Havaların isti keçməsinə baxmayaraq avtobusların əksəriyyətində sərinləndirmə sistemləri işlək vəziyyətə gətirilmir. İsti və nəfəssiz salonda, sərnişinlər tər tökə-tökə getsələr də, sürücülərin kondisioneri yandırmaq yadına düşmür.
Üstəlik sərnişinlərin narazılığına belə məhəl qoymurlar. Ya “kondisioner işləmir” bəhanəsini dilə gətirirlər, ya da özlərini sadəcə eşitməzliyə vururlar.
Tıxaclı yolda, aram-aram hərəkət etdiyi üçün şüşələrindən belə salona hava daxil olmayan avtobusda oturmaq sadəcə işgəncədir.
Bu gün növbəti dəfə “BakuBus” MMC-nin 2 və 14 nömrəli marşrutlarda kondisioner sisteminin işləməməsi sərnişinlərin haqlı narazılıqlarına səbəb olub.
Bizim.media-ya müraciət edən bir neçə sərnişin deyib ki, sürücülər nə kondisioneri, nə də ventilyasiya sistemini işə salır:
“Hər il eyni problemlə qarşılaşırıq. Nə qədər əziyyət çəkmək olar? Sanki öz ciblərindən ödəyirlər. İnsanlara zülm etmək xoşlarına gəlir, anlamıram. Pik saatlarda sərnişin sıxlığı olduğundan mənzilbaşına çatmaq olmur. Aidiyyəti qurumun qaynar xəttinə də şikayət etmişik. Amma baxan yoxdur”.
Məsələ ilə bağlı açıqlama verən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucovun sözlərinə görə hər bir daşıyıcı şirkət istismarında olan avtobuslarda bu sistemlərinin olması və işlək vəziyyətdə saxlanılması üçün məsuliyyət daşıyır:
“Müntəzəm marşrut xətt avtobuslarında havalandırma, isitmə və sərinləndirmə sistemlərinin olması sərnişinlərin rahatlığı üçündür. Nazirlər Kabinetinin 73 saylı qərarı ilə təsdiq olunan tələblərdə də bu məsələ xüsusilə qeyd edilib.
Prosedura uyğun olaraq hər il yay mövsümü başlamazdan əvvəl müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən daşıyıcılara rəsmi qaydada xəbərdarlıq məktubu göndərilir. Onlara avtobuslarda sərinləndirmə sistemlərinin işlək vəziyyətə gətirilməsinə dair göstərişlər verilir.
Həmçinin onlara yay mövsümünün iyunun 15-də başlamasına baxmayaraq sərnişinlərin rahatlığı üçün avtobuslarda temperatur göstəricilərinin tənzimlənməsi barədə də tapşırıqlar verilib”.