında qeydiyyatda olan 465 min vətəndaşın əhatəsində olan mərkəz ərazi məhdudiyyəti olmadan fəaliyyət göstərəcək.

Mərkəzdə müxtəlif dövlət orqanları, o cümlədən özəl şirkət və müəssisələr tərəfindən ümumilikdə 360-dan çox xidmət həyata keçiriləcək. Əməkdaşların ümumi sayı 228 , könüllülərin sayı 45 nəfər nəzərdə tutulub. Vətəndaşların dincəlməsi üçün mərkəzin içində “ASAN kafe” fəaliyyət göstərəcək.

“ASAN xidmət” mərkəzinin ərazisində, həmçinin 50 avtomobil üçün parklama yeri yaradılıb.

Qeyd edek ki,may ayının18-də Naxçıvan regional “ASAN xidmət” mərkəzinin açılış mərasimi keçirilib. Açılışda Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev iştirak ediblər.

Infoteka.az